BMU-nu seçən tələbə Kəlbəcər rayonu üzrə ən yüksək nəticə göstərib

“11 illik əziyyətimin bəhrəsi olaraq tələbə adını qazanmağım həddən artıq sevindiricidir. Bu, bir başlanğıcdır və Bakı Mühəndislik Universitetində təhsil aldığım müddətdə daha səylə çalışaraq özümü doğrultmağa çalışacaq, Vətənim üçün faydalı bir mütəxəssis olmağa səy göstərəcəm”.

 

Bu sözləri 675.1 bal toplayaraq Bakı Mühəndislik Universiteti (BMU) ilə Cənubi Koreya Respublikasının İNHA Universiteti arasında icra olunan ikili diplom proqramının (İDP) “Elektronika mühəndisliyi” ixtisasını seçən Hakim Musazadə bildirib.

 

Kəlbəcər rayon Şahlar Şükürov adına 35 nömrəli məktəbi fərqlənmə ilə bitirən H.Musazadə “Code for Future” layihəsinin iştirakçısı olub və Riyaziyyat fənni üzrə bir sıra olimpiadalarda iştirak edərək uğur qazanıb. O, Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlarda yüksək bal toplamaqla Kəlbəcər rayonu üzrə ən yüksək nəticəni əldə edib.

 

Valideynləri, universitet tələbələri və müəllimləri ilə apardığı fikir mübadilələrindən, həmçinin özünün araşdırmalarından sonra “Elektronika mühəndisliyi” ixtisasını seçdiyini bildirən Hakim Musazadə bu ixtisasın çox geniş sahəni əhatə etdiyini və perspektivli olduğunu vurğulayıb. O, elektronika mühəndisi kimi bir sıra maraqlı və gələcəkyönümlü sahələrdə işləmək imkanları qazanacağını deyib: “Bu ixtisasda proqramlaşdırmanın da öyrədilməsi, eyni zamanda mühəndislik sahəsinə olan marağım məni “Elektronika mühəndisliyi” ixtisasını seçməyimdə rol oynayıb”.

 

BMU-İNHA İDP-nin üstünlüklərini qeyd edən H.Musazadə bu sırada tədris modelinin 3+1 olmasını, 4 ilin sonunda hər iki dili - həm ingilis, həm də Koreya dillərini mükəmməl öyrənməyi və iki nüfuzlu ali təhsil ocağının diplomunu əldə etməyi xüsusu vurğulayıb. Tam dövlət təqaüdlü beynəlxalq proqram çərçivəsində IV kursu İNHA universitetində təhsil almaq imkanından da bəhs edən tələbə nəzəriyyə ilə yanaşı, təcrübənin də önəmli olduğunu, “Samsung”, “LG”, “Hyundai”, “KİA” kimi dünyaca məşhur şirkətləri ziyarət etməyin ona çox böyük təcrübə qazandırmış olacağını söyləyib.



20.09.2023 | 16:35