Azərbaycan Ordusu möhtəşəm tarix yazır

Azərbaycan sentyabrın 19-da Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirləri həyata keçirdi və Müzəffər Ordumuzun gücü sayəsində bu əməliyyatı da  uğurla tamamladı. Azərbaycan xalqı artıq növbəti Zəfər ovqatı yaşayır!..

 

Əlbəttə, Xankəndi məsələsi bizim üçün həmişə həssas məsələ olub. 44 günlük Qarabağ savaşında Xankəndi ilə bağlı da qəti addımlar atmaq mümkün idi, lakin bir sıra siyasi faktorlara görə zaman o zaman deyildi. Üstəlik, Azərbaycan bundan sonra qət edəcəyi məsafəni müharibə yox, sülh, danışıqlar, dialoq formatında irəlilətməyə çalışırdı. Fəqət, nümayiş etdirdiyimiz bütün humanist davranışlar, təqdim etdiyimiz dinc yanaşı yaşama variantlarının heç biri Qarabağ ermənilərinə, Ermənistana, Qarabağda məskunlaşan separatçılara xoş gəlmirdi. Qəsdən gərginliyin artırılmasına çalışılır, Azərbaycan Ordusunun mövqeləri müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulur, ərazilərimizin minalanması davam etdirilir, səngər və sığınacaqların sayı artırılır, beləliklə, Qarabağ bir terror yuvası kimi yenidən qaynayırdı. Bu vəziyyət nə qədər davam edə bilərdi?! Azərbaycanın 44 günlük savaşı hansı səbəblərlə başladısa, antiterror əməliyyatlarını qaçılmaz edən səbəblər də eyni oldu.

 

Nə baş verirdi? Son dövrdə döyüş mövqelərinin şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları və digər atəş vasitələri ilə gücləndirilməsi, bölmələrin yüksək döyüşə hazırolma səviyyəsinə gətirilməsi, səfərbərlik üzrə əlavə bölmələrin yaradılması, Azərbaycan Ordusunun bölmələrinə qarşı kəşfiyyat fəaliyyətlərinin genişləndirilməsi, mövqelərimizin dərinliyinə sızaraq minalardan təmizlənmiş ərazilərin və mülki təyinatlı yolların terror-təxribat məqsədilə yenidən minalanması kimi əməllər müşahidə olunurdu. Nəhayət, səbrimizi daşıran son damla: sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxdı, mülki şəxslər həlak oldu. Həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçularımız həlak oldu və yaralandı.

 

Azərbaycan gecikmədən qərarını verdi: 10 noyabr 2020-ci ildə imzalanmış Üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövcudluğunu davam etdirməsi regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyidir, odur ki, antiterror tədbirləri qaçılmazdır!

 

44 günlük savaş necə haqqımız idisə, bu antiterror əməliyyatları da haqqımızdır. Çünki qanlı terror hadisələri bizim torpaqlarımızda baş verir! Ölən əsgər bizim əsgərdir; ölən mülki şəxslər bizimdir! Təxribatların qarşısının alınmasının tək yolu Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, separatçıların məhv edilməsi, qondarma rejimin buraxılması, Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsidir. Bu, həm də qalıcı və möhkəm sülhün tək yoludur!

 

Azərbaycan bu qərarını verərkən, təbii ki, həm Rusiya sülhməramlı kontingentinin komandanlığını və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin rəhbərliyini məlumatlandırıb. Başlıcası, mülki şəxslərin və infrastrukturun hədəfə alınmadığını elan edib;  əhaliyə hərbi obyektlərdən uzaq durmaları üçün məlumat vərəqələri paylanılıb. Bundan başqa, Azərbaycan zəmanət verib ki, Azərbaycan Respublikasının qanunlarına və beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq  inzibati, sosial, təhsil, tibbi, dini və digər obyektlərin mühafizə və müdafiəsi təşkil olunacaq. Qadınlar, uşaqlar, qocalar, habelə fiziki məhdudiyyətli şəxslər və xəstələrə lazımi tibbi və digər yardımlar göstəriləcək; onlar içməli su və ərzaqla təmin olunacaq. Əhalinin təhlükəli ərazidən təxliyəsini təmin etmək üçün Laçın yolu üzərində və digər istiqamətlərdə humanitar dəhliz və qəbul məntəqələri yaradılıb.

 

Beləliklə, uğurlu antiterror əməliyyatı çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri, uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarıldı. Azərbaycan Ordusunun gücü düşməni ağ bayraq qaldırmağa məcbur etdi. Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin nümayəndələri ilə Yevlaxda görüş barədə razılıq əldə olundu. Azərbaycan dövlətinin düzgün, qətiyyətli siyasəti, Azərbaycan Ordusunun gücü yenidən möhtəşəm tarix yazır!..

 

Vəfa ALLAHVERDİYEVA  

 

 



20.09.2023 | 17:53