5 yaşlılar məktəbdə

Oktyabrın 2-də ümumtəhsil müəssisələrində fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında ilk dərs günü başladı. Məktəblər qapılarını təhsil üçün ilk addım kimi xüsusi yükü özündə daşıyan məktəbəhazırlıq qruplarına - 5 yaşlıların üzünə açdı. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi ilk tədris günündə 257 nömrəli tam orta məktəbdə məktəbəhazırlıq qruplarının ilk məşğələ prosesini izlədi, oradakı mühiti daha yaxından müşahidə etdi.

 

Bakı Şəhər üzrə Təhsil İdarəsinin müdir müavini Xəyalə Əhmədzadə bildirib ki, məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd uşaqların psixoloji dayanıqlığını yaratmaq, onların ətraf aləmə, təhsil mühitinə uyğunlaşmasına dəstək olmaqdır. Onlarda həmçinin ünsiyyət, birgə fəaliyyət bacarıqlarını inkişaf etdirməkdir. Xəyalə Əhmədzadənin sözlərinə görə, məktəbəhazırlıq qruplarında dərs keçən müəllimlər adətən diaqnostik qiymətləndirmədən yüksək bal toplamış müəllimlər olur: “Bu qruplarda dərslər həftədə 4 dəfə təşkil olunur. Gündə 3 məşğələ saatı olmaqla ümumilikdə həftə ərzində 12 saat məşğələ olur. Hər məşğələ 30 dəqiqə, məşğələlər arası 10 dəqiqə fasilə olmaqla keçirilir. Bu qruplarda uşaqlara qiymətləndirmə olmur, bu proses həvəslədirici, şifahi xarakter daşıyır və  bu barədə valideynlərə məlumat verilir. Qəbul forması onlayn qeydiyyat vasitəsilə aparılır, təbii ki, bu da vətəndaşların rahatlığına xidmət göstərir. Bu il paytaxt üzrə 279 ümumi təhsil  məktəbində  21639 uşaq məktəbəhazırlıq qruplarına cəlb olunub”. O, eyni zamanda məktəbəqədər təhsil müəssisələrinin icma əsaslı təhsil layihəsinin nəzdində fəaliyyət göstərəcək qruplara da təxminən 35 mindən artıq uşağın cəlb olunacağını qeyd edib.

 

“Biz valideynlər müəllimlərlə sıx təmasda, əməkdaşlıqda olmalıyıq”

 

Tədrisin ilk günü... 5 yaşlıların, eləcə də valideynlərin gözlərində fərəh, qürur hissini görməmək mümkün deyil. Onlar bərabər sevinir, öz duyğularını bir-biri ilə bölüşürlər. Valideynlər övladlarını sinif otaqlarına göndərir, onları parta arxasında görmək üçün səbirsizlənirlər. Elə o valideynlərdən biri də Zümrüd Piriyevadır ki, oğlunu 257 nömrəli tam orta məktəbin məktəbəhazırlıq qrupuna gətirib. O, bu hissi 2 il öncə də yaşadığını deyir: “Qızım artıq 2-ci sinifdə oxuyur. İndi isə oğlum məktəbəhazırlıq qruplarına gəlir, çox həyəcanlıyıq. Demək olar ki, oğlum hər gün dəfələrlə məndən məktəbə getməyə neçə günün  qaldığını soruşurdu. Təbii ki, bütün valideynlər kimi mən də qürurluyam, sevincliyəm, övladımın həvəsini gördükcə gələcək təhsilinə dair ümidlərim artır. Bir valideyn olaraq mən də dərk edirəm ki, hər şeyin təməli məktəbdən, xüsusilə ibtidai təhsildən, tərbiyədən başlayır. Gözləntilərim böyükdür. Təbii ki, hər şeyi də məktəbdən gözləmək doğru yanaşma deyil. Biz valideynlər də övladlarımızın məktəb mühitinə öyrəşməsi, yeni biliklər əldə etmələri üçün müəllimlərlə sıx təmasda, əməkdaşlıqda olmalıyıq. Qarşılıqlı anlaşma, fikir mübadiləsi şəraitində uşaqların parlaq gələcəyinə çalışmalıyıq”.

 

“Şagirdlərə müstəqil Azərbaycanın layiqli vətəndaşları olmağı arzulayıram”

 

Qızını məktəbəhazırlıq qruplarına gətirən digər valideynlərdən biri də Ləman Məmmədovadır. O, sevinc və həyəcan içində olan beşyaşlı uşaqlara gələcək həyatlarında uğurlar arzulayır: “Məktəbi əla qiymətlərlə bitirən məzunlardan olacaqlarına ümid edirəm və buna inanıram. Bu gün ilk addımlarını atdıqları məktəbdə ən yaxın dəstəkçiləri olan müəllimlərinin və valideynlərinin əməyini heç zaman itirməsinlər. Ən əsası da şagirdlərə müstəqil Azərbaycanın layiqli vətəndaşları olmağı arzulayıram”.

 

“İstəyirdim tez başlasın məktəb”

 

Təbii ki, o gün 5 yaşlıların günü idi. Onlar ilk addımlarını məktəbə atır, müəllimlərlə, sinif yoldaşları ilə tanış olurlar. Məktəb yoluna yön aldığı ilk gün hər birinin həyatının unudulmaz anları kimi yaddaşlarına həkk olunur. 257 nömrəli tam orta məktəbə gələnlər arasında sevincindən atılıb düşən, üzü gülən, artıq özünü məktəbli kimi hiss edən 5 yaşlılar çoxluq təşkil edir. O şagirdlərdən biri də Leyla Məmmədzadədir. Leylanın təbəssümündən bəllidir ki, o, məktəbə gəlişinə görə çox şaddır. Leyladan “Məktəbə gəlmək istəyirdin?-sualını soruşduqda o belə cavab verir: “Mən hər gün aldığım məktəb formasını geyinirdim, yatanda belə məktəbə gedəcəyim günü düşünürdüm, istəyirdim tez başlasın məktəb. Bu gün mən müəllimimlə tanış oldum. Artıq mən bəzi sinif yoldaşlarımın adını bilirəm, onlar mənim dostumdur. Bu gün üçün mən şeir də öyrənmişəm:

 

Vətən işıq, vətən çörək,

Gözümüzün nuru kimi

Əzizləyək onu gərək!

Biz qoruyaq onu gərək!”.

 

Digər sevinən şagirdimiz Tamerlan Paşazadədir. O, hisslərini sözlə ifadə etməkdə çətinlik çəksə də şeir deməkdən heç çəkinmədi. Ürəklə, böyük coşqu ilə şeir söyləməyə başladı:

 

“Ey Vətən, ana Vətən,

Heyranam sənə, Vətən!

Dupduru göllərin var,

Yamyaşıl çöllərin var”.

 

“Hər dərs oyunlarla əyləncəli keçilir”

 

İlk dərs gününün ən böyük yükünü daşıyan, 5 yaşlıların məktəbə adaptasiyasını təşkil etməsində, bilik-bacarıqlarının formalaşmasında əvəzsiz rol oynayan məhz  müəllimlərdir. Dərs prosesinin keyfiyyəti, istiqaməti, dərslərin tədris olunma forması barəsində elə həmin məktəbdə 24 ildir ki, ibtidai siniflərə dərs deyən və bundan məmnunluq hissi duyan Maral Əliyevanın fikirlərini də öyrəndik.

 

Maral Əliyeva deyir ki, 5 yaşlılar əsasən tədris zamanı hərfləri həm şifahi, həm də yazılı şəkildə tanımağı, rəqəmləri saymağı öyrənir, ətraf aləm haqqında bilik əldə edirlər. Bu da onlara gələcək təhsil pillələrində çox gərəklidir: “Elə uşaq var ki, olduqca qapalıdır, fikrini ifadə etməkdə çətinlik çəkir. Məktəbəhazırlığın proqramı söz ehtiyatı baxımından o qədər zəngindir ki, şagirdlər zamanla o sözləri mənimsəyir, söz bazalarını artırırlar. Bu qruplarda “Ətraf aləmlə tanışlıq”, “Bədii təfəkkürün inkişafı”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi və fiziki mədəniyyət” fənləri öyrədilir. Təbii ki, hər dərs oyunlarla, əyləncəli formada keçirilir ki, şagirdlərin dərketməsi daha rahat olsun. Bu qruplarda ev tapşırığı verilmir. Amma dərs prosesi zamanı işlədiyimiz mövzunu şagirdin ev mühitində də yenidən işləməsi, mövzunu daha dərin qavramasına gətirib çıxarır”.

 

Tədris prosesi zamanı 5 yaşlı uşaqlarla ən çox çətinlik yaşanan  məqamlardan biri də adaptasiya prosesi olduğunu bildirən Maral müəllim deyir: “Əksər şagirdlər parta arxasında oturmaqda çətinlik çəkir, oturmaq istəmirlər. Dərs prosesi zamanı müxtəlif situasiyalarla qarşılaşa bilirik. Tədris prosesində tənəffüslə bağlı problemi olan şagirdim olub. Həmin şagird heç nə başa düşmürdü, çox iti sürətlə danışırdı, bir sözlə, onu anlamaqda çətinlik çəkirdim. Mən həmin şagirdi psixoloqa yönləndirdim. Psixoloq uşaqla söhbət aparan zaman tənəffüslə bağlı problemi ortaya çıxdı. Beyninə oksigen normal getmədiyindən anlamaqda çətinlik çəkirdi. Amma bu problem daha sonra aradan qalxdı. İndi həmin məktəbli sinfimin əlaçı şagirdlərindən biridir. Bu, məni çox sevindirir. Təbii ki, bir müəllim kimi şagirdlərimin ağıllı, kamallı, öz fikirlərini sərbəst şəkildə ifadə edə bilən şəxslər olmasını həmişə arzulayıram. Onların vətənə, millətə layiqli vətəndaş, savadlı, yararlı kadr olmalarını istəyirəm”.

 

Tünzalə QULİYEVA

 



06.10.2023 | 13:10