“Məhv olmuş ömür. Narkotikə YOX de!” adlı filmin təqdimatı

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Narkotizmlə Mübarizə” İctimai Birliyinin həyata keçirdiyi “Məhv olmuş ömür. Narkotikə YOX de!” layihəsi çərçivəsində eyniadlı qısametrajlı filmin təqdimatı keçirilib.

 

Təqdimat tədbirində Milli Məclisin deputatları, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin, Narkotizimlə Mübarizə İctimai Birliyinin əməkdaşları və 200-dən çox tələbə iştirak edib.

 

Tədbiri giriş sözü ilə açan AzMİU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin  sədri Şahmar Rəfili universitetdə narkotiklə mübarizəyə dair maarifləndirmənin  güclü şəkildə təşkil olunduğunu, tələbələr arasında bu istiqamətdə davamlı tədbirlərin keçirildiyini vurğulayıb.  Qeyd edib ki, gənclərin bu və bu kimi pis vərdişlərdən yayındırılması üçün AzMİU rəhbərliyinin tapşırıq və tövsiyələri ilə təşkilat daxilində 50-dən çox müxtəlif  klub, tələbə forumu, birliklər yaradılıb;  burada çoxlu sayda özünüinkişaf proqramları icra edilir.

 

Layihənin rəhbəri Kənan Qubadzadə çıxışında AzMİU-da narkotiklə mübarizə yönündə aparılan maarifləndirməni təqdir edərək “Məhv olmuş ömür. Narkotikə YOX de!” layihəsi haqqında iştirakçılara məlumat verib. Bildirib ki, layihənin müddəti 3 aydır və əsas məqsədi qısametrajlı film vasitəsi ilə cəmiyyəti narkomaniya bəlasından qorumaq yönündə maarifləndirmə işləri aparmaqdır.

 

Çıxışlardan sonra qısametrajlı film nümayiş olunub.

 

Filmin nümayişindən sonra millət vəkilləri – İlham Məmmədov, Vüqar İskəndərov və Müşfiq Cəfərovun, AzMİU-nun prorektoru Orxan Naqdiyev,  Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun əməkdaşı Vasif Quliyevin  çıxışları dinlənilib.  Çıxışlarda narkomaniyanın acı fəsadlarından bəhs edilib. Ağ ölümə qarşı mübarizədə dövlətin, onun hüquq- mühafizə orqanlarının, o cümlədən vətəndaş cəmiyyəti institutlarının böyük işlər gördüyü  diqqətə çatdırılıb. 

 



04.10.2023 | 13:12