“İbtidailər”in sevimli Natəvan müəllimi

Təhsil sistemində keyfiyyətə xidmət edən bütün islahatlar məhz onlardan başlanır - “ibtidailər”dən. Öncə diaqnostik qiymətləndirmədən, sonra sertifikasiyadan uğurla keçən ibtidai sinif müəllimi Natəvan Məmmədova müəllimlərin bacarıqlarını qiymətləndirən bu imtahanlardan əvvəl könülləri qazanıb. 1995-ci ildən bəri müəllimi olduğu Binəqədi rayonu Qamət Abbasov adına 284 nömrəli tam orta məktəbin nüfuzlu, sevilən, valideynlərin ən çox seçdiyi müəlliminə çevrilib. Öncə sinfə, sonra məktəblə yenicə tanış olan balaca ürəklərə daxil olub. O gündən şagirdlərini öz balası bilib, onların sevincinə sevinib, onlarla birgə ağlayıb. Məktəb qapısından içəri girdiyi andan özünü unudub, ürəyi uşaqları ilə atmağa başlayıb.

 

Müəllimliyin bir addımlığında...

 

Natəvan Məmmədova 1968-ci il noyabrın 25-də anadan olub. Bakıdan xeyli uzaqda, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda doğulub. Orta təhsilini də, ali təhsilini də Naxçıvanda alıb. Naxçıvan Dövlət Universitetinin ibtidai sinif müəllimliyi ixtisası üzrə məzunu olub.

 

Məzun olarkən olduğu qədər müəllimliyə başlayarkən xoşbəxt ola bilməyib. Baxmayaraq ki, həvəslə seçdiyi müəllimlik ixtisası ən şirin xəyalı, əsas hədəfi idi. Amma müəllimliyin bir addımlığında baş verənlər onu bu xəyalından uzaqlaşdırmış, xoşbəxtlik çox aralıda dayanmışdı. İkisi də uzaq görünürdü o günlərdə. Yenicə ailə qurduğu, sevdiyi, xoşbəxt bir ömür keçirəcəyinə inandığı bir insanı itirmişdi: “1993-cü ilin dekabrında yoldaşım İlqar Məmmədov şəhid oldu. Ondan 4 ay sonra qızım dünyaya gəldi. Qızımı böyütmədən işləyə bilmədim. Mənəvi və psixoloji durumum da buna imkan vermirdi”.

 

Müəllimlik arzularda qalacaq?

 

Halbuki yenicə təhsil sənədini alaraq müəllimliyə vəsiqə, sinfə girməyə hüquq qazanmışdı Natəvan Məmmədova. Üstəlik, onu müəllim kimi görmək atasının da ən böyük arzusu idi: “Müəllim olmağım atamın arzusu idi. Oxuyub bu peşəyə yiyələnəcəyim günü gözləyirdi. Onun dilə gətirdiyi arzular illər keçdikcə mənim hədəfim oldu. Müəllimliyə sevgi atamdan mənə keçdi”.

 

Müəllimlik sevgisi atadan qızına keçdi. Fəlakət o sevgini öldürəcəkdi, yoxsa əksinə, təsəlliyə çevirib böyüdəcəkdi?

 

Müəllimlik sevgisi Natəvan Məmmədovanın illərlə xəyalını qurduğu peşə idi. Gözünün önündə bir nümunə də vardı, ibtidai sinif müəllimi: “Müəllimliyi sevdirən ibtidai sinifdə mənə dərs deyən Gülpəri müəllimim olub. Onun yolunu davam etdirmək istəmişəm”.

 

Başına gələnlər nə qədər ağır olsa da, həyatında ümid işığı da vardı: qucağında sevdiyinin yadigarı, ürəyində müəllimlik arzusu, əlində ona sinfə girmək hüququ verən təhsil sənədi. Elə bu dəyərlər ona həyatının sonrakı mərhələsinə hardan başlayacağını,  hara istiqamətlənəcəyini göstərən ən yaxşı yol işarəsi idi. O da bu işarələri təqib etdi: “1995-ci ildə iş üçün müraciət etdim və şəhid ailəsinin üzvü kimi dərhal işlə təmin olundum”.

 

“Məqsədimə çatmışam!”

 

Məktəbə işə alınması ilə sinfə girməsi bir olub Natəvan müəllimin.Uşaqlıqdan ürəyində bəslədiyi bu arzusunu reallaşdırmaq üçün vaxt itirmək istəməyib: “Şagirdlərimi öz uşaqlarım kimi sevdim. Bunun nəticəsidir ki, 1995-ci ildə dərs dediyim uşaqlar həmişə məni axtarırlar. Şagirdlərimin nailiyyətləri məni çox sevindirir. Demək olar ki, sinfimin 90 faizi yaxşı nəticə qazanır. Şagirdim olmuş, yüksək vəzifələrdə çalışan nüfuzlu insanlar çoxdur”.

 

Natəvan müəllim məqsədinə artıq çatdığını düşünür: “Məqsədim Gülpəri müəllimim kimi bacarıqlı, vətənpərvər, millətinə bağlı şəxsiyyətlər yetişdirmək idi. Düşünürəm ki, məqsədimə çatmışam. Necə ki, mən ibtidai sinif müəllimimin yolunu davam etdirirəm, şagirdlərim arasında da mənim yolumu davam etdirənlər çoxdur”.

 

Ruhiyyə DAŞSALAHLI

 



22.09.2023 | 14:16