Naxçıvan Dövlət Universitetində Kardiologiya konqresi

Naxçıvan Dövlət Universitetinin (NDU) Beynəlxalq məktəbində Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş  Naxçıvan Muxtar Respublikası Kardiologiya konqresi keçirilib.

 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, NDU, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti və Azərbaycan Kardiologiya Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilən konqresdən əvvəl qonaqlar  Ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucalan heykəli önünə gül dəstələri qoyub, sonsuz ehtiramlarını bildiriblər.

 

Sonra Heydər Əliyev muzeyinin zəngin ekspozisiyası ilə tanışlıq zamanı qonaqlara məlumat verilib ki, buradakı eksponatlar görkəmli dövlət xadiminin ictimai-siyasi fəaliyyətini, keçdiyi şərəfli həyat yolunu özündə əks etdirən kitab, qəzet və jurnallardan, 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı və Ali Məclisin Sədri kimi işləyib hazırladığı, qəbul etdiyi tarixi qərar və sərəncamlardan, imzalanmış protokol və müqavilələrdən, məktub və teleqramlardan, istifadə etdiyi xatirə əşyalarından, Ulu Öndərin şərəfinə toxunmuş xalçalardan, çəkilmiş portretlərdən, tarixi fotolardan və sənədli filmlərdən ibarətdir.

 

Konqresin açılışında NDU-nun rektoru Elbrus İsayev qonaqları salamlayıb və konqresin işinə uğurlar arzulayıb. Rektor Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda ali təhsil ocağının qarşıdakı mərhələlər üzrə perspektivlərini diqqətə çatdırıb. E.İsayev yeni yaradılacaq tibb kampusunun əsasının qoyulmasını gələcəkdə muxtar respublika səhiyyəsinə töhfə verməklə bərabər, beynəlxalq aləmdə qazanılan uğurların davamı olacağına əminliyini ifadə edib.

 

Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini, nazir səlahiyyətlərini müvəqqəti icra edən Samiq Sadıxov Ulu Öndərin əsasını qoyduğu səhiyyə siyasətinin  bu gün də yüksələn xətlə inkişafından söhbət açıb. Bildirilib ki, Naxçıvanın səhiyyə sistemində son aylarda həyata keçirilən köklü islahatlar muxtar respublikada tibbi xidmətin müasir və üstün yanaşma ilə qurulmasına, tibbin bütün istiqamətlərində keyfiyyətin artırılmasına yönəlib.

 

Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri Üzeyir Rəhimov isə qeyd edib ki, bu gün digər sahələrdə olduğu kimi, səhiyyə sahəsində də Ulu Öndərin sosialyönümlü siyasət strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi altında səhiyyə sistemində aparılan əsaslı islahatlar sayəsində səhiyyə idarəçiliyi və maliyyələşməsinin yeni müasir konsepsiyalara uyğun formalaşdırılması, ən yaxşı beynəlxalq təcrübədən istifadə bu islahatların təməlini təşkil edir. Ü.Rəhimov vurğulayıb ki, 12 ildir fəaliyyət göstərən cəmiyyətin əsas məqsədi kardioloqların elmi səviyyəsini yüksəltməkdir. Bu məqsədlə keçirilən tədbirləri önə çəkən cəmiyyətin sədri onu da əlavə edib ki, artıq dördüncü dəfədir, Naxçıvanda keçirilən konqreslərə qatılır, bu istiqamətdə təcrübələrini bölüşürlər.

        

Sonra Azərbaycan Ürək-Damar Cərrahiyəsi Cəmiyyətinin sədri Kamran Musayev,  YAP İdarə Heyətinin üzvü Tofiq Cahangirov, Azərbaycan Kardiologiya Cəmiyyətinin İdarə Heyətinin üzvü Tofiq Sadıqov, “Naxçıvan Muxtar Respublikası Həkimlərinin Assossasiyası” İctimai Birliyinin sədri İsa Abdullayevin çıxışları dinlənilib.

        

Konqres iki gün davam edəcək. Konqresdə ixtisaslı peşəkar həkimlərin çıxışları ilə yanaşı, Klinik hallar ilə EKQ, Kardiak Anatomiya, Ürək ağciyər canlandırma (CPR) kursları da təşkil olunacaq.  

 

 



22.09.2023 | 17:57