“AZƏRBAYCAN bayrağını həmişə yüksəklərə qaldıracağıq” - olimpiada qalibləri

Biliyinə  yetərincə güvənən yeniyetmə və gənclərin çoxdan həvəslə gözlədikləri bir bilik yarışması da bu günlərdə  öz müsbət nəticələri ilə ürəkləri  sevindirdi. Artıq bir müddətdir ki, Gürcüstanın Kutaisi şəhərində keçirilən  Yeniyetmələrin Avropa İnformatika Olimpiadası barədə təhsil ocaqlarında, radio və televiziya kanallarında,  mətbuat səhifələrində maraqlı fikirlər yer almaqda davam edir. Bu olimpiadaya dünyanın 24 ölkəsindən 96 məktəbli qatılıb və bunların da arasında 4  azərbaycanlı  şagird iştirak edib.  Sevindirici haldır ki, mötəbər bilik yarışmasının nəticələrinə görə Akademik Zərifə Əliyeva adına liseyin 10-cu sinif şagirdi Ayxan Dəmirli gümüş medala, Fizika,  riyaziyyat və informatika təmayüllü respublika liseyinin 10-cu sinif şagirdləri Raul Cəfərli və Elvin İmanlı bürünc medala, Sumqayıt şəhəri 23 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi   Nəsir Bəşirov isə həvəsləndirici mükafata layiq görülüblər. Məlumat üçün bildirək ki, artıq 7-ci dəfə təşkil olunan bu olimpiadaya şagirdlərimiz 2017-ci ildən  qatılırlar. Təbii ki, bu yarışmalarda uğurlarımız da kifayət qədər qənaətbəxş olub və  məktəblilərimiz 3 gümüş və 6 bürünc medala sahib ola biliblər.

 

Azərbaycanı onlara o qədər sevdirdim ki...

 

....Gərgin keçən son olimpiada haqqında  təəssüratlarını bölüşərkən Akademik Zərifə Əliyeva adına liseyin şagirdi Ayxan Dəmirli bu gün də öz həyəcanını gizlədə bilmirdi. Yeniyetmə olimpiada qalibi deyir ki, qaliblərin adları çəkiləndə o qədər həyəcanlı idi ki, bunu təsəvvür belə etmək mümkün deyildi. Özümə nə qədər güvənsəm də  adımı olimpiada qaliblərinin siyahısında eşidəndə qulaqlarıma inanmadım. Çünki bu, doğrudan da çox mötəbər  bir yarışma idi və etiraf edim ki, iştirakçılar hamısı güclü rəqiblər idilər. Düzdür, müəllimimə 1-ci yeri qazanacağımı söz vermişdim, ancaq gümüş medala sahib oldum. Bunun da bircə səbəbi var idi.

 

Olimpiada mənim təsəvvür etdiyimdən qat-qat çətin idi. Ancaq zərrəcə ruhdan düşməmişəm. Bilirsinizmi niyə? Çünki mən orada özümə çoxlu maraqlı dostlar qazandım. Biz olimpiada müddətində birgə hazırlaşırdıq, bir-birimizə kömək olurduq, demək olar ki, darıxmağa vaxt tapmırdıq. Özümü vətənim Azərbaycanda olduğum kimi  hiss edirdim.  Dostlarımla ingilis dilində sərbəst danışır, onlarla fikir mübadiləsi aparırdım. Müxtəlif ölkələrin təmsilçilərinə  təhsil aldığım lisey haqqında, şəhərimiz, adət-ənənələrimiz barədə ətraflı məlumatlar verirdim. Onlar da öz məktəbləri və  ölkələrinin maraqlı tarixçələri barədə mənə  geniş  bilgilər  verirdilər. Azərbaycanı onlara o qədər sevdirdim ki, artıq Bakıya gəlmək, doğma paytaxtımız haqqında danışdıqlarımı gözləri ilə görmək həvəsində olduqlarını bildirirdilər. Mən də təbii olaraq böyük məmnuniyyətlə dostlarımı vətənimizin dilbər guşələri ilə tanış olmağa dəvət etdim.

 

İlk  sevincimi  də müəllimlərimlə  bölüşdüm

 

Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyinin şagirdi Raul Cəfərli də böyük məmnuniyyətlə olimpiada haqqında təəssüratlarını bölüşdü. Dedi ki, belə bir məsuliyyətli bilik yarışmasında təmsil olunmağım  ruhumu  göylərə qaldırdı. İnanın, mənim üçün iştirakçı olmağın özü artıq qalib olmağa bərabər kimi idi. Yarışöncəsi düşünürdüm ki, dünyaca məşhur olan karifeylərin də elə taleləri belə gülüb üzlərinə, ilk pillə və sonrakı yüksəlişlər. Demək, mənim də ilk pilləm elə bu bilik yarışması olacaq. Qalib olmağa ümidimi artıran amillərdən biri də bu idi ki, informatika müəllimlərimiz Rəşad Məmmədov, Kənan Əsgərli, Ruslan Mehdiyev də bizimlə idilər. İlk sevincimi də müəllimlərimlə bölüşdüm.

 

Müxtəlif illərdə  respublika fənn olimpiadalarında informatika fənlərindən bir qızıl, bir gümüş medallara layiq görülən həmçinin ötən ildə keçirilmiş İnfo, (1) Cup olimpiadasında bürünc medal qazanan Raul Cəfərli öz təəssüratlarını bölüşərkən  dedi ki, Gürcüstanın Kutaisi şəhərində yeddi gün qalıblar. İmtahanlardan sonra hər dəfə Kutaisinin gəzməli-görməli yerlərinə gəzintiyə çıxır, ekskursiyalar təşkil ediblər. Fransalı dostu Raphaellə ünsiyyəti də olduqca xoşuna gəlib. Onunla ingiliscə imtahan suallarını birlikdə hazırlayıb.

 

Arzular tükənməz olur

 

Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyinin şagirdi Elvin İmanlı da imtahan ərəfəsində yaşadığı sevincli, eyni zamanda həyəcanlı anlardan söz açıb. Bildirib ki,  arzulardan arzu doğduğuna bu dəfə bir daha inandım. Arzularsa tükənməz olur,-deyirlər. Belə bir mötəbər bilik yarışmasında iştirak etmək  vaxtı ilə mənim də  ümdə arzum idi. İndisə o reallaşdı və yeni arzular, başqa fərqli olimpiadalara qatılmaq  arzusu yaranır. Uğurlarımızda müəllimlərimizin əməyinin əvəzsiz olduğunu xüsusilə vurğulamaq istəyirəm. Hər dəfə olimpiadalardan  medallarla qayıdanda onların sevincinin hədd-hüdudu olmur. Çünki həmin medallar məhz  müəllimlərimizin gərgin əməyi nəticəsində olub. Biz qazandığımız bütün uğurlara görə  müəllimlərimizə borcluyuq. Arzum gələcəkdə ali təhsilimi xarici ölkələrin birində davam etdirməkdir.

 

Daha çox çalışacağına söz verdi

 

Həvəsləndirici mükafat sahibi olan Sumqayıt məktəblisi, 23 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Nəsir Bəşirov  da olimpiadanın nəticələrindən razı qaldığını söylədi. Nəsir daha çox bal toplaya biləcəyini, ancaq həyəcandan canını qurtara bilmədiyini gülə-gülə etiraf etdi. Ən  böyük arzusu ölkəmizi daha mötəbər yarışlarda təmsil etməkdir. Qürurla əminliyini ifadə edir ki, Azərbaycan bayrağını həmişə yüksəklərə qaldıracağıq. Müxtəlif illərdə keçirilən bilik yarışmalarında 2 qızıl, 1 gümüş, 3 bürünc medal qazanan gəncimiz  növbəti yarışmalarda da birincilik qazanacağına ümid bəsləyir. Məktəbli  olimpiada ərəfəsində dost olduğu həmyaşıdları ilə bağlı  xoş və səmimi təəssüratlarını  bölüşdü  və daha çox çalışacağına söz verdi.

 

...Demək olar ki, olimpiada iştirakçılarının hamısı eyni əhvali-ruhiyyə ilə  bu mötəbər bilik yarışmasında qazandıqları uğurlarla bərabər tanış olduqları məktəbli  dostlarının  onların hər biri  üçün necə  əziz və qiymətli olduğu, dostlarla ünsiyətlərin yaddaşlarında buraxdıqları  silinməz izlər  barədə hədsiz sevinc  və fərəh hissi ilə söz açırdılar.  Gürcüstanın Kutaisi şəhərində onların keçirdikləri  yaddaqalan günlərin  həyatlarında  buraxdığı izlər barədə olimpiada iştirakçılarının hər birinin dilindən ayrı-ayrılıqda eşitdim.

 

Etiraf edim ki, xoş əhvali-ruhiyyəyə  köklənən  olimpiada qalibləri ilə  söhbətdən  heç mən də doymadım. Saatlarla söylədikləri   maraqlı  tarixçələri dinləmək özümdə də xoş ovqat yaradırdı. Adam  lap  təzədən  gəncləşmək, çoxdan arxada qoyduğu tələbəlik illərinin maraqlı anlarını olimpiada qalibləri ilə  bərabər yaşamaq istəyirdi.

 

Sifai SƏFƏROVA 

 



22.09.2023 | 16:16