“Müəllim olsam...”

Elm və Təhsil Nazirliyinin qarşısında duran ən böyük hədəflərdən biri də müəllim nüfuzunun cəmiyyətdə daha da artırılması, yeniyetmələr və gənclər arasında bu peşəyə olan marağın gücləndirilməsidir. Müəllimlərin peşəkarlığının artırılması, onların daha çox tədqiqatyönümlü inkişafı da Nazirliyin vacib hesab etdiyi məsələlərdəndir.  Müəllimlərin diaqnostik qiymətləndirilməsi, sertifikatlaşdırılması, müxtəlif layihələrin həyata keçirilməsi bu istiqamətdə görülən məqsədyönlü işlərdəndir.  Onu da qeyd edək ki, son illər ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək bal toplayanların müəllimlik ixtisasını seçməsi də sevindirici haldır.  Hələ məktəb yaşlarından müəllimlik peşəsinə yiyələnməyi hədəf seçənlərin sayı günü-gündən artır. Maraqlıdır, görəsən, şagirdlər bu haqda nə düşünür, müasir müəllimi necə görmək istəyirlər?

 

“Şagirdlərimə Vətən sevgisinin ən müqəddəs sevgi olduğunu aşılayacağam”

 

Laçın rayonu Çıraqlı kənd tam orta məktəbinin XI sinif şagirdi Fatimə Əliyeva: “Yadımdadır, hələ məktəbə getmirdim, məhəlləmizdə uşaqlarla oynayırdıq. Hər gün dərs bitəndə məktəbdən dəstə-dəstə çıxan şagirdlərə baxmaq çox xoşuma gəlirdi. Onların ardınca isə müəllimlər çıxırdı. Mən ən çox onlara həsədlə baxırdım. Necə gülərüzlə bütün şagirdlərlə sağollaşırdılar. O zaman düşünürdüm ki, dünyanın ən müqəddəs peşəsi müəllimlikdir. İllər keçdi, mən də şagird oldum. O gülərüzlü müəllimlər artıq mənə də dərs keçirdi. Bütün bunlar məndə müəllimlik peşəsinə istəyi artırırdı. Bu istək, arzu bu gün də mənim qəlbimdədir.

 

Düşünürəm ki, mən müəllim olsam, şagirdlərimi çox sevəcəyəm, onlara elmin hər dəqiqliyini öyrədəcəyəm. Daim öz üzərimdə çalışıb, təkmilləşib, mükəmməl insan olmağı aşılayacağam şagirdlərimə.

 

Mən müəllim olsam, şagirdlərimə Vətən sevgisinin ən müqəddəs sevgi olduğunu öyrədəcəyəm. İnsanın vətənsiz, yurdsuz  yaşayacağının əzab olduğunu deyəcəyəm onlara. Mən bunu illərlə vətən həsrəti çəkən valideynlərimdə görmüşəm. Şükürlər olsun ki,  bu gün biz işğaldan azad olunmuş torpaqlarımıza, doğma Laçınımıza qovuşduq, bu gözəl diyarın qiymətini bilməyi öyrədəcəyəm şagirdlərimə. Tariximizi mükəmməl öyrənib onu qorumağı, qədim tarixi abidələrimizi, adət-ənənələrimizi yaşatmağı aşılayacağam.

 

Mən müəllim olsam, həyatda valideynlərimizə, böyüklərimizə,  müəllimlərimizə hörmət etməyi aşılayacağam. Mən bilirəm ki, müəllimlik çətin və şərəfli peşədir”.

 

“Çalışacağam ki, gələcəkdə əsl müəllim olum”

 

Şamaxı Avropa liseyinin VIII  sinif şagirdi Fidan Maqsudova: “Müəllimlik peşəsi ən gözəl peşələrdən biri, bəlkə də birincisidir.  Mən müəllim olsam, ilk gündən şagirdlərimlə dost olmağa çalışardım. Onlara vətənə bağlılığı, əsl vətəndaşlıq hissini aşılayardım. Çalışardım ki, şagirdlərim millətinə, xalqına, onun işıqlı gələcəyinə xidmət göstərən bir şəxsiyyət kimi yetişsinlər.

 

Müəllim olsam, tərbiyə işini özümdən başlayardım. Hər zaman biliklərimi artırar, öyrəndiklərimi şagirdlərə ötürməyə çalışardım.

 

Uşaq inanmalıdır ki, qarşısında duran müəllim ona lazım olan bütün bilikləri verməyə qadirdir. Heç zaman şagirdlərim arasında fərq qoymazdım. Təsadüf nəticəsində dərsə gecikmiş uşaqları heç zaman qapı ağzında saxlamazdım. Dərsdən sonra sakitcə şagirdi yanıma çağırıb onun vəziyyəti ilə yaxından tanış olardım. Əgər kömək lazım olarsa, əlimdən gələni əsirgəməzdim. Mən çalışacağam ki, gələcəkdə əsl müəllim olum. Müəllimə xas olan bütün cəhətləri özümdə birləşdirim”.

 

“Vətən deyib, Vətən öyrədəcəyəm”

 

Qobustan rayon Təklə kənd tam orta məktəbin XI sinif şagirdi Pərvanə Ağayeva: “Düz deyirlər, hər insanın həyatında bir dönüş nöqtəsi olur. Bir gün məktəbdə ikən zəng çalındı. Özümü olduqca yorğun hiss edirdim, yerimə əyləşdim. Sinfimizə gülərüzlü, şən yeni müəllim daxil oldu. Sanki bu müəllim danışığı, hərəkətləri ilə məni öz peşəsinə bağladı.  Diqqətim müəllimdə idi. Zehnim isə böyük yolçuluğa çıxmışdı. Mən müəllim olmaq qərarına gəlmişdim. Vətəninə, millətinə bu qədər  bağlı olan həmin müəllim mənim yaddaşıma həmişəlik həkk olundu.

 

Mən müəllim olsam, “Fəxr edirəm ki, azərbaycanlıyam” deyən oğullar yetişdirəcəyəm. O, oğullar ki, vətəni üçün düşünmədən canından keçən, dastana dönənlərin davamçıları olacaqlar. Poladlar, Mübarizlər, Cəbrayıllar yetişdirəcəyəm. Bir müəllim olaraq daim Azərbaycanımın səsini dünyaya çatdırmaq üçün çalışacağam, ömrümün sonuna qədər vətən deyib, vətən öyrədəcəyəm”.

 

 

“Doğma məktəbim, sənə müəllim kimi gələcəyəm!”

 

İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbin X sinif şagirdi Leyla Ağayeva: “Uşaqlıqdan qəlbimdə yaşatdığım əsrarəngiz xəyallarımın arasında müəllim olmaq həvəsi daha güclü olub. Bəlkə də bu eşq, bu həvəs mənə nənəmdən, anamdan keçib. Çünki ağlım kəsəndən müəllim nənəmin, müəllim anamın həvəslə, sevə-sevə öyrətdiklərini, yol göstərdiklərini görmüşəm. Bu gün artıq öz uğurları olan bir yeniyetmə kimi müəllimlik peşəsinin məsuliyyətini daha yaxşı anlayıram. Müxtəlif bilik yarışlarında uğurla çıxış edirəm. Ulu Öndər Heydər Əliyevə həsr edilmiş “Ən yaxşı təqdimat” müsabiqəsinin qalibi oldum. Respublika fənn olimpiadalarında tarix fənni üzrə qızıl medal qazandım. Əslində, mən uğurlu şagirdəm və müəllimlərimin etimadını doğrulduram. Mən müəllim olsam, nəticəsi zəif olan şagirdi cəsarətləndirməklə yaxşı nəticələr əldə edəcəyinə stimul yaradaram. Mən məhz bu cür müəllim olmaq istəyirəm. Öz şagirdlərinə öyrənməyin yollarını öyrədən müəllim! Heç bir çətinlikdən qorxmayan, sevimli yurdumuzun ən ucqar kəndində sevə-sevə dərs deməyə hazır olan, müasir bilik və bacarıqlarla silahlanmış bir müəllim!

 

Son illərdə 600-dən yüksək bal toplayaraq müəllimlik sənətini seçən gənclərimiz haqda çox oxuyub,  çox eşidirik. Bax onlar mənim qəhrəmanlarımdır! Qəlbi vətən eşqi ilə aşıb-daşan, xalqının övladlarına elm və savad öyrətməyi şərəf sayan əsl azərbaycanlı gənclər! Mənim də qəlbimdə doğma Azərbaycanımla bağlı böyük arzularım var. Düşünürəm ki, ən gözəl arzularımın gerçəkləşəcəyi məkan məktəbdir. Mənim müəllim kimi fəaliyyətə başlayacağım bir kənd məktəbi!  Xəyallarımın aynası olan doğma məktəbim! Gözlə, doğma məktəbim, sənə müəllim kimi gələcəyəm!”.

 

Niyazi RƏHİMOV

 



15.09.2023 | 14:06