Təhsildə əlçatanlıq, bərabər imkanlar

Ölkəmizdə son illər ərzində təhsil sahəsində aparılan islahatların əsas istiqamətlərindən biri də təhsilin əlçatanlığını təmin etmək, təhsilalanlara geniş imkanlar yaratmaqdır. Bu məqsədlə həyata keçirilən bir sıra sosialyönümlü layihələr yeniyetmə və gənclərin təhsil almasına, onların vətəninə, millətinə layiqli vətəndaş kimi yetişdirilməsinə şərait yaradır. Artıq 2 ildir ki, yaradılan Təhsil Tələbə Kredit Fondu (TTKF) bu istiqamət üzrə atılan ən mühüm addımlardan biridir.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 iyun 2021-ci il tarixli müvafiq Fərmanına əsasən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondu yaradılıb.

 

Layihə yarandığı andan etibarən əsas strateji məqsədi təhsilin hamının, xüsusilə də  əhalinin aztəminatlı ailələrindən olan vətəndaşların təhsilə çıxış imkanlarını, təhsilin əhatə dairəsini genişləndirmək, hər bir tələbəyə istədiyi ixtisasda, istiqamətdə təhsil ala bilməsi üçün şərait yaratmaqdır.

 

Təhsil Tələbə Kreditinin şərtləri

 

Təhsil tələbə krediti (TTK) universitetlərin bakalavriat və magistratura (rezidentura) səviyyələrində, orta ixtisas təhsili pilləsində və peşə təhsili pilləsinin yüksək texniki peşə səviyyələrində əyani və ödənişli əsaslarla təhsil alan tələbələrə verilir. TTK-nə müraciət etmək üçün tələbədən  tədrisə tam cəlb olunaraq təhsil müəssisələrində əyani təhsil alması, hər tədris semestri üçün müraciət etməsi və son semestr üçün akademik borcu olmaması tələb olunur. Buna nəzərən, təhsil tələbə krediti sosial və standart növlərə ayrılır. Sosial təhsil tələbə krediti almaq hüququ kimlərə şamil olunur? Onlar, ünvanlı dövlət sosial yardımı olan ailələrin üzvləri, 3-cü dərəcəli əlilliyi olan şəxslər, “Müharibə veteranı” adı almış, ailə başçısını itirməsinə görə əmək pensiyası alan tələbələrdir. Həmçinin, hər 2 valideyni (tək valideyni olduqda, həmin şəxs) 1-ci və ya 2-ci dərəcə əlilliyi, işsiz kimi qeydiyyatı, yaşa görə əmək pensiyası və yaxud yaşa görə sosial müavinəti varsa və bu şərtlərin ən azından birini ödəyirsə həmin şəxslər TTK-nin sosial növündən yararlanır. Standart təhsil tələbə kreditini isə ümumi orta müvəffəqiyyət göstəriciləri (ÜOMG) 71 bal və yuxarı olan, təhsil haqqı xərcinin 20 faizini özü tərəfindən ödəyən və sosial tələbə krediti almaq hüququ olmayan şəxslər əldə edir. Standart TTK üzrə birinci kursun birinci semestrində ÜOMG balı olmadığı üçün qəbul balı 250 bal olması tələb olunduğu halda, sosial TTK-də  heç bir bal limiti qoyulmur. Nəticə olaraq, sosial TTK almaq hüququ yuxarıda qeyd olunan şərtlərin hər hansı biri olduqda, standart TTK almaq hüququ göstərilən şərtlərin hər üçü eyni vaxtda yarandıqda təmin olunur.

 

Təhsil tələbə kreditində tələbələrə güzəştlər...

 

Məlum olduğu kimi, TTK üzrə tələbələrə borcların ödənməsinə görə müəyyən güzəştlər nəzərdə tutulur. Bu güzəştlər tələbələrin büdcə qənaətinə, təhsilalma istəklərinin artmasına, onlar arasında sağlam rəqabətin güclənməsinə xidmət edir. Odur ki, TTK-nin sosial növündən yararlanan ümumi ortalama müvəffəqiyyət göstəricisi  (ÜOMG) 71 bal və yuxarı olan tələbələrə standart növdə isə 91 bal və yuxarı olan tələbələrə həmin semestr üçün götürdüyü kreditə görə faiz hesablanmır. Ümumilikdə isə təhsilin normativ müddətində bütün tədris semestrlərində ÜOMG-sı 91 bal və yuxarı olan tələbələr aldığı sosial TTK-nin 50 faizi, standart TTK-nın isə 25 faizi hissəsinin geri ödənişindən azad olunur. Onu da qeyd edək ki, təhsil müddətində kreditə faiz hesablanmır və geri ödəniş tələb olunmur. Təhsil müddəti bitdikdən sonra tələbəyə 2 il güzəşt dövrü verilir. Bu dövr ərzində tələbə əmək fəaliyyətinə başlayarsa həmin tarixdən geri ödənişə başlayır. Əgər tələbə iş imkanı əldə etmirsə ona 2 il daha güzəşt olunur. Müddətli hərbi xidmətə çağırılmış şəxslərə hərbi xidmət dövründə eyni güzəştlər tətbiq olunur və həmin dövr ərzində faiz hesablanmır. Lakin möhlət dövrü bitdikdə isə tələbə krediti 10 il müddətində geri ödəyə bilər. Sosial TTK illik 2%, standart TTK illik 6% hesablanmaqla verilir.

 

Nəticə etibarı ilə, yarandığı andan etibarən hər semestr əhatə dairəsini daha da genişləndirən və 4 semestrlik fəaliyyətini geridə qoyan Təhsil Tələbə Krediti Fonduna müraciətlərin sayı hər tədris müddəti artmaqdadır. Fond fəaliyyət göstərdiyi andan başlayaraq qısa müddət ərzində  bu imkandan yararlanaraq 23477 nəfər tələbə krediti alıb. Statistikaya nəzər yetirdikdə görərik ki, TTKF-na yarandığı gündən 2023-cü ilin 20 sentyabr tarixinə qədər ümumilikdə müraciətlərin sayı 32745-dir. Bu müraciətlərin 23477-si məqbul cavab alaraq kreditləri rəsmiləşib. Hazırda payız semesti statistikasına gəldikdə isə təhsil tələbə krediti üçün 6595 nəfərin müraciəti qeydə alınıb, onlardan 3933 tələbənin müraciəti rəsmiləşib. Qeyd edək ki, payız semestri üçün müraciətlərin qəbulu davam etməkdədir.

 

“Fondun yaranması dövlətimizin bizim üçün yaratdığı ən əlçatan vasitələrdən biridir”

 

 

Təhsilin əhatə dairəsinin genişlənməsi, təhsilalanların imkanlarının çoxalması, təhsildə əlçatanlıq və təbii ki, gənclərin təhsilə marağı təhsil tələbə kreditindən yararlananların sayının artırıb və müraciət edən tələbələr istədikləri ixtisas üzrə seçim etmə imkanı əldə ediblər. O gənclərdən biri də Naxçıvan Dövlət Universitetində “Jurnalistika” ixtisası üzrə təhsil alan III kurs tələbəsi  Əli Yarıyevdir. Təhsil haqqını ödəməkdə çətinlik çəkdiyindən dolayı Təhsil Tələbə Krediti Fonduna müraciət edərək bu kreditdən yararlanıb. O, Fond haqqında təəəssüratlarını bölüşərək bildirib ki, ötən 4 semestr ərzində təhsil tələbə kreditindən istifadə edərək təhsilinin növbəti kursuna qədəm qoyur: “Fondun yaranması dövlətimizin bizim üçün yaratdığı ən əlçatan vasitələrdən biridir. Hər hansı bir tələbə təhsil almaq üçün yetərincə imkanı olmadıqda bu vasitə ilə təhsilini davam etdirə bilir. Bununla da, təhsildə daha keyfiyyətli nailiyyətlər əldə edə bilər. Mən də öz növbəmdə Fondun yaratdığı güzəştlərdən yararalanaraq təhsil müddətində ortalamamı yüksək tutmağa çalışıram. Ötən semestr universitetdə əlaçı tələbələrdən biri oldum. TTK-nin sosial növündən istifadə edirəm”.

 

 

TTKF yarananda çox sevindim və bu imkandan faydalanmaq qərarına gəldim

 

Ziyad Mənsimov da Təhsil Tələbə Krediti Fondunun yaratdığı imkanlardan faydalanan gənclərdən biridir. O, Naxçıvan Dövlət Universitetinin “İncəsənət” fakültəsində III kursda təhsil alır: “Ödənişli əsaslarla təhsil alacağıma görə müəyyən çətinliklər yaşamağım qaçılmaz idi. TTKF yarananda çox sevindim və bu imkandan faydalanmaq qərarına gəldim.  Vaxt itirmədən təhsil aldığım universitetin təhsil tələbə krediti üzrə nümayəndəliyinə müraciət etdim. Artıq 4-cü dəfədir ki, bu kreditdən istifadə edirəm. Bu kreditin daha bir üstünlüyü ondan ibarətdir ki, universiteti  bitirdikdən sonra bizə verilən güzəşt müddətinə əlavə olaraq, biz işlə təmin olunduqdan sonra 10 il müddətində aldığımız krediti geri ödəyirik. Bu da hər bir tələbə üçün təhsilin əlçatanlığının təminatı deməkdir”.

 

 

Tünzalə QULİYEVA

 



22.09.2023 | 11:42