Dövlət Proqramında uğur qazanan tələbələr | |
Son illərdə gənclərin yüksəkixtisaslı mütəxəssislər kimi yetişdirilməsini təmin etmək məqsədilə onların dünyanın nüfuzlu ali məktəblərində təhsil almalarına diqqət artıb. Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2022-ci il tarixli Sərəncamı ilə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” təsdiq edilib. 2023-2024-cü tədris ili üçün həyata keçirilən sənəd qəbulunun növbəti nəticəsi üzrə 47 namizəd Dövlət Proqramı iştirakçısı adını qazanıb. Qeyd edək ki, 2023-2024-cü tədris ili üçün Dövlət Proqramı çərçivəsində ümumilikdə dünyanın 17 ölkəsinin nüfuzlu ali təhsil müəssisələri üzrə 381 nəfər təhsil almaq hüququ əldə edib. Proqram iştirakçılarından 49 nəfəri cari il üzrə dünyanın 10 ən yaxşı universitetindən qəbul alıb. Həmin gənclərin bir neçəsi öz təcrübələri, təəssüratları, gələcək hədəfləri barəsində “Azərbaycan müəllimi”nə danışdılar.
“Özümdə daxili əminlik var idi ki, Proqramın qaliblərindən biri olacağam”
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının “University of Oxford”-un “Dövlət siyasəti” ixtisası üzrə magistr təqaüdü qazanan Ləman Əhmədova: 4 iyun 1994-cü il tarixində Sumqayıt şəhərində anadan olub. M.Füzuli adına 15 nömrəli tam orta məktəbdə 11 illik təhsilini başa vurduqdan sonra 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Politologiya” ixtisasına qəbul olub. Daha sonra 2016-2018-ci illərdə DİA-da “Dünya siyasi prosesləri” ixtisası üzrə magistr dərəcəsi alıb.
Ləman Əhmədova ali təhsil illərində müxtəlif layihələrdə iştirak edərək öz təcrübələrini genişləndirib. Belə ki, o, Akademiyada bakalavr təhsilini aldığı dövrdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində təcrübə keçib, ASAN Könüllüləri Təşkilatı nəzdində layihə rəhbəri və bir sıra tədbirlərin təşkilatçısı kimi çıxış edərək öz bilik və bacarıqlarını artırıb. Bundan əlavə, Milli Məclis, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təcrübə proqramlarına qoşulub: “2000-dən çox gəncin işlə təmin olunmasına nail olmuşuq. 2020-ci ildən əmək fəaliyyətimi Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “ABAD” publik hüquqi şəxsdə davam etdirirəm. Bu qurumda öncə Marketinq, beynəlxalq və ictimaiyyətlə əlaqələr departamentinin müdiri işləmişəm, hazırda Dekorativ-tətbiqi xalq sənətkarlığı departamentinin müdiri kimi fəaliyyət göstərirəm”.
Ləman Əhmədova bildirib ki, bu günə kimi bir sıra dostları 2011-2015-ci illərdə Dövlət Proqramından faydalanaraq xaricdə təhsil alıblar. Onların uğuru və müsbət rəyləri onu da Proqrama müraciət etməyə motivasiya edib: “2022-ci ilin payız aylarında Dövlət Proqramının irəli sürdüyü tələblər və prioritet ixtisaslar siyahısı ilə tanış olduqdan sonra Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında yerləşən bir sıra universitetlərə müraciətimi göndərdim. “University of Cambridge”, “King’s College London” və “University of Oxford”-dan gələn müsbət təklifləri dəyərləndirdikdən sonra seçimimi Oksford üzərində saxladım. Magistr təhsilimi universitetin “Blavatnik School of Government”-də “Dövlət siyasəti” ixtisası üzrə alacağam. Əlamətdar məqam həm də odur ki, Azərbaycandan Blavatnik Dövlət Məktəbinə qəbul olunan ilk qadınam. Qeyd olunanları, təcrübəmi nərəzə alaraq və uğurlu keçən müsahibənin nəticəsi olaraq, özümdə daxili əminlik var idi ki, Proqramın qaliblərindən biri olacağam. Bu günə kimi “lifelong learning” prinsipi ilə bir sıra yerli və xarici (Sinqapur, Bolqarıstan, İtaliya) təlimlərdə iştirak etməklə yanaşı, ixtisasartırma məqsədilə sertifikatlar da almağa fokuslanmışam. Oksford Universitetində keçəcək bir ilim ərzində magistr təhsili ilə yanaşı, həmin sertifikatların sayının artırılması və hazırda inkişafda olan süni intellektin gələcəkdə dövlətlərin, eləcə də Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafına necə təsir göstərməsi və onun dizayn həlli üzrə fəaliyyətimi davam etdirmək niyyətindəyəm”.
“Harvardda oxumaq mənim həmişə hədəflərim sırasında olub”
Dövlət Proqramı təqaüdünü qazanan digər gəncimiz Əhməd Hümbətovdur. O, ABŞ-ın Harvard Universitetində “Dövlət idarəetməsi” ixtisası üzrə magistr təhsili alacaq. Ə.Hümbətov Rusiyanın Sankt-Peterburq şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra 2005-2009-cu illərdə Sankt-Peterburq Dövlət Universitetinin “Beynəlxalq münasibətlər” ixtisası üzrə bakalavr təhsili alıb. Magistratura təhsili almaq üçün ADA Universitetini seçən Əhməd Hümbətov deyir: “2009-2011-ci illərdə ADA Universitetinin “Beynəlxalq münasibətlər” ixtisası üzrə magistr təhsili almışam. Təhsilimi davam etdirmək üçün Avropada yerləşən bir çox universitetləri də seçə bilərdim. Lakin mən bir azərbaycanlı olaraq öz ölkəmin təhsil sistemi ilə tanış olmaq, buradakı mühiti öyrənmək həvəsində idim. Universitet haqqında maraqlandığım zaman çox müsbət rəylər aldım və universitetdən də qəbul aldıqdan sonra vətəndə yaşamağa, burada həm təhsilimi, həm də təcrübələrimi genişləndirməyə qərar verdim”.
O, ADA Universitetini bitirdikdən sonra Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində təcrübə keçib. Bundan sonra ADA Universitetinə dəvət alaraq burada Xəzər Enerji və Ətraf Mühit Mərkəzində 5 il müxtəlif vəzifələrdə çalışıb. Bu mərkəz universitetin enerji iqtisadiyyatı və siyasəti sahəsində tədqiqat, təlim və təbliğat aparan əsas institutudur. Təcrübələri sırasına daha bir yenilik əlavə edərək, Britaniya Səfirliyində enerji və iqtisadiyyat işləri üzrə müşavir vəzifəsində çalışıb. Daha sonra Sinqapur Milli Universitetinin Li Kuan Yu İctimai Siyasət Mərkəzində təhsilini və həmçinin bir sıra nüfuzlu beynəlxalq təşkilatlarda, o cümlədən BMT-nin Nyu-Yorkdakı və Dünya Bankının Sinqapurdakı ofisində karyerasını davam etdirib.
Hazırda baş elmi işçi kimi ADA Universitetində pedaqoji fəaliyyətlə məşğul olan Əhməd Hümbətov Dövlət Proqramı təqaüdçüsü biri olaraq çox sevinclidir: “Qəbul aldığımı biləndə, sözsüz ki, çox möhtəşəm hisslər yaşadım, hələ də bu hisslərin təsiri altındayam. Harvardda oxumaq mənim həmişə hədəflərim sırasında olub. Proqramı bitirdikdən sonra vətənə dönmək, biliklərimi, öyrəndiklərimi bölüşməyi, tətbiq etməyi düşünürəm. Davamlı inkişaf, enerji, iqtisadi, enerji siyasəti məsələləri məni hər zaman maraqlandırdığı üçün bu sahələrdə cəmiyyətə töhfə verməyi planlayıram. Bununla bərabər bəlkə də akademik fəaliyyətimi də davam etdirməyi, doktorantura (PhD) səviyyəsində təhsil almağı düşünürəm”.
“Hədsiz dərəcədə xoşbəxtəm ki...”
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının “UCL”-nin “Qlobal səhiyyə idarəetməsi” ixtisası üzrə magistr təqaüdü qazanan gəncimiz Aliyə Abdullayeva: “2013-2019-cu illərdə Tbilisi Dövlət Tibb Universitetində “Müalicə işi” ixtisasında oxumuşam. Oxuduğum illərdə Ankarada mamalıq və ginekologiya üzrə həkim-assistent kimi təcrübə keçmişəm və həmçinin, Gürcüstanda oxuduğum universitetin nəzdində olan klinikalarda çalışmışam. Universiteti bitirdikdən sonra COVID-19 zamanı səhiyyə sisteminin insanların həyatında nə qədər böyük rol daşıdığını anlayaraq, kiçik addımlar ilə tibbi biliklərimi tibbi sığortada istifadə etməyə çalışdım. Məqsədim o idi ki, gələcəkdə təhsilimi məhz bu istiqamətdə davam edə bilim və eyni zamanda da ingilis dili biliklərimi təkmilləşdirim. Hazırda həkim-koordinator kimi tibbi sığortada çalışıram”.
Dövlət Proqramı barəsində sosial mediadan məlumat aldığını və xaricdə nüfuzlu universitetlərin birində Proqram çərçivəsində təhsilini davam etdirə bilmək ümidi ilə “UCL”-nin “Global Healthcare and Management” proqramına sənədlərini göndərdiyini deyən A.Aliyə bildirir: “Təqaüd qazanacağıma inanmırdım, amma yenə də şansımı yoxladım. Hədsiz dərəcədə xoşbəxtəm ki, mənə arzumu reallaşdırmağa şans verildi. Təbii ki, Proqramı bitirdikdən sonra Azərbaycana qayıdaraq təhsilimi və biliklərimi paylaşmağı planlayıram”.
Tünzalə QULİYEVA
|
|
15.09.2023 | 12:10 | |
|
|
|