Əczaçılıq kimyası üzrə yeni dərslik çap olunub

Azərbaycan Tibb Universitetinin (ATU) “Əczaçılıq kimyası” kafedrası tərəfindən Azərbaycan dilində yeni dərslik çap olunub. ATU-nun “Əczaçılıq kimyası” kafedrasının müdiri, professor Tahir Süleymanovun sözlərinə görə, əczaçılıq kimyası üzrə əsas dərs vəsaiti son dəfə 1979-cu ildə hazırlanıb. Hafiz Əliyevin müəllifi olduğu bu dərslik, təxminən, 40 il ərzində istifadədə olub: “Lakin bu kitab kiril əlifbası ilə çap olunmuşdu. Yeni nəsil tələbələr və əcnəbi tələbələrimiz kiril əlifbasını bilmədiyi üçün bu dərslikdən istifadədə əziyyət çəkirdilər”.

  

Kafedra müdiri bildirib ki, dərsliyin nəşrindən 40 il keçdiyinə görə, yeni vəsaitin hazırlanması zamanı bir çox nüanslara diqqət verilib: “Bu illər ərzində bir çox dərman preparatları dəyişdirilib, mütəmadi olaraq yeni dərman vəsaitləri istifadəyə verilib, avadanlıqlar müasirləşib və s. Buna görə də son 4 ildir biz bu kitab üzərində çalışırıq”.

   

Dərsliyin çapdan çıxmış I hissəsində əczaçılıq kimyasının ümumi problemlərinə daha çox üstünlük verilib. Dərman vasitələrinin təsnifatı, alınması qaydaları, yeni dərman maddələrinin yaradılma yolları,  istiqamətləri, həmçinin müasir analiz üsulları, dərman maddələrinin metobolizmi kimi müasir mövzular əks olunub. Kitabda hər bir dərman maddəsinin ümumi xüsusiyyətləri, alınma, keyfiyyətinə nəzarət üsulları, tibb təcrübəsində istifadə qaydaları haqqında ətraflı məlumatlar verilib. Dərslik Azərbaycan dilindədir.

  

Qeyd edək ki, əczaçılıq kimyası üzrə rus dilində də dərsliklər mövcuddur. İngilisdilli tələbələr üçünsə Azərbaycan dilində olan mühazirə materialları tərcümə edilərək elektron formada sayta yerləşdirilib.

 



16.10.2018 | 17:46