Portala daxil ol, rahat istifadə et!

Elm və Təhsin Nazirliyinin son illər həyata keçirdiyi islahatlar, layihələr təhsilin həm məzmunun, həm də keyfiyyətinin artırılmasına, müasir tələblərə uyğun yeninləməsinə hesablanmış addımlardır. Atılan mühüm addımlardan biri də artıq bir neçə ildir ki, təhsilverənlərin və təhsilalanların rahatlıqla istifadə etdiyi elektron dərslik portalının yaradılmasıdır.

 

Bəs, elektron dərslik nədir?

 

Artıq bir neçə müddətdir ki, Elm və Təhsil Nazirliyi tərəfindən elektron dərslik portalı yaradılıb. İstər şagirdlər, istərsə də müəllimlər bu portala daxil ola bilirlər.

 

Qeyd edək ki, zənginləşdirilmiş elektron dərsliklər müasir veb brauzerlərdə açılan, internet səhifələrində olduğu kimi multimedia, video, səs və interaktiv xarakterli proqramları özündə ehtiva edir. Elektron dərsliklərdə həm də axtarış imkanları mövcuddur. Belə ki, bu nəşrlərdə hər hansı bir məlumatı ümumi kitab üzrə axtarış imkanından istifadə etməklə asanlıqla tapmaq mümkündür.

 

Texniki standartları Beynəlxalq Rəqəmsal Nəşriyyat Forumu (IDPF) tərəfindən müəyyənləşdirilən e-kitab formatıdır. Həmin formatda hazırlanmış elektron kitablar müxtəlif elektron məlumat daşıyıcılarının, o cümlədən smartfonlarda, tabletlərdə, kompüterlərin yaddaşında saxlanıla və ya birbaşa açılaraq oxuna bilər.

 

Elektron dərslik kitablarında axtarma funksiyaları mövcuddur ki, bu da xüsusi məlumatların axtarılması prosesini sürətləndirir və asanlaşdırır. Çox təyinatlı platforma rəqəmsal qeyd aparma funksiyası təklif edir. Həmin qeydlər indeksləşdirilir və axtarışa hazır hala gətirilir və bu imkan yaradır ki, şagirdlər önəmli yerləri işarələsinlər və daha sonra həmin hissələri asanlıqla tapıb öyrənsinlər.

 

İzləmə sistemi vasitəsilə portaldan istifadə edənlərin hərəkətləri haqqında statistik məlumatlar toplanır və hesabat halına gətirilir. Bütün bu məlumatlar serverlərdəki məlumat bazasında saxlanılır. Statistik məlumatlar ictimaiyyətə açıq deyil və xüsusi şifrə ilə qorunur. Elektron dərsliklər onlayn və oflayn olmaqla iki əsas formatda mövcuddur. Onlar asanlıqla daşınan cihazlarda, o cümlədən kompüterdə, laptop, planşet və mobil telefonlarda istifadə oluna bilər.

 

Bəs, orta ümumitəhsil müəssisələrində çalışan müəllimlərimiz, təhsilalanlar bu imkanlardan necə istifadə edirlər? Sualımıza cavab tapmaq məqsədilə paytaxtdakı bir neçə məktəbdə olduq. Müəllim və şagirdlərlə söhbətləşdik.

 

“Portal şagirdləri passiv müşahidəçidən daha çox yeni  biliklər əldə edən şagird olmasına imkan verir”

 

Bakıdakı 267 nömrəli məktəb-liseyin informatika müəllimi Sənubər Məmmədova bizimlə söhbətində bildirdi ki, elektron dərslik portalından səmərəli istifadə edir. O, portalın üstünlüklərindən söhbət açaraq bunları söylədi: “Qloballaşma dövrünün labüd faktoru kimi həyatımıza daxil olan elektron dərsliklər təhsil prosesini sürətləndirməklə yanaşı şagirdlərin öyrənmə prosesini fərdiləşdirərək onları daha çox müstəqil mütaliə və araşdırmalara cəlb edir. Portal şagirdlərin passiv müşahidəçidən daha çox yeni biliklər əldə edən şagird olmasına imkan verir. Öz praktik fəaliyyətimdə  elektron portal və saytlardan çox istifadə edirəm. Ölkəmizdəki portal və saytlarla yanaşı kifayət qədər xarici resurslardan da yararlanıram.

 

Elektron dərslik portalında ani axtarış sisteminin olması, çevik və rahat axtarışın mövcudluğu, mobillik, istənilən zaman və məkanda onlayn və oflayn rejimin olması onları istifadə üçün sərfəli və rahat edir. Həmçinin qeyd etmək istərdim ki, elektron formatda olan dərsliklərdə əyani vəsaitlərin, qrafika, animasiya və multimediyanın olması şagirdlərin istənilən mövzuda materialları daha yaxşı mənimsəməsi üçün interaktivliyi təmin edir”.

 

“Rəqəmsal vəsaitlərdən istifadə təhsilalanların tədris prosesində fəallığını artırmağa zəmin yaradır”

 

Bakıdakı 193 nömrəli tam orta məktəbin riyaziyyat və informatika müəllimi, riyaziyyat üzrə fəlsəfə doktoru Günay Hüseynzadə də elektron dərslik portalından mütəmadi və səmərəli istifadə edir. O, portalın verdiyi imkanları belə izah edir: “Elm-texnoloji tərəqqi dövründə rəqəmsal vəsaitlərdən istifadə təhsilalanların tədris prosesində fəallığını artırmağa zəmin yaradır. Elektron dərslik portalı dərsliklərin əlçatanlığını təmin etməklə yanaşı, İKT-dən səmərəli istifadə olunmasına, portalda qeydiyyatdan keçən şagirdlərə müəyyən elektron qeydlər aparmaq, təkrarlamaq, istədiyi səhifələri qeyd etmək imkanı verir. Şagirdlər elektron dərslikləri yükləyərək internet olmadıqda da oflayn rejimdə bu dərsliklərdən istifadə edə, eyni zamanda istədikləri mövzunu axtarışa verməklə həmin mövzunu asanlıqla tapa bilirlər. Portaldan istifadə edən bir müəllim olaraq deyə bilərəm ki, elektron dərsliklərin istifadəsi tədris prosesinin daha dinamik və interaktiv təşkilinə əlverişli şərait yaradır. Riyaziyyat və informatika fənlərinin tədrisi zamanı elektron dərsliklərdən istifadə etməklə şagirdlər qeydlər aparır, bu qeydlərə təkrar ehtiyac olan mövzular, anlayışlarla bağlı açar sözləri misal göstərmək olar. Evdə şagirdlər e-derslik.edu.az saytına daxil olub qeyd olunmuş səhifələrə “Seçilənlər” bölməsindən keçid etməklə verilən tapşırıqları yerinə yetirirlər. Portalda dərsliklər mütəmadi olaraq yenilənir. Gələcəkdə portalın vizual görüntülərlə və interaktiv tapşırıqlarla daha da zənginləşdirilməsi nəticəsində tədris prosesində elektron resurslardan istifadəsi üçün yeni imkanların yaranacağına inanıram”.

 

“Çətinlik çəkdiyim mövzuları müəyyən etməkdə elektron dərsliklər mənə kömək edir”

 

Tovuz Mustafayeva193 nömrəli tam orta məktəbin 10-cu sinfində təhsil alır. Artıq bir neçə ildir ki, elektron dərsliklərdən istifadə etdiyini deyir: “Çətinlik çəkdiyim mövzuları müəyyən etməkdə elektron dərsliklər mənə kömək edir. Portala daxil olaraq axtarış bölməsinə anlayışı yazıb həmin anlayışın olduğu səhifələri görə bilirəm. Bu qayda ilə həmin səhifələrə bir də nəzər yetirib təkrar edirəm”.

 

“Elektron dərsliklərdən geniş istifadə edirəm”

 

Elnur Ağazadə də 193 nömrəli məktəbdə təhsil alır. O, pandemiya dövründən başlayaraq elektron dərsliklərdən daha geniş istifadə etməyə başladığını söyləyir: “Harada olmağımdan asılı olmayaraq çantam və dərsliklərim yanımda olmasa da tapşırıqları vaxtında yerinə yetirməkdə elektron dərsliklər mənə kömək edir. Şagirdlərə bu imkanlardan maksimum yararlanmağı tövsiyə edərdim. Portaldan istifadə etməyənlər bir dəfə bu imkandan yararlansa, əminliklə deyə bilərəm ki, onlar daim portalın istifadəçisinə çevriləcək”.

 

“Portalda dərsləri öyrənmək daha əyləncəlidir”

 

Bakı şəhəri 267 nömrəli məktəb-liseyin VIII sinif şagirdi Arzum Ələkbərova da portalın aktiv iştirakçılarındandır. O, elektron dərsliklərdən istifadənin faydalılığından danışıb: “Həm dərslərimdə, həm də dərsdənkənar vaxtlarda istifadə etdiyim saytlarda dərsliklər elektron formada yerləşdirilib ki, istifadəsi çox rahatdır, istədiyimiz vaxt və istədiyimiz anda https://www.e-derslik.edu.az və https://www.trims.edu.az portallarından istifadə edə bilirik. Burada dərsləri öyrənmək daha əyləncəlidir. Portal bizə böyük imkanlar yaradır. Düşünürəm ki, elektron resurslardan səmərəli istifadə etməklə biz bilik və bacarığımızı daha da mükəmməlləşdirə bilərik”.

 

Niyazi RƏHİMOV

 



29.09.2023 | 10:10