ADU-da alman orta əsr hekayəsi səhnələşdirilib

Azərbaycan Dillər Universitetində (ADU) alman yazıçısı Konrad fon Vürsburqun “Ürək nağılı” sevgi hekayəsindən “Yeyilmiş ürək” hissəciyi səhnələşdirilib. Vürsburq Universitetinin professoru, Osvald fon Volkenştayn Cəmiyyətinin prezidenti Ziqlinde Hartman və Avstriya Mübadilə Xidmətinin lektoru Stefanie Matzerin rəhbərliyi, ADU-nun Germanistika İnstitutunun tələbələrinin iştirakı ilə səhnələşdirilən hekayədə cəngavər və evli xanımın uğursuz sevgilərindən danışılır.  Sevgi həsrətindən vəfat edən cəngavər ürəyini çıxartdırıb onun sevdiyi xanıma göndərilməsini istəməsindən, bundan xəbər tutan qadının həyat yoldaşının isə həmin ürəyi bişirtdirərək qadına yedizdirməsindən bəhs olunan hekayə sonradan bunu öyrənən xanımın yeməklərdən imtina edərək dünyasını dəyişməsi ilə nəticələnir.

 

Ziqlinde Hartman tamaşaya qoyulan hekayə haqqında məlumat verib. O, səhnələşdirilmiş sevgi hekayəsinin orta əsrlərə mənsub olduğunu söyləyib. Z.Hartman hekayənin növzusunun Yaxın Şərqdən qaynaqlandığını diqqətə çatdırıb. O, hekayəni canlandırdıqlarına görə tələbələrə minnətdarlığını bildirib.

 

ADU-nun rektoru akademik Kamal Abdulla tamaşaya yalnız almandilli deyil, həmçinin digər dillər üzrə təhsil alan tələbələrin də maraq göstərdiyini söyləyib. Rektor tamaşadan alman dilinin özəlliyinin, alman musiqisinin, mədəniyyətinin gözəlliyinin hiss olunduğunu deyib. Tamaşanın qurulmasının ideya müəllifinin Ziqlinde Hartman olduğunu deyən rektor K.Abdulla xanım Hartmanla arasında uzun illərdən bəri möhkəm dostluq əlaqələrinin mövcudluğundan söz açıb: “Çox gözəl mütəxəssisdir, çox gözəl dostdur. Almaniyada yaşamağına baxmayaraq tez-tez universitetimizə gələrək tələbələrimizlə məşğul olur, layihələr həyata keçirir. Belə gözəl şəkildə maarifləndirmə işləri aparır”. Rektor K.Abdulla tamaşanın ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirib.

 



16.10.2018 | 17:23