“Covid 19 - əsrin xəstəliyi” adlı kitabın təqdimatı olub | |
Naxçıvan Dövlət Universitetində tibb elmləri doktoru, professor, Azərbaycan Tibb Universitetinin klinik allerqologiya və immunologiya kafedrasının müdiri, Əməkdar həkim, Əməkdar elm xadimi Lalə Allahverdiyevanın müəllifi olduğu “Covid 19 - əsrin xəstəliyi” adlı kitabının təqdimatı keçirilib.
Universitetin rektoru Elbrus İsayev çıxış edərək, belə dəyərli kitabın universitetdə təqdimatından məmnunluğunu ifadə edib. Rektor müəllifin ərsəyə gətirdiyi kitabın bu sahədə ilk olduğunu, pandemiya və ondan sonrakı dövrdə xəstədə əmələ gələn fəsadların müalicəsində əvəzsiz olduğunu bildirib.
Təqdimatdan əvvəl tibb elmləri doktoru, professor Lalə Allahverdiyeva “PostCOVID sindromunun reabilitasiya müalicəsi” mövzusunda çıxışında COVID-19 pandemiyasından sonra xəstələrdə postCOVID sindromunun müşahidəsi halları və bu xəstələrin Duzdağ Fizioterapiya Mərkəzində reabilitasiyasının müsbət nəticələri barədə ətraflı məlumat verib. Alim vurğulayıb ki, muxtar respublika bu sahədə ciddi potensiala malik Duzdağ Fizioterapiya Mərkəzi, Darıdağ Arsenli Su Müalicə və İstirahət Kompleksi və buradakı bir sıra müalicəvi bulaqları ilə diqqəti cəlb edir.
Azərbaycan Pediatrlar Assosiasiyasının prezidenti Təranə Tağızadə “Azərbaycanda tibbi bioetikanın tarixi və inkişafı” mövzusunda çıxış edərək tibbi təhsil sistemində bioetikanın tədrisi təcrübəsi və perspektivləri barədə iştirakçılara ətraflı məlumat verib, müasir dünyada potensial təhlükələr ilə əlaqəli olan etik problemləri diqqətə çatdırıb.
Təməl tibb fənləri kafedrasının müdiri dosent İlhamə Mustafayeva və Ümumi təbabət və klinik fənlər kafedrasının müdiri tibb üzrə fəlsəfə doktoru, dosent Gültəkin Əliyeva çıxışlarında müəllifin həyat və yaradıcılığından söz açıb, “Covid 19 - əsrin xəstəliyi” kitabı haqqında iştirakçılara ətraflı məlumat veriblər. Qeyd olunub ki, giriş, 10 fəsil və 193 ədəbiyyat siyahısı ilə ərsəyə gətirilən ümumilikdə 225 səhifədən ibarət olan kitab nəfis tərtibatla çap olunub. Kitabda COVID-19 xəstəliyi haqqında, onun törədicisi SARS- COVID 2 virusu haqqında geniş məlumat verilir. Bu xəstəlik zamanı orqan və sistem zədələnmələri əhatəli şəkildə izah olunur.
Vurğulanıb ki, kitabda, həmçinin postCOVID sindromu, bu tip xəstələrin müalicəsi, pandemiya zamanı əhalinin, tibbi personalın psixoloji sağlamlığı, xəstələrin kliniki müşahidəsi və aparılması, pandemiya və sonrakı dövrdə tibbi texnologiyaların tətbiqi və bu xəstələrin medikamentoz terapiyası haqında məlumatlar da öz əksini tapıb. Kitabın elmi əhəmiyyəti nəzərə alınaraq xarici dillərə tərcümə olunması da məqsədəuyğundur.
Sonda müəllif göstərilən diqqətə görə universitetin rektoru Elbrus İsayevə minnətdarlığını bildirib, müəllifi olduğu kitabı ali təhsil ocağının Elmi Kitabxanasına hədiyyə edib.
Təqdimatdan sonra Tibb elmləri doktoru, professor Lalə Allahverdiyeva, Azərbaycan Pediatrlar Assosiasiyasının prezidenti Təranə Tağızadə “Duzdağ” otelinin konfrans zalında “Naxçıvanın “Duzdağ” mağarasında aparılan speleoterapiyanın bronxial astmalı uşaqlarda effektivliyi” mövzusunda çıxış edib. Professor speleomühitin xüsusiyyətləri, “Duzdağ” mağaralarında əməl etməli olan əsas rejimdən, xəstəliyin dərəcələri və yaş hədləri nəzərə alınmaqla müalicə müddəti barədə məlumat verib. Həkim, həmçinin diqqətə çatdırıb ki, speleoterapiya üsulunun əsas müalicəvi təsiri duz mədənlərinin təbii mikroiqliminə əsaslanır. Professor L.Allahverdiyeva dünyanın bır sıra ölkələrində mövcud olan duz mədənləri içərisində “Duzdağ” mağarasının xüsusilə adını çəkərək qeyd edib ki, Naxçıvan “Duzdağ” mağarasının digər bu tip mağaralardan üstünlüyünün bir göstəricisi də onun üfüqi vəziyyətdə yerləşməsi və havalandırılmasıdır, bu isə xəstələrin mövcud şəraitə daha tez və asan uyğunlaşmasına səbəb olur.
Azərbaycan Pediatrlar Assosiasiyasının prezidenti Təranə Tağızadə elmi-sübuta əsaslanan təbabət üsullarından danışıb.
Hər iki professorun mövzu ilə əlaqədar sualları cavablandırılıb.
|
|
30.09.2023 | 12:46 | |
|
|
|