Ali məktəblərdə və elmi-tədqiqat institutlarında Anım Günü tədbirləri | |
Azərbaycan Texnologiya Universitetində (UTECA) 27 Sentyabr-Anım Günü ilə bağlı tədbir keçirilib. Tədbirdə Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və qazilər iştirak ediblər.
Tədbirdən öncə universitetin həyətində şəhid məzun və tələbələrin xatirəsinə ucaldılmış abidə ziyarət edilib, önünə gül dəstələri düzülüb.
Sonra tədbir iştirakçıları “44 Gün, 44 An” adlı sənədli filmi izləyiblər. UTECA-nın rektoru vəzifəsini müvəqqəti icra edən dosent Yaşar Ömərov tədbirdə çıxış edərək Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı uğurlardan, mübariz əsgər və zabitlərdən, o cümlədən universitetin Vətən müharibəsində şəhid olan məzun və tələbələrindən danışıb.
YAP Gəncə Şəhər təşkilatının sədri Bayram Aslanov isə çıxışında Azərbaycan gəncliyinin vətənpərvər ruhda yetişməsindən, İkinci Qarabağ Müharibəsində şəhid və qazilərin misilsiz qəhrəmanlıqlarından bəhs edib. Gəncə şəhidi Nurhan Abbasovun anası Səidə Abbasova bütün şəhid analarının keçirdiyi hissləri bölüşüb.
Tədbirdə, həmçinin universitetin magistratura pilləsinin birinci kurs tələbəsi, Vətən müharibəsi şəhidi Anar Qarayevin qardaşı Allahverdi Qarayev, Gəncə şəhidi Mərhab Əliyevin qardaşı, Vətən müharibəsi iştirakçısı Şöhrət Əliyev, UTECA-nın qazi tələbəsi Gündüz Abdullayev çıxış edərək, 44 günün həm ağrılı, həm də qürurlu anlarından danışıblar.
UTECA-nın qazi məzununun valideyni, eyni zamanda maşın mühəndisliyi və logistika kafedrasının müdiri dosent Şakir Əliyev və universitetin əməkdaşı, I Qarabağ müharibəsi qazisi İsfəndiyar Hacıyev həmin illəri bir daha xatırlayaraq bütün şəhidlərə Allahdan rəhmət, qazilərə sağlamlıq diləyib.
...
Aşqarlar Kimyası İnstitutunda Yeni Azərbaycan Partiyası İlk Ərazi Təşkilatı, Azad Həmkarlar Təşkilatı və Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən icraçı direktor dosent Əfsun Sucayev bildirib ki, 27 sentyabr müasir tariximizə qəhrəmanlıq və şərəfli gün kimi daxil olduğu üçün heç zaman xalqımızın yaddaşından silinməyəcək: “Bu gün biz həm şəhidlərimizi anır, həm də 44 günlük müharibənin qələbə hissini yaşayırıq. Azərbaycan xalqının 30 illik Qarabağ həsrətinə 27 sentyabr 2020-ci il tarixində son qoyulub. Məhz həmin gün tarixi qələbəmizin başlandığı gündür. Bu Vətən müharibəsində institut əməkdaşlarımızın yaxın ailə üzvləri könüllü döyüşə gedib və qazi olaraq geri dönüblər. Onlardan ikisi hazırda tədbirimizdə iştirak edirlər”.
Tədbirdə AKİ Gənc Alim və Mütəxəssislər Şurasının sədri Günay İsmayılova “Vətən müharibəsi şəhidlərini hörmət və ehtiramla anırıq!” mövzusunda təqdimatla çıxış edib.
Digər çıxış edənlər Aşqarlar Kimyası İnstitutunun I Qarabağ müharibəsində ordumuzun strateji məhsullarla təmin olunmasında xüsusi xidmət göstərdiyini faktlarla qeyd ediblər.
Sonda tədbirdə iştirak edən qazilərə institut Azad Həmkarlar Təşkilatı adından hədiyyələr təqdim olunub.
...
Bakı Dövlət Universitetinin (BDU) kollektivi 27 Sentyabr – Anım Günü münasibətilə Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib.
BDU kollektivi Ulu öndər Heydər Əliyevin, ərazi bütövlüyümüz uğrunda şəhid olmuş qəhrəman Vətən oğullarının xatirəsini ehtiramla anaraq, məzarları üzərinə əklil və gül dəstələri qoyub.
BDU-nun 2 saylı tədris binasının qarşısında şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə də gül dəstələri düzülüb, şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Qeyd edək ki, BDU-da Anım Gününə həsr olunmuş xüsusi dərslər də keçirilib. Dərslərdə müəllimlər tərəfindən 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun şanlı Zəfəri haqqında məlumat verilib. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun işğalçı Ermənistan üzərində tarixi qələbəsindən və şücaətindən bəhs edilib.
...
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Assambleyası (NAYORA) və Azərbaycan Respublikası Gənclər Fondunun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə universitetin tərbiyə işləri üzrə prorektoru Ata Babayev çıxış edərək 27 sentyabrın Azərbaycan tarixində əlamətdar yerindən danışıb.
NAYORA-nın baş katibi Ramin Həbibzadə və sədr Azər Əliyev də Anım Gününün tarixi əhəmiyyətindən bəhs edib, gənclərlə milli təşkilatlar arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində görülən işləri diqqətə çatdırıblar.
Tədbirə qatılan Vətən müharibəsi iştirakçıları isə döyüş cəbhəsində yaşadıqları hiss və düşüncələrini bölüşüblər.
Daha sonra Milli Məclisin deputatı Naqif Həmzəyev çıxış edərək Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun tarixə yazdığı möhtəşəm qələbədən, bu qələbədə xalqın birliyindən, gənclərimizin şücaətindən danışıb. ...
27 Sentyabr - Anım Günündə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) kollektivi Vətən uğrunda canlarını fəda edərək, şəhidlik zirvəsinə ucalmış məzun və tələbələrin məzarlarını ziyarət edib, onların ailələrinə baş çəkiblər.
UNEC rektoru professor Ədalət Muradov və universitetin müəllim-tələbə heyəti Bakı şəhəri, II Fəxri Xiyabanda şəhid Əsəd Əsədlinin, Ülvi Hacıyevin, Mixail Həmidovun və Teymur Məcidzadənin məzarı önünə əklil və gül dəstələri düzərək, onların əziz xatirələrini dərin ehtiramla yad ediblər.
Bakı, Abşeron, Sumqayıt, Ağdaş, Sabirabad, İsmayıllı, Qəbələ Biləsuvar, Qax, Ağstafa, Gədəbəyə ezam olunan fakültə və struktur rəhbərləri, tələbə təşkilatlarının sədrləri, müəllim və tələbələr Suraxanı rayonu, Dədə Qorqud məzarlığındakı Şəhidlər xiyabanında Mürsəl Kazımlının, Biləcəri Şəhidlər xiyabanında Teymur Zeynalovun, Saray məzarlığında Vidadi Zalovun, Lökbatan Şəhidlər xiyabanında Məzdək Eyvazlının, Əhmədli məzarlığında Eldar Əliyevin, Suraxanı rayonu Qaraçuxur məzarlığında Tural Dadaşovun, Binə qəsəbəsindəki Şəhidlər xiyabanında Rüfət Əsgərovun, Qəbələ rayonunda Məhəmməd Qarayevin, Sabirabadın Qalağayın kəndində Süleyman Qarayevin, İsmayıllıda Aqil Mirzəliyevin, Yevlax rayonunun Xaldan kəndində Bəhruz Məmmədovun, Qaxın Almalı kəndində Anar Qarayevin, Biləsuvarın Cəbrayıl qəsəbəsində Böyükağa Şahverdiyevin, Ağdaşın Qarağan Sədi kəndində Naib Namətovun, Gədəbəyin Qoşabulaq kəndində Nofəl Quluyevin, Ağstafanın Dağ Kəsəmən kəndində Hikmət Şıxməmmədovun, Keşlə qəsəbəsi Şəhidlər xiyabanında Hüseyn Muradovun, Xırdalan şəhərindəki Şəhidlər xiyabanında Əli Ələkbərovun, Pirşağı kənd məzarlığında Mahir Mirzəyevin, Sumqayıt şəhəri Şəhidlər xiyabanında İşax Verdiyev, Əbil Cəbizadə, Fərhad Fərhadlının, Buzovna Şəhidlər xiyabanında Ağaəmi Heybətovun, Kürdəxanı məzarlığında Əhmədağa İskəndərovun məzarlarını ziyarət ediblər.
Anım Günü münasibətilə UNEC-in 47 şəhid məzun və tələbəsinin xatirəsinə ucaldılan Memorial-Xatirə Kompleksi də ziyarət olunub. Abidə kompleksinin önünə əklil qoyularaq, şəhidlərin əziz xatirəsi anılıb.
...
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) keçirilən tədbirdə şəhid ailələri, qazilər, müharibə iştirakçıları, universitet rəhbərliyi, müəllimlər və tələbələr iştirak ediblər.
AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova çıxış edərək Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbədən danışıb. Bildirib ki, 30 illik işğala son qoyan parlaq qələbəmiz, eləcə də Qarabağ bölgəsində həyata keçirilən lokal antiterror tədbirləri dövlətimizin, xalqımızın gücünü bütün dünyaya göstərdi.
Professor G.Məmmədova ötən 3 il ərzində işğaldan azad edilmiş ərazilərin bir hissəsində infrastrukturun qurulduğunu və keçmiş məcburi köçkünlərimizin doğma yurd yerlərinə qayıtdıqlarını deyib. “Bu gün Zəngilan, Laçın, Füzulidə vətəndaşlarımız üçün yüksək səviyyəli şəhər və kənd mühiti yaradılıb, onlar artıq həmin ərazilərdə yaşayır. Köç karvanımız artıq Qarabağa, Zəngəzura doğru hərəkət edir”. Rektor bu sevinci bizlərə yaşadan, qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edərək şəhidlik zirvəsinə ucalmış əsgər və zabitlərimizin ruhu qarşısında baş əydiyini, onların əziz xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını qeyd edib.
Mexanika və informasiya texnologiyaları fakültəsinin dekanı Sabir Məmmədov Vətən müharibəsində rəşadətli ordumuzun, o cümlədən AzMİU məzunlarının göstərdiyi qəhrəmanlıqdan danışıb.
AzMİU-nun şəhid məzunu Rauf İbadovun atası Məhərrəm İbadov isə çıxışında oğlunu xatırlayıb və onu vətəninə, millətinə böyük sevgi ilə yanaşan gənc kimi xarakterizə edib.
Şəhid Kəmaləddin Məmmədzadənin bacısı Ülkər Məmmədzadə isə qardaşını kövrək və qürurlu hisslərlə yada salıb.
AzMİU-nun tələbəsi, Vətən müharibəsi iştirakçısı Rövşən İsgəndərli isə tədbir iştirakçılarına keçdiyi döyüş yolundan danışıb.
Qeyd edək ki, Anım Günü ilə əlaqədar AzMİU-da ilk dərslər vətənpərvərlik mövzusuna həsr olunub.
...
Naxçıvan Dövlət Universitetində Anım Günü çərçivəsində Vətən müharibəsi qaziləri ilə tələbələrin “Şəhidlərin şahidləri” adlı görüşü təşkil edilib.
Şəhid və qazi övladlarının da iştirak etdiyi tədbirdə ali təhsil ocağının rektoru Elbrus İsayev çıxış edərək Vətən müharibəsində qazanılan Zəfərdən söhbət açıb. Qeyd olunub ki, Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə yazılan 2020-ci ilin sentyabr ayından üç il ötsə də, o tarixi qələbə hələ yüz illərlə xatırlanacaq:”Çünki qüdrətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində böyük Zəfərə, unudulmaz tarixi qələbəyə imza atdı. Ölkə Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun xalqımıza bəxş etdiyi sevinci hər bir azərbaycanlı bu gün böyük qürur hissi ilə yaşayır”.
Müzakirə formasında davam edən tədbirdə Naxçıvan Qaziləri İctimai Birliyinin sədri Ceyhun Bayramov, II Qarabağ müharibəsi qaziləri, Pərviz Muradov və Nurlan Quliyevin döyüş xatirələrinə nəzər salınıb, tələbələri maraqlandıran suallar ətraflı cavablandırılıb.
...
Azərbaycan Dillər Universitetində (ADU) keçirilən tədbirdə universitetin əməkdaşları, müəllimləri və tələbələr iştirak ediblər.
ADU-nun rektoru akademik Kamal Abdulla 27 sentyabrın əhəmiyyətindən danışıb. Qeyd olunub ki, bu gün Azərbaycan tarixinə qızıl hərflərlə həkk edilib:
“Bu gün Azərbaycan öz ərazi bütövlüyünü tam olaraq bərpa edib. Bu, böyük tarixi uğurdur və gələcəkdə Azərbaycanın daha parlaq, işıqlı bir dövlət kimi mövcudluğunun təminatıdır. Biz şəhidlərimizə, qazilərimizə borcluyuq. Bu borcu öz işimizdə layiqli xidmətimizlə göstərməliyik. İnanıram ki, hər birimiz bu böyük tarixi günün əhəmiyyətini və məsuliyyətini dərk edib, Azərbaycanın daha da inkişaf etməsinə təkan verəcəyik. Bizim qayəmiz ancaq və ancaq bir olmaldır: Azərbaycan, Azərbaycan, Azərbaycan! Biz, Azərbaycan bayrağına, Azərbaycan himninə, Azərbaycan Prezidentinə layiq olmalı, üzərimizə düşən məsuliyyəti daha dərindən dərk etməliyik”.
ADU-nun elm və innovasiyalar üzrə prorektoru professor Novruz Məmmədov Anım Gününün tarixi əhəmiyyətindən danışıb, şəhidlərimizə rəhmət diləyib.
Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor, millət vəkili Tamam Cəfərova Vətən müharibəsi və Azərbaycan ordusunun bir gün çəkən uğurlu anti-terror əməliyyatından söz açıb, qələbəni birlik sayəsində əldə etdiyimizi vurğulayıb.
Beynəlxalq jurnalistika şöbəsinin müdiri, baş müəllim Nərgiz Çərkəzqızı 1994-cü ildə Birinci Qarabağ müharibəsində şəhid olan qardaşı haqqında xatirələrini bölüşüb. O, həmçinin hazırkı dövrdə informasiya savaşının önəmindən söz açıb, gənclərə sosial şəbəkələrdən düzgün istiqamətdə faydalanmağı tövsiyə edib.
Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının dosenti Qorxmaz Mustafayev 44 günlük müharibənin yeni dövrün başlanğıcı olduğunu, əldə etdiyimiz qələbənin əsasının Ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu, Prezident İlham Əliyev tərəfindən isə layiqli davam etdirildiyini bildirib.
Tədbirdə tələbələrin ifasında Anım Günü ilə bağlı “Qələbəyə gedən yollar” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub.
...
Naxçıvan Müəllimlər İnstitutunda keçirilən tədbirdə çıxış edən rektor Azad Novruzov “Anım Günü”nün təsis edilməsi haqqında Prezident sərəncamını diqqətə çatdırıb, 27 sentyabrdan etibarən qazandığımız uğurları xatırladıb:”44 gün davam edən Vətən müharibəsində igid, cəsur, qəhrəman oğullarımız göstərdikləri şücaətlə bir daha sübut etdilər ki, xalq şəhid verirsə, deməli, o xalq böyük xalqdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Milli Ordunun rəşadəti, xalq-dövlət birliyi ilə İkinci Qarabağ müharibəsində qazanılan Zəfər Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri kimi yaddaşlara yazıldı. Bu tarix doğma torpaqlarımızı işğaldan azad etmək, ölkəmizin sərhədlərini təxribatlardan qurtarmaq üçün iradəmizin güclü təməli, Qarabağda erməni hökmranlığını başa çatdıracaq hərbi-siyasi gücümüzün ortaya qətiyyətlə qoyulduğu, milli ruhumuzun, milli həmrəyliyimizin öz sözünü kəskin dediyi şərəfli bir tarixdir. 27 sentyabr - uzaq keçmişdən başlayan ədalətsiz tarixi prosesi kökündən dəyişdi”.
Sonra şəhid Vəli Quliyevin ailəsi ilə çəkilən və institut tələbələrinin iştirak etdiyi videoçarx nümayiş olunub və çıxış edən qazilər-baş leytenant Hüseyn Həsənov, ehtiyatda olan leytenant Fərdi Məmmədov, əsgər Elsun Nəcəfzadə və Əyyub Sadıqov Qarabağda keçirilən antiterror əməliyyatının onlara bəxş etdiyi qürurdan, döyüş xatirələrindən danışıb.
Tədbirin sonunda tələbələrin ifasında Vətən müharibəsinə həsr edilmiş ədəbi-bədii kompozisiya nümayiş olunub.
|
|
27.09.2023 | 13:48 | |
|
|
|