Mühəndislik elmləri üzrə II Beynəlxalq konfrans

Azərbaycan Texnologiya Universiteti (UTECA) və Türkiyənin İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutunun (İKSAD) birgə təşkilatçılığı ilə Mühəndislik elmləri üzrə II Beynəlxalq konfrans öz işinə başlayıb.

 

Hibrid qaydada baş tutan konfransın plenar iclası UTECA-da keçirilib.
 

Tədbirdən öncə Ulu öndər Heydər Əliyevin büstü və universitetin  şəhid tələbə və məzunlarının abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.
 

UTECA-nın rektoru vəzifəsini müvəqqəti icra edən dosent Yaşar Ömərov konfransın mövzusunun aktuallığından danışıb, konfransa 10 ölkədən 121 məqalənin göndərildiyini qeyd edib.
 

Daha sonra İKSAD-ın prezidenti Dr. Mustafa Latif Emek,  elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, Azərbaycan Milli Elmlər Akademiyasının vitse- prezidenti akademik Rasim Əliquluyev çıxış edərək konfransın işinə uğurlar arzulayıblar.
 

Plenar iclasda ”Azəralüminium” MMC Gəncə İstehsalat Kompleksinin direktoru Cəmil Səfərov və UTECA İnnovasiya Mərkəzinin direktoru Şamo Salayevin məruzələri dinlənilib.
 

İclas zamanı İKSAD-ın Azərbaycan təmsilçisi Əlvan Cəfərov dosent Yaşar Ömərova İKSAD-ın təltifnaməsini təqdim edib. Y.Ömərov isə İKSAD rəhbərliyinə  "Şuşa" tablosunu hədiyyə edib.
 

Konfrans öz işini 15 istiqamət üzrə bölmələrdə davam etdirib. Panellərin bir hissəsi Türkiyədə təşkil olunub.



22.09.2023 | 13:42