Aşqarlar Kimyası İnstitutunun alimləri bəzi patoloji proseslərə qarşı yeni nəsil inhibitorları yaradıblar | |
Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutu 2023-cü il ərzində müştərək beynəlxalq fundamental tədqiqatlar çərçivəsində mühüm elmi nəticələr əldə edib.
İnstitutdan verilən məlumata görə, ilk növbədə Türkiyənin Atatürk və Bartin Universitetləri ilə birlikdə canlı orqanizmlərin bəzi patoloji proseslərinin yeni nəsil inhibitorları yaradılıb. Sintez edilmiş birləşmələrin fermentlər və onların izoformaları üzrə inhibitor fəallığı müfəssəl tədqiq olunub, molekulyar dokinq simulyasiyası aparılıb və yeni molekulların fermentlərlə qarşılıqlı təsirindən qeydə alınan göstəricilər standart dərman maddələri ilə müqayisədə ən yüksək biokimyəvi aktivliyə malik olduğunu təsdiqləyib. Xüsusən, karbon anhidraz izoenzimin yeni inhibitorları retinal kapilyarları genişləndirmək və kapilyar tıxanma kimi bəzi patoloji proseslərin qarşısını almaq qabiliyyətinə malikdir.
Digər mühüm nəticə Portuqaliyanın Lissabon Universitetinin əməkdaşları ilə fərqli əvəzolunmuş və halqa böyüklüyünə sahib pirazol əsaslı birləşmələrin yeni metal komplekslərinin sintezi və onların katalitik fəallıqlarının tədqiqi ilə bağlıdır. Müasir fiziki-kimyəvi analiz üsulları ilə struktur təhlilləri aparılıb, həmin yeni birləşmələrin beynəlxalq axtarış proqramları ilə dünya ədəbiyyatlarında indiyə qədər məlum olmadıqları təsdiqlənib. Pirazol əsaslı komplekslərin stirolun benzaldehidə peroksid oksidləşməsində katalitik fəallığı öyrənilən zaman məlum olub ki, ənənəvi katalizatorlardan fərqli olaraq optimal şəraitdə dörd yeni kompleksin katalitik təsirindən məqsədyönlü məhsul kimi benzaldehidin çıxımı 80 %-ə qədər artır.
Bakı Dövlət Universitetinin analitik kimya kafedrası və Fizika Problemləri Elmi-tədqiqat İnstitutu ilə isə zərif üzvi sintez üsulları və kompüter kimyasının ən son imkanlarından istifadə etməklə N-əvəzli tiokarbamidlərin ilk dəfə olaraq metal kompleksləri alınıb. Müasir fiziki-kimyəvi analiz üsulları ilə yeni metal komplekslərin quruluşu təsdiqlənib, sabit strukturları ilə xarakterizə olunan həndəsi, enerji və elektron parametrləri müəyyən edilib. Model reaksiyalar vasitəsilə müəyyən edilib ki, sintez edilmiş komplekslər karbohidrogenlərin oksidləşməsinin qarşısını effektiv olaraq alır.
Əldə edilən mühüm nəticələr dünyanın nüfuzlu Web of Science bazasına daxil olan yüksək impakt faktorlu jurnallarda dərc olunub, qısa müddətdə onlara dünya alimləri tərəfindən 100-ə yaxın istinad göstərilib.
|
|
26.09.2023 | 10:03 | |
|
|
|