Yaradıcı, kreativ, bacarıqlı | |
Respublikamızda elm və təhsilin davamlı inkişafında, bu sahələrdə yeniliklərin tətbiqində, şagirdlərin müasir bacarıqlarının və texniki biliklərinin aşkara çıxarılması, gənc nəslin yeni ideyalarının reallaşdırılmasında mühüm işlər görülür, uğurlu islahatlar həyata keçirilir. Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın əsas tərkib hissəsi olan innovativ iqtisadi mühitin formalaşması üçün insan kapitalının təkmilləşdirilməsi, əmək bazarında rəqabətqabiliyyətli ixtisaslı kadrların hazırlanması prioritet istiqamətlərdəndir.
Təhsilimizin qloballaşan dünyaya inteqrasiyasının prioritet sahə olduğunu nəzərə alaraq Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə 2019-2020-ci tədris ilindən ölkəmizdə “STEAM Azərbaycan” layihəsinin tətbiqinə başlanılıb.
Bildiyimiz kimi, STEAM təhsil metodu Elm (Science), Texnologiya (Technology), Mühəndislik (Engineering), İncəsənət (Art), Riyaziyyat (Math) kimi 5 əsas fənnin birgə və inteqrasiya olunmuş şəkildə tədris edilməsi ideyası üzərində qurulub. STEAM layihəsinin əsas məqsədi Azərbaycan Respublikasının ümumtəhsil məktəblərində təhsil alan şagirdlərdə XXI əsr bacarıqlarını - kreativlik, tənqidi düşünmə, əməkdaşlığın inkişaf etdirilməsi, praktik məşğələlər vasitəsilə elmi, texniki biliklərin gündəlik həyatda tətbiqini şagirdlərə göstərməklə yanaşı, onlara mühəndislik səriştələri öyrətmək, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə edə bilmək qabiliyyətlərini yüksəltməkdir.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə 27 noyabr - 2 dekabr 2023-cü il tarixlərində Bakı Ekspo Mərkəzində üçüncü dəfə SAF 2023 - Beynəlxalq STEAM Azərbaycan Festivalı keçiriləcək.
STEAM İnnovasiya Mərkəzinin İnnovativ Təhsil Departamentinin müdiri Təranə İbrahimlinin qəzetimizə verdiyi məlumata əsasən, STEAM layihəsi hazırda ölkə üzrə 400 ümumi təhsil məktəbini və 180 min şagirdi əhatə edir, 25 STEAM Mərkəzi fəaliyyət göstərir. T.İbrahimli qeyd edib ki, orta məktəb kurikulumundan fərqli olaraq STEAM layihəsi çərçivəsində innovativ kurikulum vasitəsilə şagirdlərə robototexnika, modelləşmə, kodlaşdırma, mühəndisliyin müxtəlif istiqamətləri və s. modullar üzrə biliklər öyrədilir.
Bildirilib ki, beynəlxalq səviyyədə təşkil olunacaq “SAF 2023”-də “Robokids”, “Engineers of Future” - “Gələcəyin mühəndisləri”, “First LEGO League Explore”, “VidX”,”First LEGO League Challenge”, “VEX Robotix Competition” - “VEX Robototexnika müsabiqəsi”, “Innovativ Exhibition” - “İnnovativ sərgi”, “Deep Dive” - “Sualtı dronlar/gəmi”, “Hackathon”, “VEX IQ Competition”- “VEX IQ Yarışması”, “Mechatronics” - “Mexatronika”, “Wings and Wheels” - “Qanadlar və təkərlər”, “FlyTech”, “Boat Racing” - “Gəmi yarışması”, “H2 Grand Prix PRO” adlı ümumilikdə 12 yarış, 15 yaş kateqoriyası, həmçinin 1 kateqoriya üzrə innovativ layihələr sərgisi formatında təşkil ediləcək. Təranə İbrahimli qeyd edib ki, Təhsil TV-də yayımlanan “STEAM Vaxtı” proqramı vasitəsilə mütəmadi olaraq kateqoriyalar üzrə videoçarxlar hazırlanır və bu mövzuda izləyicilərə ətraflı məlumat verilir.
Qeyd olunub ki, SAF 2023 çərçivəsində 1 mentor (komanda rəhbəri) yalnız 1 eyni kateqoriya üzrə bir neçə komandaya rəhbərlik edə bilər.
Qeyd edək ki, STEAM Festivalının keçirilməsində məqsəd STEAM əsaslı tədrisin təşviqi, şagirdlər arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı, rəqəmsal texnologiya biliciləri olan təhsilalanların müəyyənləşdirilməsi, innovasiyalar və rəqəmsallaşma üzrə beynəlxalq təcrübənin öyrənilməsindən ibarətdir.
Dünyada bu istiqamətdə təşkil edilən olimpiadalara, yarışlara şagirdlər və məktəblər xüsusi olaraq qatılırlar. Prosesə mərkəzləşdirilmiş şəkildə yanaşma daha yaxşı nəticələr əldə etməyə imkan yaradır. Bu cür tədbirlərin keçirilməsi STEAM-ın ölkə üzrə tətbiqi və genişlənməsi baxımından olduqca effektivdir.
Lamiyə ƏLİMƏRDANOVA
|
|
06.10.2023 | 12:16 | |
|
|
|