MDU-nun koordinatoru olduğu Erasmus+ layihəsinin növbəti təlimləri

Mingəçevir Dövlət Universitetinin koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) mövzusunda Erasmus+ layihəsi çərçivəsində növbəti təlimlərə start verilib.

 

25-29 sentyabr tarixlərini əhatə edən təlimlər İspaniyanın Kataloniya Politexnik Universitetində (UPC) keçirilir.

 

Təlimlərdə ENGAGE layihəsində təmsil olunan 11 Azərbaycan universitetinin rektorları, prorektorları, inzibati və akademik heyət üzvlərindən ibarət olan 25 nəfərlik nümayəndə heyəti iştirak edir.

 

Bir həftəlik təlim proqramı çərçivəsində innovasiyaların idarə edilməsi, universitetlərin sahibkarlıq fəaliyyətləri, akademik sahibkarlığa institusional dəstək mexanizmləri, sahibkarlığın universitet strategiyasına inteqrasiya edilməsi və digər sahələrdə UPC-nin təcrübəsi öyrəniləcək.

 

Qeyd edək ki, MDU Azərbaycanda koordinator statusunda Erasmus+ layihəsinin qalibi olan ilk region universitetidir.

 

36 ay müddətində reallaşdırılacaq layihənin əsas məqsədi Azərbaycan ali təhsil müəssisələrində sahibkarlıq ekosisteminin gücləndirilməsi, akademik heyətin və tələbələrin sahibkarlıq düşüncəsinin inkişaf etdirilməsi, universitetlərimizdə innovativ yanaşmanın təkmilləşdirilməsi, tədris prosesinin məzmununda praktiki komponentlərin artırılması, startap fəaliyyətlərinin və universitet–sənaye əməkdaşlığının genişləndirilməsidir.

 



29.09.2023 | 11:51