Qədim yurd yerimiz | |
Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti
Sabirabad İqtisad Kollecində rayon Z.Hacıyev adına 7 nömrəli tam orta məktəbin və kollecin rəhbərliyinin və müəllimlərin, bir qrup valideynin, o cümlədən Ermənistandan deportasiya olunaraq hazırda Suqovuşan kəndində kompakt yaşayan əhalinin nümayəndələrinin, Vətən müharibəsi iştirakçılarının qatıldığı tədbir keçirilib.
Tədbirdən əvvəl Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev Elm və Təhsil Nazirliyinin məsul işçisi Rövşən Ağayevlə birlikdə məktəbin fəaliyyəti ilə tanış olub. Direktor Ağabala Mənsimov qonaqlara məktəbdə təhsilin məzmunu, təlimin forma və metodları, insan resursları, tədris və maddi-texniki bazanın vəziyyəti barədə məlumat verib.
Sonra tədbir Vətən torpaqlarının azad olunmasında canlarından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Regional təhsil idarəsinin müdiri R.Musayev ötən tədris ili ərzində regionun ümumtəhsil məktəblərinin fəaliyyəti ilə bağlı məlumat verib, məktəblərdə təlim-tərbiyə prosesinə rəhbərlik, nəzarətin təşkili və digər məsələlər barədə hesabatında, təlim nəticələrini təhlil edib, həllini gözləyən məqsədlər barədə danışıb. Məktəbdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar zəngin siyası irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi ilə əlaqədar pedaqoji kollektivin fəaliyyətini nəzərdən keçirib, bu sahədə işlərin sistemli şəkildə daha da gücləndirilməsi vurğulanıb.
Bildirilib ki, son 30 ildə ölkəmizin ən ciddi problemi sayılan Qarabağ münaqişəsi Azərbaycan xalqının istədiyi kimi həll olundu. Azərbaycan ordusu böyük qəhrəmanlıqla Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hərbi sərkərdəliyi və siyasi liderliyi sayəsində Azərbaycan torpaqlarını işğaldan azad edərək düşmənin belini qırdı.
Qeyd edilib ki, 2020-ci ildə möhtəşəm şanlı zəfərimizlə başa çatan Vətən müharibəsindən sonra azərbaycanlıların deportasiyası mövzusu daha da aktuallaşaraq ən ali səviyyədə gündəmə gətirilib. Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər, tarixi xəritələr, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir deyə vurğulanıb.
Tədbirdə Elm və Təhsil Nazirliyinin məsul işçisi Rövşən Ağayev çıxışında qeyd edib ki, tarixi arxivlərdə 1948-ci ildən başlayaraq İrəvandan yüzlərlə azərbaycanlı ailəsinin köçürülməsi haqqında faktlar yer almaqdadır. SSRİ Nazirlər Sovetinin müvafiq qərarları və totalitar repressiya üsulları ilə Ermənistanın yaşayış məntəqəsindən 100 mindən artıq azərbaycanlı deportasiya olunub və onlar Azərbaycanın bir sıra bölgələrində, o cümlədən Sabirabad rayonunun Suqovuşan və Həşimxanlı kəndlərində məskunlaşmışlar. 1988-1992-ci illərdə azərbaycanlıların ən genişmiqyaslı və qanlı terrorla müşayiət olunan deportasiyasının növbəti dalğası həyata keçirilib. Həmin dövrün statistikasına görə, Qərbi Azərbaycanda 261 yaşayış məntəqəsi boşaldılıb, 250 min nəfərdən çox deportasiya olunub. Tarixi faktlara əsaslansaq, 1988-1989-cu illər soyqırımında 226 soydaşımız ermənilər tərəfindən öldürülüb.
Deportasiya olunmuş azərbaycanlıların öz ata-baba yurdlarına qayıtmaq hüququnun təmin edilməsinin və birgəyaşayışa nail olunmasının vacibliyini vurğulayaraq R.Ağayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə hazırlanmış Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının xalqımızda bu əminliyi, inamı artırmasını qeyd edib və məsələ ilə bağlı sualları cavablandırıb, fikir mübadiləsi aparıb.
Görüşdə qeyd edilib ki, İkinci Qarabağ müharibəsi başa çatandan sonra bu günə qədər 300-dən çox Azərbaycan vətəndaşı erməni silahlı birləşmələrinin törətdikləri terror aktının qurbanı olub, ya da ki, ağır yaralanıb. Bununla bağlı elm və təhsil nazirinin “Təhsil müəssisələrinin müəllim-şagird (tələbə) heyətinin partlayış təhlükəsinə qarşı maarifləndirilməsi barədə metodiki tövsiyələrin təsdiq edilməsi barədə” əmrin icrası müzakirə edilərək, mina təhlükəsinə qarşı maarifləndirmə işlərinin aparılması diqqət mərkəzində olub. 7 nömrəli tam orta məktəbin hərbi rəhbəri Telman Hüseynov çıxış edərək maarifləndirmə tədbirləri və təhlükəli ərazilərdə hərəkət qaydaları ilə bağlı məlumat verib.
Müzakirələrdə Qərbi Azərbaycanın bölgələrindən deportasiya edilmiş kənd sakinləri, məktəbin müəllimləri iştirak edib. Məktəbin tarix müəllimi Vüsalə Dadaşova çıxışında bildirib ki, Suqovuşan kəndində 5123 nəfər əhali yaşayır, onun 2418 nəfəri Ermənistandan məcburi köçürülən soydaşımız Azərbaycana pənah gətirib. Prezident İlham Əliyevin 2022-ci ilin dekabrın 24-də Qərbi Azərbaycan İcmasında səsləndirdiyi fikirlər, Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının qəbulu və beynəlxalq miqyasda əməli tədbirlərin həyata keçirilməsi Ermənistanın ərazisindəki tarixi torpaqlarımıza qayıtmağımızı addım-addım yaxınlaşdırır.
Əmək veteranı, Qərbi Azərbaycandan deportasiya olunmuş Səyyad Nağıyev Azərbaycan Prezidenti İlham Əliyevin müdrik və uzaqgörən siyasəti sayəsində qaçqınların öz dədə-baba yurdlarına qayıdacaqlarına əmin olduqlarını vurğulayıb.
Kənd sakinləri Yaqut Abbasova, Lumuxanım Ələkbərova özlərinin və yaxınlarının Qərbi Azərbaycandakı yaşayış yerləri, həmçinin Ermənistandan vaxtilə qaçqın düşmüş həmkəndliləri haqqında xatirələrini bölüşüb, onların Azərbaycan ictimaiyyətinə, dövlətinə, elminə, mədəniyyətinə, incəsənətinə bəxş etdiyi bir çox görkəmli şəxsiyyətlər barədə danışıblar.
Tədbirin sonunda Qərbi Azərbaycan xronikası: “Ermənistanı və erməniləri həqiqətə boyun əydirəcək plan” adlı videoçarx təqdim edilib.
***
Sabirabad rayon Həşimxanlı kənd tam orta məktəbində valideynlərlə Ermənistandan qaçqın düşmüş və hazırda bu kənddə məskunlaşmış azərbaycanlılarla görüş təşkil olunub. Tədbirdə məktəbin müəllimləri, Elm və Təhsil Nazirliyinin əməkdaşı Rövşən Ağayev, Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev, Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin direktoru Barxudar Barxudarov və Sabirabad rayon təhsil sektorunun müdiri Pəhləvan Qarayev iştirak ediblər.
Məktəbin direktoru Naqil İsgəndərov bildirib ki, məktəb 1979-cu ildə tikilib istifadəyə verilib. Hazırda burada 410 şagird təhsil alır və 30 müəllim, o cümlədən 14-ü Qərbi Azərbaycandan gəlmiş soydaşlarımızın övladları müəllim işləyir. Məktəbdə təlim-tərbiyə prosesinə rəhbərlik, nəzarətin təşkili və digər məsələlər barədə hesabat verilib. Hesabat təhlil edilərək, bir sıra tövsiyələr irəli sürülüb.
Tədbirdə elm və təhsil nazirinin müvafiq əmrlərinə əsasən təhsil müəssisələrində Xəzər dənizi və su hövzələrində boğulma təhlükəsinə qarşı maarifləndirmə tədbirlərinin keçirilməsi, həmçinin mina təhlükəsi və partlamamış hərbi sursatlarla davranış qaydaları haqqında, məktəbin şagirdləri və valideynləri arasında maarifləndirici xarakterli təbliğat işlərinin davamlı təşkil edilməsi ilə bağlı məsələlər barədə Nazirliyin əməkdaşı Rövşən Ağayev tədbir iştirakçılarına ətraflı məlumat verib. Görüşdə iştirak edən Ermənistandan deportasiya edilmiş, əvvəllər məktəbdə müəllim işləmiş Əyyub Babayev, kənd sakinləri Ramiz Nəcəfov, məktəbin hərbi rəhbəri Natiq Cəfərov və digərləri bildiriblər ki, İrəvan Azərbaycanın qədim ərazisidir, haqq-ədalət öz yerini tapacaq və biz yurdumuza qayıdacağıq.
Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin direktoru, əslən Qərbi Azərbaycandan olan B.Barxudarov çıxış edərək bildirib ki, Qərbi Azərbaycan əhalisi tarixinin öyrənilməsi olduqca vacibdir.
Elm və Təhsil Nazirliyinin əməkdaşı Rövşən Ağayev Ermənistanın Qərbi Azərbaycanda yaşayan soydaşlarımıza qarşı törətdiyi cinayətlərin sübut edilməsi və günahkarların beynəlxalq qanunvericiliyə uyğun məsuliyyətə cəlb edilməsi üçün məlumatların toplanmasının böyük əhəmiyyətini qeyd edib.
Bir sıra fakt və epizodlar haqqında söz açmaqla R.Ağayev bəzi fikir və mülahizələrini tədbir iştirakçıları ilə bölüşüb. Bununla belə, o bildirib ki, cari il sentyabrın 19-20-də Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərində qanunsuz erməni silahlı birləşmələrinin terror-təxribat əməllərinə son qoyulması məqsədilə antiterror tədbirləri həyata keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişlərinə uyğun olaraq, hazırda erməni əhalisinin yaşadığı ərazilərdə əmin-amanlığın, yerli sakinlərin şəxsi təhlükəsizliklərinin və sosial problemlərinin təmin edilməsi istiqamətində ardıcıl tədbirlər görülüb, qanunsuz erməni hərbi birləşmələrinin döyüş sursatları Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə götürülüb.
Müzakirə edilən məsələlərlə bağlı məktəbə plakatlar, maarifləndirici prospektlər təqdim olunub.
Şakir CƏFƏROV |
|
29.09.2023 | 16:11 | |
|
|
|