Sosiallaşma, keyfiyyətli təhsil

Ölkəmizdə  “İnklüziv təhsil layihəsi”nin icrasına 2005-ci ildən başlanılıb.  2015-ci ildə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə BMT-nin Uşaq Fondunun (UNICEF) birgə əməkdaşlığı çərçivəsində inklüziv təhsillə bağlı görülən işlər nəticəsində əlilliyi olan şəxslərin təhsilinin təşkili yeni mərhələyə keçib. 2015-2016-cı tədris ilindən əlilliyi olan uşaqların ümumi təhsil müəssisələrində digər uşaqlarla birgə təhsilə cəlb olunması məqsədilə Azərbaycan Respublikasında “İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsinin icrasına başlanılıb.

 

İnklüziv təhsil inkişafı üzrə Dövlət Proqramı

 

Qeyd edək ki, ölkə başçısı İlham Əliyevin 14 dekabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq olunan “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” da məhz  əlilliyi olan uşaqların təhsil hüququnu təhsilin bütün pillələri üzrə digər şəxslərlə bərabər səviyyədə təmin etməsinə və onların təhsili üçün maneəsiz mühit yaradılmasına geniş imkanlar açır.

 

Əlbəttə, inklüziv təhsilin əsas hədəfi uşaqların təkcə sosiallaşması deyil, eyni zamanda keyfiyyətli təhsil almasıdır.

 

13 region üzrə 38 ümumi təhsil müəssisəsində inklüziv təhsil

 

İnklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsini genişləndirmək, Azərbaycanda əlilliyi olan uşaqların təhsil hüququnun təminatına dəstək vermək, inklüziv təhsilin keyfiyyətini yüksəltmək və məktəblərdə kadr potensialını gücləndirmək məqsədilə 2021/2022-ci tədris ilindən Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ), Elm və Təhsil Nazirliyi və UNICEF ilə birgə “İnklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi” adlı layihə həyata keçirir. Sözügedən layihə çərçivəsində hazırda 13 region üzrə 38 ümumi təhsil müəssisəsində ümumilikdə 200-dən çox əlilliyi olan şagird təhsilə cəlb olunub.

 

2023-2024-cü tədris ilində inklüziv siniflərin təşkili

 

Təhsil İnstitutunun direktor müavini Ülkər Babayeva bildirib ki, inklüziv təhsilin əhatə dairəsi genişləndirilərək bu il Bakı şəhəri üzrə 214, 25, 27, 177, 36, 163, 19, 181, 96 nömrəli tam orta məktəblərdə, İmişli şəhəri 7 nömrəli tam orta məktəb, Gəncə şəhəri 10 nömrəli tam orta məktəb, Sumqayıt şəhəri 19 nömrəli tam orta məktəb, Abşeron rayonu Saray qəsəbə 2 nömrəli tam orta məktəb, Qazax rayonu Daş Salahlı kənd 1 nömrəli tam orta məktəb, Tovuz şəhəri Təbiət və texniki təmayüllü məktəb-lisey, Astara rayonu Kijəbə qəsəbə tam orta məktəblərdə inklüziv siniflər təşkil olunub.

 

Ülkər Babayeva: “Əlilliyi olan uşaqlarla əlilliyi olmayan uşaqların birgə inklüziv sinifdə oxuması fərqliliyə münasibəti dəyişdirir, özünə hörməti formalaşdırır və ümumilikdə, sosial yöndən ədalətli və ayrı-seçkiliyə yol verməyən cəmiyyətin qurulmasına töhfə verir”.

 

O, həmçinin inklüziv təhsilin genişləndirilməsinin təhsil mühiti üçün əhəmiyyəti barədə danışıb: “Tədqiqatların nəticəsinə görə, əlilliyi olan uşaqların digər uşaqlarla birlikdə eyni sinifdə təhsil alması bu prosesin bütün iştirakçıları üçün təhsil, sosial və iqtisadi baxımdan faydalıdır. Müxtəlif araşdırmalar göstərir ki, inklüziv təhsil hər bir şagird üçün akademik və sosial baxımdan daha səmərəli təhsil modelidir. Belə ki, məktəblərdə bütün uşaqların birgə oxuması təhsilverənlərin şagirdlərə daha individual/differensial yanaşması deməkdir.

 

İqtisadi faydaya gəldikdə isə, keyfiyyətli inklüziv təhsil əlilliyi olan insanların da təhsil alması və işçi qüvvəsinə çevrilməsi üçün şərait yaradaraq ölkədə əmək bazarına müsbət təsir göstərir. Qeyd olunanları nəzərə alaraq, ölkəmizdə də inklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi müsbət və çox əhəmiyyətli bir haldır”.

 

Pedaqoji heyət üçün ixtisasartırma təlimləri təşkil olunur

 

Bu siniflərdə dərs keçən müəllim və korreksiyaedici-pedaqoqların hazırlığının necə həyata keçirilməsi barədə sualımızı cavablandıran ARTİ-nin Layihələrin idarə olunması şöbəsinin müdiri səlahiyyətlərini icra edən, baş mütəxəssis Həbibə Nəzirova bildirib ki, layihə çərçivəsində məktəblərin pedaqoji heyəti ilə maarifləndirici görüşlər və inklüziv təhsil sahəsində ixtisasartırma təlimləri təşkil olunur. O, əlavə edib ki, müəllimlərin, psixoloqların və korreksiyaedici pedaqoqların iştirak etdiyi həmin təlimlərdə inklüziv təhsilin mahiyyəti və əhəmiyyəti, əlilliyə tibbi və sosial yanaşma, uşaqyönümlü pedaqogika, Universal Öyrənmə Dizaynı, inklüziv tədris-təlim prosesi və qiymətləndirmə, eləcə də inklüziv siniflərdə hər birinin rolu kimi mövzulara toxunulur.

 

Valideynlər arasında da inklüziv siniflərlə bağlı məlumatlandırılma aparılır

 

Həbibə Nəzirova qeyd edib ki, inklüziv siniflər bəlli olduqdan sonra həmin sinfin valideynləri ilə “İnklüziya mədəniyyətinin formalaşdırılması” mövzusunda maarifləndirici görüşlər keçirilir. Bu görüş zamanı valideynlərə inklüzivlik və inklüziv təhsil, inklüziv təhsilin hüquqi bazası haqqında məlumat verilir, onların inklüziv təhsilin səmərəli təşkilində rolu müzakirə olunur.

 

Gülnarə İLHAM

 

 



06.10.2023 | 11:19