Nailiyyətlərin, problemlərin müzakirəsi təhsilimizə töhfə verəcək

Azərbaycan təhsil tarixində əhəmiyyətli və mühüm hadisələrdən biri də Azərbaycan müəllimlərinin qurultaylarıdır. Ötən əsrin əvvəllərindən başlayaraq sürətli inkişaf yolu keçən təhsilimizdə hər qurultay öz tarixi əhəmiyyəti ilə səciyyələnir.  Azərbaycan müəllimlərinin qurultaylarının tarixi xronologiyasına nəzər saldıqda görərik ki, bir əsrdən çox tarixi olan və artıq bir ənənəyə çevrilən qurultayların sayı 15-dir. Bəs, bu ənənə necə yarandı? Hansı zərurət Azərbaycan müəllimlərinin qurultaylarının keçirilməsinə səbəb oldu? Çar Rusiyasının tərkibində olan Azərbaycanda ötən əsrin əvvəllərində təhsil demək olar ki, acınacaqlı durumda idi. Təhsil mühitinin olmaması, kadr çatışmazlığı, milli məktəblərin sayının çox az olması və bir çox ciddi məsələlər dövrün milli-vətənpərvər ziyalılarını, maarifçilərini narahat edirdi.  Elə bu məqsədlə də 1906-cı il avqustun 15-də Azərbaycan müəllimlərinin I qurultayı keçirildi.  Azərbaycan müəllimlərinin qurultayı təhsilimizə hansı töhfələri verib? Növbəti qurultaydan gözləntilər nədən ibarətdir?  Suallarımıza cavab tapmaq üçün İctimai Şura üzvü və təhsil ekspertlərinin rəylərini öyrəndik.

 

“Azərbaycan müəllimlərinin qurultayı bir ənənəyə çevrilib”

 

Əməkdar elm xadimi, professor Şahlar Əsgərov bir əsrdən çox tarixi olan qurultayların hər birinin ayrı-ayrılıqda xüsusi önəm daşıdığını deyib: “Sevindirici haldır ki, Azərbaycan müəllimlərinin qurultayı artıq bir ənənəyə çevrilib. Bir neçə qurultayın iştirakçısı kimi onu deyə bilərəm ki, bu qurultayların hər biri dövrünün müasir tələblərinə uyğun şəkildə yüksək səviyyədə keçirilib. Ümummilli Liderimiz Heydər Əliyevin qurultaylarda iştirakı bu platformanın nə qədər böyük əhəmiyyətə malik olduğunu, tarixi əhəmiyyət kəsb etdiyini bir daha göstərir.

 

Ümid edirəm ki, növbəti qurultay da tarixin yaddaşına səmərəli bir qurultay kimi düşəcək. Təhsil işçilərinin geniş tərkibdə yığışması, həm nailiyyətlərin, həm də problemlərin müzakirəsi təhsilimizə töhfə verəcək. Yaxşı olardı ki, qurultayda təhsilin məzmunu və məqsədi,  fəlsəfəsi, obyekt və subyektləri, qiymətləndirmə məsələsi, eyni zamanda ali təhsil müəssisələrində həlli vacib olan məsələlər bir daha müzakirə olunsun”.

 

“Hər bir qurultay təhsil salnaməmizin şərəfli səhifələrindən biri olub”

 

Təhsil eksperti Nadir İsrafilov: “Danılmaz faktdır ki, son XV qurultaydan keçən müddət ərzində nəzərdə tutulan hədəflərə çatmaq istiqamətində mühüm işlər görülüb, bir sıra ilklərə imza atılıb. Hər şeydən əvvəl əsaslı tikinti, təmir, təchizat, bununla bağlı digər infrastrukturlar yaradılıb və daha da təkmilləşdirilib. Təhsil məzmun və formaca yenilənib, təhsildə mütərəqqi metod və müasir texnologiyaların tətbiqi sahəsində xeyli nəzərəçarpacaq işlər görülüb, təhsil sahəsində  beynəlxalq proqram və layihələrin reallaşdırılması prosesində beynəlxalq təşkilatlarla əməkdaşlıq qurulub. Təhsil müəssisələrinin rasionallaşdırılması və optimallaşma istiqamətində davamlı işlər gedir.

 

Bir neçə qurultayın iştirakçısı kimi tam əminliklə deyə bilərəm ki, hər bir qurultay təhsil salnaməmizin şərəfli səhifələrindən biri olub, müəyyənləşdirilmiş hədəflərə nail olmaq istiqamətində növbəti addımdır. Qurultay nümayəndəsi olmaq isə hər bir müəllim, təhsil işçisi üçün qürur mənbəyi, təhsil tariximizin yaddaş məktəbi olmaqla yanaşı, həm də şərəfli missiya və məsuliyyətdir. Ümid edək ki, dekabr ayının 15-nə planlaşdırılan Azərbaycan müəllimlərinin növbəti XVI qurultayı təhsilimizin daha da inkişafı və tərəqqisi yolunda yeni mərhələ olub, təhsil sistemində həllini gözləyən məsələlərə aydınlıq gətirəcək, dövlətin həyata keçirdiyi təhsil siyasətinin dayanıqlılığı və davamlılığını bir daha təsdiq edəcək. Azərbaycan müəllimlərinin sayca 16-cı, müstəqillik dövrünün 6-cı qurultayının işinə uğurlar, qurultay iştirakçılarına isə panel müzakirələrində yüksək fəallıq və təşəbbüskarlıq arzulayıram”.

 

“Düşünürəm ki, qurultay yaxşı bir platforma olacaq”

 

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü İlqar Orucov da öz fikirlərini bizimlə bölüşüb: “Qurultayda təhsildə nailiyyətlər, eyni zamanda gələcəyə baxışlarla bağlı müzakirələr keçiriləcək. Düşünürəm ki, qurultay yaxşı bir platforma olacaq. Burada qeyd etdiyim kimi, təkcə nailiyyətlər deyil, mövcud çətinliklər, problemlər və qarşıda duran məsələlər barədə də geniş fikir mübadiləsi aparılacaq. Qeyd etmək istəyirəm ki, müəllimlərin növbəti qurultayı təhsil sisteminə mühüm töhfə verəcək. Çünki, qeyd etdiyimiz və müzakirəyə təqdim olunacaq mövzular, kifayət qədər təhsil üçün mühüm mövzulardır. Qurultayda fərqli məktəblərdən, regionlardan təhsil işçiləri iştirak edəcək. Bu platformanı müəllimlərin görüşməsi, fikir mübadiləsi aparması düşüncələrini bir araya gətirmək üçün çox böyük bir fürsət kimi dəyərləndirirəm. Qurultay fərqli regionlardan və məktəblərdən nümayəndə seçilmiş müəllimlərin diskussiyasına çevriləcək”.

 

Niyazi RƏHİMOV

 



06.10.2023 | 15:05