Füzulidə ilk dərs

İlk dərs günü Qarabağda zəng səsi zəng səsinə qarışdı, sevinc dolu uşaq səsləri məktəb divarlarında əks-səda verdi, Qarabağ səmalarının bağrını dələn odlu silahlardan havalanan öldürücü mərmiləri rəngli və zərərsiz şarlar əvəz etdi.

 

Zəngilanda, Laçında, Füzulidə zəng çalındı. Zəngi çalınan məktəb sayı az olsa da, səsi nəinki Azərbaycanda, bütün regionda əks-səda verdi.

 

Füzuli şəhəri Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə çalınan zəng yalnız birincilər üçün yox, hər kəs üçün “İlk” zəng idi. İlk dəfə məktəbə gələnlərin həyəcanından daha böyük idi illər sonra Füzulidəki o məktəbə qayıdanların ürəyindəki döyüntü.

 

Bilik Günü qələbəlik vardı Füzulidə. Qonaqları vardı yeni məktəbin.  Elm və təhsil naziri Emin Əmrullayev, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, nazirlik əməkdaşları, Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov, ictimaiyyət nümayəndələri, KİV təmsilçiləri bu il ilk dəfə Füzulidə “Salam, müəllim” deyəcək məktəbliləri təbrik etməyə gəlmişdilər.

 

Füzuli məktəbinin ilk müəllimlərindən olmaq istədilər...

 

Uzun həsrətdən sonra Füzulidə başladıqları ilk tədris ili idi bir çoxunun. İngilis dili müəllimi Nuranə Muxtarovanın ailəsi Füzulini tərk edəndə o, ana bətnində olub. Buna baxmayaraq, özünü bir vaxtlar Füzulidən çıxmış və indi yurduna qayıdırmış kimi hiss edir: “Dilə gətirə bilmədiyim duyğuların təsiri altındayam. Ana bətnində tərk etdiyim vətənimə geri qayıtdım. Bundan daha qürurverici an yaşamamışam”.

 

Sevinc Adgözəlova isə kimya müəllimidir: “Füzuli rayonundan çıxanda 14 yaşım vardı, bu gün 44 yaşındayam. Çox sevincliyəm, sanki yerə-göyə sığmıram”.

 

Zəhra İsayeva bu il müəllimlərin işə qəbulu üzrə müsabiqənin qaliblərindəndir: “Müsabiqənin test imtahanı mərhələsində uğur qazanaraq Füzulidə ibtidai sinif müəllimi kimi fəaliyyətə başlamaq hüququ qazandım. Müəllim kimi fəaliyyətimin ilk ilində məhz Qarabağda, belə gözəl şəraiti olan bir məktəbdə xidmət etmək qürurvericidir”.

 

“Füzulidən çıxanda 1-ci sinifdə oxuyurdum”, - deyən Elyanə Kərimova Bakıda işini buraxıb burada ilk müəllimlərdən biri olmaq üçün gəlib: “Eşidəndə ki, Füzuliyə qayıdış başlayıb, məktəb açılıb, uşaqlarımı da götürüb gəldim. Füzuli məktəbində çalışan ilk müəllimlərdən olmaq istədim. O qədər həyəcanlıyam ki, səsim titrəyir. Çox kövrəldim. Hətta Füzuliyə gələrkən yolda keçirdiyim hissləri sözlə ifadə etmək mümkün deyil”. 

 

Məktəbin direktoru Həcər Mahmudova da “Azərbaycan müəllimi” qəzetinə həyəcanından, sevincindən və onu gözləyən məsuliyyətdən danışdı: “30 il sonra doğma yurda qayıtmaq və təhsil üçün  bacardığımı əsirgəməmək duyğusu həm qürurverici, həm də məsuliyyətlidir. İşğaldan azad olunmuş doğma torpaqlarımızda  atəş səsləri deyil, bu gün şagirdlərin sevinc dolu səsləri, məktəb zəngi eşidilir və bu gün yaşadığımız unudulmaz tarixə görə bu sevincimizdə, qələbəmizdə payı olanlara minnətdarıq”.

 

Füzulidə ilk dərs günümüz...

 

30 il əvvəl qoyub getdiyi Füzulidən bir iz axtaranlardan fərqli olaraq, nağıla, əfsanəyə bənzəyən hekayələrdən tanıyanlar da var yurdunu...

 

II sinif şagirdləri Mehin Talıbzadə, Elvina Quliyeva, Zülfiyyə Fətəliyeva Bakıdan gəliblər. Zülfiyyə Güzdəkdə, Mehin yataqxanada yaşayırmış. Füzulidən olub adına başqa-başqa ünvanlar yazılan çox füzulili kimi... Artıq buradadırlar, Füzuli sakini, Füzulidəki Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin şagirdləridirlər. Yeni şəhərlərini, yeni məktəblərini çox bəyənib, çox seviblər. Burada olduqca xoşbəxt görünürlər. Artıq qərarlarını da veriblər, onlar da müəllim olacaqlar.

 

Fatimə Quliyeva və qardaşı Elcan da gördüklərindən, yaşadıqlarından çox razıdırlar. Fatimə məktəbin açılışında da iştirak edib və Prezident İlham Əliyevə kəsəcəyi lentin qayçısını o təqdim edib: “Füzuliyə gələndən günlərimiz çox maraqlı keçir. Bura çox xoşuma gəlir. Açılış günü qardaşım da Prezidentlə görüşdü, mən də. Bu hadisə də, elə bu gün Füzulidə ilk dərs günümüz də yadımızdan heç vaxt çıxmayacaq”.

 

Fatimə IX, qardaşı Elcan isə V sinifdə oxuyur. Fatimə deyir burdakı məktəb o qədər xoşlarına gəlib ki, Bakıda hər gün məktəbə ağlaya-ağlaya gedən Elcan bu gün çox həvəslə oyanıb və məktəbə gəlib.

 

Bilik günü münasibətilə tədbir keçirildi

 

“Qürurlu gündür. Bu gün Füzulidə 1 nömrəli tam orta məktəbin, Laçında isə 2 nömrəli tam orta məktəbin fəaliyyəti bərpa edildi.  Vaxtilə işğaldan azad edilmiş ərazilərdə ilk dərs gününün qeyd edilməsi bir arzu idi. Bu gün isə həmin arzu artıq gerçəkləşib”, - deyən elm və təhsil naziri Emin Əmrullayev elə bil onların ürəyindən keçənləri dilə gətirirdi.

 

Füzuli şəhər Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə 160 nəfərə yaxın şagird olduğunu bildirən nazir bu sayın artacağını vurğuladı: “Füzuliyə əhalinin növbəti qrupunun köçü baş tutdu. Ona görə də bu say artacaq. Tədris ilinin sonunadək məktəbdə şagird sayı 400-ə çatacaq”.

 

Sonda tədbir iştirakçılarını təbrik edən elm və təhsil naziri yeni tədris ilində müəllim və şagirdlərə uğurlar arzuladı.

 

Tədbirə qatılan Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov işğaldan azad edilmiş ərazilərdə qüdrətli Azərbaycanın görkəmli şəxsiyyətlərinin yetişməsi üçün yaradılan şəraitdən danışdı.

 

Füzuli şəhəri Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin direktoru Həcər Mahmudova işğaldan azad edilmiş ərazilərdə belə bir tədbirin təşkilinin qürurverici olduğunu dilə gətirdi, şagird və müəllimləri yeni tədris ili münasibətilə təbrik etdi.

 

Daha sonra çıxış edən Əməkdar müəllim Asif Cahangirov, Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun həyat yoldaşı Ofelya Həşimova, şəhid mayor Elnur Quliyevin anası Marusa Quliyeva, şəhid Fəqan Zalovun atası Amil Zalov şagirdləri təbrik etdilər.

 

Tədris ili ərzində məktəblərin sayı artacaq

 

Beləliklə, növbəti 2 məktəb Qarabağda fəaliyyətini bərpa etdi. Sırada neçə-neçə məktəblər var. Nazir Emin Əmrullayevin sözləri ilə desək: “Laçında 140 şagirdlə 2 nömrəli tam orta məktəb tədris ilinə başladı və burada da tədris ili ərzində artım gözləyirik. O cümlədən, Zabux qəsəbəsində 100-ə qədər şagird bu təhsil ili ərzində tədrisə qoşulacaq. Ağalı kəndində məktəbimizin fəaliyyəti günü-gündən genişlənir. Ötən il orada 70 şagirdimiz vardısa, bu il 120 şagirdlə təhsili davam etdirir. Eyni zamanda, Talış kəndində də məktəb fəaliyyətdədir. Bu tədris ilinin ikinci yarısında Şuşada 1 nömrəli məktəbdə tədrisin təşkilini də gözləyirik. Bir sözlə, işğaldan azad olunmuş torpaqlarda məktəb tikintisi, təhsil infrastrukturunun yaradılması istiqamətində işlərimiz davam edir”.

 

Elin sayı artdıqca məktəblərin də, şagirdlərin də sayı artacaq. O gün artıq uzaq xəyal deyil, real plandır. Füzuli sakinlərinin ürəyi sözlə, köksü qürurla dolub-daşır. Bu gün hər birinin dilində Azərbaycan Ordusuna dua, şəhidlərə rəhmət var.

 

Tədris ilin uğurlu olsun, Vətən!

 

Ruhiyyə DAŞSALAHLI

 



22.09.2023 | 09:01