SABAH-ın uğurlu gəncləri | |
Qloballaşmanın gətirdiyi yenilik və özəlliklər təhsil sahəsində də öz təsirini göstərməkdədir. Təhsil sistemində yaranan innovasiyalar təhsilalanların imkanlarını və əhatə dairələrini genişləndirir və inkişafa yol açır. Bu istiqamətdə atılan addımlardan biri olan ali təhsil müəssisələrində SABAH qruplarının yaradılması xüsusi istedadı ilə seçilən və təhsildə uğurları ilə fərqlənən tələbələrə yüksək keyfiyyətli təhsil vermək imkanını artırır. Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2022-ci il tarixli Sərəncamı ilə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” təsdiq edilib. 2023-2024-cü tədris ili üçün Dövlət Proqramı çərçivəsində ümumilikdə dünyanın 17 ölkəsinin nüfuzlu ali təhsil müəssisələri üzrə 381 nəfər təhsil almaq hüququ əldə edib və onlardan 49 nəfər cari il üzrə dünyanın 10 ən yaxşı universitetindən qəbul alıb. Belə ki, Dövlət Proqramı təqaüdünü qazanan 381 nəfərdən 31-i SABAH qruplarının məzunlarıdır. Onların bir neçəsi təəssüratlarını, təcrübələrini, gələcək hədəflərini bizimlə bölüşdülər. SABAH gənclərini oxucularımıza tanıdaq.
“Dövlət Proqramı ilə nüfuzlu ali təhsil müəssisəsində təhsil almaq imkanı əldə etdiyim üçün çox sevincliyəm”
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının “University of Warwick”-in “Təchizat zəncirinin və logistikanın idarə edilməsi” ixtisası üzrə magistr təqaüdü qazanan Şəms Heydərova SABAH qrupunun məzunudur. O, Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə” ixtisasında 2018-2022-ci illərdə təhsil alıb. SABAH-a qoşulmaqda əsas məqsədinin SABAH qruplarında digər qruplardan fərqli olaraq təhsilin ingilis dilində olması və əlavə təqaüdlə təmin olunmasıdır: “Buna görə də 2019-cu ildə SABAH qruplarına qəbul mərhələləri olan test imtahanı və müsahibəni uğurla keçərək SABAH qruplarında təhsil almaq şansını əldə etdim. Təhsil aldığım müddətdə xaricdən dəvət olunmuş, özəl və dövlət qurumlarında çalışmış və beynəlxalq sertifikatlı müəllimlər tərəfindən tədris yüksək səviyyədə aparıldığına görə ingilis dili bilik və bacarıqlarımı və təhsil aldığım sahə üzrə biliklərimi inkişaf etdirmək mənim üçün çətin olmadı. Müəllimlərimiz və həmçinin dekanımız Aidə Quliyeva yaranan hər hansı bir problemin həllində bizlə yaxından maraqlanıb və bu günə kimi də hər daim bizə dəstək olurlar. Ümumiyyətlə, bir çox sahədə SABAH qrupları tələbəsi olduğum üçün fərqləndiyimi görmək mənim üçün çox xoş bir haldır. Belə ki, universitet zamanı ASAN xidmət mərkəzində, EYOF Bakı 2019 və Formula 1 Azerbaijan Grand Prix yarışlarında könüllü kimi iştirak etmişəm. Son 3 ildir ki, təchizat üzrə mütəxəssis kimi “Workplce Interiors” MMC, “ABC-Telecom” MMC (Kontakt Home), “STP” MMC kimi bir çox tanınmış şirkətlərdə çalışmışam”.
Dövlət Proqramına müraciət edən şəxslər kimi Şəms də nəticələr açıqlanana kimi həyəcanlı olduğunu deyir. Lakin o təqaüd alacağını gözləyirdi. Müraciət etdiyi sahə olan “Supply Chain and Logistics Management” üzrə 3 illik iş təcrübəsi və həmçinin bu sahəyə aid bilik və bacarıqlarının olması ona əminlik verirdi: “Qalib olduğumu biləndə çox sevincli idim və qürur hissi keçirdim. Bu xəbəri tez ailəmlə, dostlarımla bölüşdüm. Belə bir şans əldə etmək mənim üçün böyük bir nailiyyətdir. Dövlət Proqramı ilə nüfuzlu ali təhsil müəssisəsində təhsil almaq imkanı əldə etdiyim üçün çox sevincliyəm və düşünürəm ki, digər tələbələr də bu şansı əldən verməməlidirlər. Təhsilimi bitirib vətənə qayıdaraq orada öyrəndiklərimi burada tətbiq etmək, gələcəkdə ölkəmizdə bu sahənin tədris olunmasında yaxından iştirak etmək istəyirəm”.
“Müxtəlif təcrübə proqramlarında iştirak etmək təqaüd qazanmağımda yaşıl işıq oldu”
Dövlət Proqramı çərçivəsində SABAH-ın məzunlarından təqaüd qazanan digər namizədlərdən biri də Rəvanə Şıxalıdır. O, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının “University of Edinburgh”-da “İnklüziv təhsil” ixtisası üzrə magistr təhsili alacaq. 2017-ci ildə bakalavriat səviyyəsi üzrə təhsilini Azərbaycan Dillər Universitetinin “İngilis dili müəllimliyi” ixtisası üzrə alıb. I kursu bitirdikdən sonra SABAH qruplarına qoşulmaq qərarına gəlib: “SABAH qrupları mənə həmişə maraqlı gəlirdi. SABAH qrupları xüsusi seçilmiş tələbələrlə əhatə olunduğuna, əlavə təqaüd verildiyinə, təhsil sistemində fərqliliyinə, öz tələbələri üçün bir çox layihələr hazırladığına görə öndədir. Bütün bunları nəzərə alaraq mən də bu qruplara qatıldım və yeni bir təhsil sistemi ilə tanış oldum. Müəllimlərin metodikası, yanaşma tərzləri, öyrətmə üsulları fərqli olduğundan burada oxuduğum 3 il ərzində çox inkişaf etdiyimin fərqinə vardım. Təhsil aldığım müddətdə qiymətlərim olduqca yaxşı idi. İxtisasım müəllimlik olduğuna görə bizdə daha çox praktiki yöndə inkişafa üstünlük verilirdi. Sinif auditoriyalarına daxil olanda özümdə sinfin idarə olunması yönümündə inkişaf müşahidə edirdim. Əlbəttə ki, tədris müddətində keçirilən “Metodika” fənninin də buna müsbət təsiri olub. Mənim “Yarat” Müasir İncəsənət Mərkəzində, Dövlət Miqrasiya Xidmətində, Formula 1, UEFA Avropa Liqası kimi yerli və beynəlxalq təşkilatlarda könüllü təcrübələrim olub. Eləcə də Şirvan şəhər 1 və 20 nömrəli tam orta məktəblərində keçdiyim təcrübə proqramları mənim sosial bacarıqlarımı inkişaf etdirib.
İstər tələbəlik vaxtlarında, istərsə də universiteti bitirdikdən sonra müxtəlif təcrübə proqramlarında iştirak etməyi Rəvanənin proqram qazanmağına yaşıl işıq olub: “İnanırdım ki, müsahibə münsifləri mənim bilik və bacarıqlarımı düzgün qiymətləndirəcəklər. Münsiflər təcrübələrlə yanaşı, namizədin öz ixtisasına olan marağına, sevgisinə, özgüvəninə də diqqət göstərirlər. Eyni zamanda, müsahibədə iştirakçıların suallara ətraflı, dolğun şəkildə cavab vermələri də onlar üçün üstünlük kimi qiymətləndirilir. Onu da əlavə edim ki, Proqram haqqında məlumatı elektron resurslardan əldə etmişəm. Eləcə də ötən il bu proqramın qalibləri ilə əlaqələrim də olub və onların hər biri proqramın şərtlərindən, təqaüdün miqdarından razı idi. Mən də qərara aldım ki, özümü sınamalıyam. Proqramı bitirdikdən sonra təhsil alacağım sahə inklüziv təhsil olduğundan istəyirəm ki, Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq nəticəsində ümumi orta təhsil məktəblərində inklüziv təhsili, inklüzivliyi ölkədə daha da inkişaf etdirmək, xüsusi uşaqların təhsilə daha da cəlb olunmasına, onların təhsil keyfiyyətinin artırılmasına, təhsilə çıxışı olmayan ucqar kəndlərdə yaşayan şagirdlərin təhsilə çıxışını təmin etməsinə dəstək olum”.
“Dövlət Proqramı bizə nüfuzlu universitetlərdə təhsil almaqla mütəxəssis kimi yetişmək şansı verir”
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının “Cardiff University”-nin “Data elmi və analitikası” ixtisası üzrə magistr təqaüdü qazanan gəncimiz Nərmin Rzayeva: “2019-cu ildə Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyini bitirib 586 balla Azərbaycan Dövlət İqtisad Universitetinin “Mühasibat uçotu və audit” ixtisasına daxil oldum. 2020-ci ildə SABAH qruplarına imtahan verərək oranın tələbəsi oldum. Burada oxumaq istəməkdə əsas məqsədim ingilis dilində təhsil almaq və daha müasir tədris metodları və daha yaxşı tədris keyfiyyəti almaqla gələcəkdə əmək bazarında fərqlənməkdir. Universitet vaxtlarında həm universitet daxilində, həm də universitet xarici bir çox tədbirlərdə fəal iştirak etmişəm. Bir çox yerli və beynəlxalq sertifikatlar əldə etmişəm. 2023-cü ilin yanvar ayından etibarən “Bakeer Hughes” şirkətində mühasibat vəzifəsində tam ştat işə qəbul olmuşam. İngiltərədən başqa Almaniya və İtaliyanın bir çox nüfuzlu universitetlərindən də qəbul almışam. Dövlət Proqramı bizə seçdiyimiz ixtisasda nüfuzlu universitetlərdə təhsil almaqla mütəxəssis kimi yetişmək şansı verir. Və mən də öz şansımı yoxlamaq istədim. Proqrama müraciət edərkən rəqabətin çox olduğundan qəbul alıb-almayacağımdan tam əmin deyildim, lakin ixtisas və seçdiyim universitet ilə bağlı məlumatım çox idi və özümə güvənirdim. Qəbul olduğumu bildikdə çox sevindim. Proqramı bitirdikdən sonra data elmi sahəsində mütəxəssis kimi ölkəmizə qayıdıb işləyərək bu sahə üzrə biliklərimi daha da dərinləşdirmək istəyirəm”.
Tünzalə QULİYEVA
|
|
29.09.2023 | 12:07 | |
|
|
|