“Qarabağın dirçəlişində həmrəyliyin rolu” mövzusunda görüş təşkil edilib | |
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) gənclərin maarifləndirilməsi məqsədilə “Qarabağın dirçəlişində həmrəyliyin rolu” mövzusunda görüş keçirilib.
Qarabağ Dirçəliş Fondunun (QDF) təşəbbüsü ilə baş tutan və “#KarabakhTalks” müzakirələr platforması çərçivəsində keçirilən görüşdə Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev, ADPU-nun rektoru professor Cəfər Cəfərov, eləcə də universitetin professor-müəllim heyəti və 400-ə yaxın tələbəsi iştirak edib.
Tədbirdə açılış nitqi ilə çıxış edən rektor Cəfər Cəfərov Vətən müharibəsində qazanılan möhtəşəm qələbədən sonra qarşıda duran əsas vəzifələrdən danışıb.
Bu sahədə gənclərin və tələbələrin üzərinə də böyük məsuliyyət düşdüyünü deyən rektor, Qarabağın bərpası ilə bağlı aparılan müzakirələrdə və keçirilən tədbirlərdə tələbələrin fəal iştirak etmələrinin təqdirəlayiq hal olduğunu söyləyib.
Professor C.Cəfərov bildirib ki, Pedaqoji Universitet də Qarabağda təhsilin inkişafında verə biləcəyi dəstəyi göstərmək, tələbələr üçün təcrübə proqramları təşkil etmək niyyətindədir.
Qeyd olunub ki, ADPU bu ildən başlayaraq, tələbələrin regionlarda pedaqoji təcrübə keçməsini nəzərdə tutan pedaqoji internaturanın tətbiqinə start verir və gələcəkdə Azərbaycanın bir çox dilbər guşələrində, o cümlədən, Qarabağ və Şərqi Zəngəzurda da tələbələrin pedaqoji internatura keçmələri planlaşdırılır.
Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri R.Hacıyev təqdimatla çıxış edərək görüş iştirakçılarına Prezident İlham Əliyevin 4 yanvar 2021-ci il tarixli fərmanı əsasında yaradılan QDF-in fəaliyyətinin əsas istiqamətləri, görülmüş işlər və nəzərdə tutulan layihələr barədə ətraflı məlumat verib.
Hazırda işğaldan azad edilən ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinin aparıldığını deyən R.Hacıyev bildirib ki, dəyən zərərin nəticələrini tez bir zamanda aradan qaldırmaq və Qarabağı yüksək rifahlı regiona çevirmək üçün həmrəylik nümayiş etdirmək mütləqdir.
Qarabağın bərpasında gənclərin rolundan danışan R.Hacıyev tələbələrlə mütəmadi görüşlərin keçirilməsinin bu baxımdan böyük əhəmiyyət daşıdığını söyləyib.
Sonra Qarabağ Dirçəliş Fondunun həyata keçirdiyi tədbirlərə və görüşlərə həsr edilən videoçarx nümayiş olunub.
Çıxışlardan sonra görüş müzakirələr və sual-cavab sessiyası ilə davam edib.
|
|
29.09.2023 | 14:25 | |
|
|
|