Təhsil müəssisələrində Vətən şəhidləri anılıb | |
Paytaxtın ümumi təhsil müəssisələrində 27 sentyabr Anım Günü ilə bağlı tədbirlər təşkil olunub.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində Anım Günü ilə bağlı xüsusi dәrs, konfrans, seminar, mühazirə, “Dəyirmi masa”, vebinar, ədəbi-bədii kompozisiyalar, foto və rəsm sərgiləri, “Hüququndan keçәn әsgәr, hәrә bir qәhrәman oldu” mövzusunda inşa yazıları və yaradıcılıq müsabiqələri, intellektual oyunlar, fləşmob, idman yarışları keçirilib.
Qalib Azәrbaycan xalqı vә Müzәffәr Ali Baş Komandanın fəaliyyətindən irəli gələn ideyalara köklənən tədbirlərdə Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, 27 sentyabr Anım Günü barədə şagirdlərə ətraflı məlumat verilib.
Bildirilib ki, Vətən Müharibəsi zamanı haqq və şərəf işimiz olan, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirib.
Bununla da bizə tarix boyu unutmayacağımız şanlı Qələbəni yaşadıblar. Bu şanlı Qələbəyə gedən yolda canından keçərək əsl qəhrəmanlıq nümunəsi sərgiləyən Vətən övladlarının xatirəsinin yad olunması üçün Prezident İlham Əliyevin Sərəncamı ilə sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi təsis olunduğu şagirdlərin diqqətinə çatdırılıb.
Qeyd edək ki, şәhidlәrin xatirәsinә hәsr olunmuş ağacәkmә kampaniyaları, “Vәtәn var olsun!” şüarı ilə fləşmoblar, gülqoyma mәrasimlәri, şәhidlәrin ailәlәri ilә görüşlәr də keçirilib.
Bundan başqa, şagirdlərin Vətən Müharibəsi Memorial Kompleksinə və Hәrbi Qәnimәtlәr Parkına ekskursiyaları təşkil olunub.
|
|
27.09.2023 | 14:59 | |
|
|
|