Türkiyədən uzman həkimlər Naxçıvan Dövlət Universitetində olublar

Türkiyənin Ege Universiteti ürək-damar cərrahiyyəsi uzmanı, professor Suat Buket, ürək-damar cərrahiyyəsi kafedrasının professoru Çağatay Engin, həmçinin  Mərkəzi Gömrük Hospitalında Elmi Tədqiqat və Tədris Mərkəzinin direktoru, Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov  Naxçıvan Dövlət Universitetində olublar

 

Universitetin rektoru Elbrus İsayev qonaqları salamlayıb, onları ali təhsil ocağında görməkdən məmnunluq duyduğunu dilə gətirib. Rektor qeyd edib ki, 1999-cu ildə universitetdə təbiətşünaslıq fakültəsinin nəzdində ali tibb təhsilinin təməli qoyulub. Fakültənin maddi-texniki bazasını daha da möhkəmləndirmək və təhsilin keyfiyyətini yüksəltmək məqsədilə 2015-ci ilin may ayında universitetdə üç mərtəbəli kliniki xəstəxana istifadəyə verilib. Bildirilib ki, universitet xəstəxanasında müxtəlif xəstəliklərin müayinə və müalicəsi üçün ixtisaslaşmaqla  yanaşı, tələbələrin burada təcrübi dərslərinin keçirilməsi məqsədilə əlverişli imkanlar yaradılıb. Vurğulanıb ki, həmçinin tələbələr ixtisaslarının profillərinə uyğun olaraq muxtar respublikanın müvafiq xəstəxana­larından baza xəstəxanası kimi istifadə edirlər.

 

Rektor diqqətə çatdırıb ki, tibb fakültəsinin məzunları istər ölkə daxilində istərsə də xaricdə uğurla fəliyyət göstərməkdədirlər. Məzunlardan bir çoxu hal-hazırda Almaniya, İspaniya, Hollandiya, ABŞ, Nigeriya, Türkiyə, İran, Kipr, Gürcüstan kimi ölkələrdə çalışır və ya təhsillərini davam etdirirlər. Qeyd edilib ki, tibb fakültəsinin Türkiyənin bir sıra universitetləri ilə uzun illərdir sıx əlaqələri mövcuddur. E.İsayev bildirib ki, hər il tibb fakültəsinin yuxarı kurs tələbələri yay istehsalat təcrübələrinin böyük bir hissəsini Türkiyənin Trabzon, Erzincan, Erzurum, Kayseri, Qars və b. şəhərlərində yerləşən universitetlərin klinikalarında keçirlər.

 

Mərkəzi Gömrük Hospitalında Elmi Tədqiqat və Tədris Mərkəzinin direktoru  Rəşad Mahmudov 14 ildən artıqdır əhaliyə yüksəkixtisaslı və peşəkar tibbi xidmət göstərən mərkəz haqqında məlumat verib. Qeyd edilib ki, bu gün xəstəxanada tətbiq olunan yüksək tibbi texnologiyalar insan həyatını xilas etməyə və sağlamlığını qorumağa tam şəkildə imkan verir. Həmçinin diqqətə çatdırılıb ki, hospital müasir tibbi avadanlıqlarla təmin olunub.

 

Türkiyənin Ege Universitetinin ürək-damar cərrahiyyəsi uzmanı, professor Suat Buket, ürək-damar cərrahiyyəsi kafedrasının professoru Çağatay Engin çıxışlarında qeyd ediblər ki, İzmirdəki Ege Universiteti Tibb Fakültəsi hərtərəfli tibb təhsili verən əhəmiyyətli bir qurumdur. Güclü akademik heyəti və müasir tibbi tədqiqat mərkəzləri ilə tələbələrə geniş ixtisas seçimləri təklif edir. Eyni zamanda Ege Universiteti Xəstəxanası tələbələri praktiki təhsil imkanları ilə təmin edən  sağlamlıq müəssisəsidir.

 

Qarşılıqlı görüşdə birgə əməkdaşlıq barədə fikirlər səsləndirilib.

 

Sonra tibb fakültəsində həkimlər tələbələr üçün ustad dərsi keçiblər.

 

 



28.09.2023 | 17:00