Vətən Müharibəsi Qəhrəmanı məktəblilərlə görüşdü | |
“Məktəbdə...” layihəsinin yeni dərs ilində ilk görüşü paytaxtdakı 300 nömrəli tam orta məktəbdə keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan, “Kaspi” qəzeti və “Kaspi.az” saytının informasiya dəstəyi ilə ərsəyə gələn layihənin budəfəki qonağı Vətən Müharibəsi Qəhrəmanı, polkovnik-leytenant Anar Mirzəyev olub.
Görüş Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Qonaq özünün məktəb illəri, ilk müəllimləri, məktəb yoldaşları ilə bağlı xatirələrini bölüşüb, indiki məktəbli gənclərlə öz dövrü arasındakı oxşar və fərqli cəhətlərdən söz açıb. Şagirdlərlə səmimi ünsiyyət şəraitində keçən görüşdə A.Mirzəyev 3 il əvvəl Vətən Müharibəsinin başlanması ilə bağlı Ali Baş Komandanın döyüş əmrindən sonra həm ön, həm də arxa cəbhədə insanların birliyi, göstərilən qəhrəmanlıqlardan, bir neçə gün əvvəl Qarabağda keçirilən anti-terror əməliyyatlarında Azərbaycan Ordusunun daha bir missiyanı uğurla yerinə yetirməsindən, Vətən Müharibəsi ilə bağlı yaddaşından silinməyən hadisələrdən bəhs edib.
Bir qəhrəman qazi üçün Zəfərin anlamından danışan A.Mirzəyev millət üçün birliyin, həmrəyliyin önəmi və bu məsələdə gənclərin üzərinə düşən vəzifələrdən, şagirdlərin ləyaqətli insan, əsil vətəndaş olaraq yetişməsində təhsil müəssisələrinin rolundan söz açıb, şagirdləri düşündürən sualları cavablandırıb.
Qeyd edək ki, "Məktəbdə...” layihəsinin əsas məqsədi şagirdlərə mənəvi-əxlaqi dəyərlərə hörmət və ictimai məsuliyyət hissi aşılamaq, mütaliəyə marağı artırmaq, vaxtın düzgün idarə olunması, mühitə adaptasiya yollarını təbliğ etməkdən ibarətdir.
|
|
27.09.2023 | 11:13 | |
|
|
|