Dərsə gedən bir uşaq... | |
Bu gün məktəbə ilk dəfə qədəm qoyacaq birincilər daha çox həyacanlıdırlar. Onlar ilk dərsə girib, ilk zəngi eşidəcəklər. Bəziləri həyacanla günləri sayaraq sevinclə 15 sentyabrı qarşılayırsa, bəziləri də məktəb həyatına valideynlərindən ayrı qalmaq qorxusu ilə ağlayaraq qədəm qoyur. Təbii ki, məktəb mühitinə ilk addımlarını atan uşaqların həyatında bu mərhələ xüsusi rol oynayır. Erkən yaş dövründə öyrənilən hər bir bacarıq və vərdişlər onların məktəbdə oxumalarına, eləcə də sonrakı mərhələlərdə necə öyrənmələrinə böyük təsir edir. Məktəb dönəmi yaxınlaşdığı zaman bəzi valideynlərin uşaqlara yanaşması dəyişir. Düşünürlər ki, uşaqların davamlı inkişafına daha çox məktəbə gedən vaxt diqqət yetirməyə başlamaq lazımdır. Uşaqların məktəbə adaptasiya dövrü, dərslərini yaxşı mənimsəməsi, qavraması ilə bağlı məhz bu vaxtdan sonra məşğul olur, onlara qarşı tələblər irəli sürməyə başlayırlar. Bu, düzgün yanaşmadırmı? Əlbəttə ki, yox! Uşaqlarda bu xüsusiyyətləri erkən yaşlardan formalaşdırmaq mütləqdir. Bu baxımdan, erkən yaş dövründə səmərəli təhsil modelinə əsaslanan məktəbəqədər təhsil uşaqların məktəb mühitinə alışması üçün xüsusi bir seçimdir. Araşdırmalar göstərir ki, uşaqların məktəbəqədər təhsili sonrakı davranış formalarına və inkişafına gözəl təməl sayıla bilər. Azyaşlı məktəblinin məktəb təməlində şagird, müəllim, valideyn və psixoloq vəhdəti önəmli olduğu üçün onların hər birinin fikirləri maraqlıdır.
Psixoloq Nərmin Abbasova: “Məktəb həyatının başlanğıcı azyaşlı üçün böyük bir testdir”
“Məktəblinin dostu” layihəsinin Psixoloji Mərkəzinin psixoloqu Nərmin Abbasova “Azərbaycan müəllimi” qəzetinə uşaqların təhsilə düzgün istiqamətlənməsində valideynlərin xüsusi rolu olduğunu deyir: “Məktəb həyatının başlanğıcı azyaşlı üçün böyük bir testdir. Çalışmaq lazımdır ki, uşaqlarda məktəbə qarşı əvvəlcədən isti münasibət yaradılsın. Bunun üçün valideynlərə öz məktəb həyatları ilə bağlı xoş anlarını, maraqlı xatirələrini övladları ilə paylaşmaları tövsiyə olunur. Uşaqları məktəbdə ola biləcək çətinlik və uğursuzluqlarla qorxutmaq düzgün deyil. “Səni məktəbə götürməyəcəklər”, “iki alacaqsan”, “sinifdə sənə güləcəklər” - bu kimi ifadələrin nəticəsi heç də uğurlu olmur. Bu dönəmdə xarici motivasiya çox önəmlidir. Məsələn, şərait yaradılmalıdır ki, uşaqlar məktəbə hazırlıq zamanı öz çantalarını, dəftər və qələmlərini valideynləri ilə birgə seçsinlər. Uşağın dərslərini rahat hazırlaması üçün öz dərs masası olmasına imkan yaradılmalıdır”.
Psixoloq N.Abbasovanın sözlərinə görə, bəzi uşaqların məktəbə uyğunlaşma dövrü onlar üçün bir qədər çətin keçir. Yeni mühit, yeni insanlar, yeni qaydalar, eləcə də valideynlərindən ayrı qalmaq qorxusu onların məktəbə uyğunlaşmasında bir qədər çətinlik yaradır. Uşaqlarda valideynlərindən kənar qalma qorxusunu dəf edə bilmək üçün psixoloji aspektdən icazə verilir ki, valideyn heç bir müdaxilə etmədən sinifdə otura bilsin, daha sonra mərhələli şəkildə sinifdən, məktəbdən ayrılaraq onların yeni mühitə uyğunlaşmasına kömək etsin. Elmi araşdırmalara görə, uşaqlar məktəbə 2 həftəyədək adaptasiya olunurlar. Bu müddət hətta 6 ayadək davam edə bilər. Lakin bu, daha artıq müddət tələb edərsə, mütləq şəkildə psixoloq köməyinə ehtiyac duyulur.
Müəllim Arzu Şirinova: “Biz daim uşaqlarda motivasiya ruhunun yüksəldilməsinə çalışmalıyıq”
Birincilərin məktəb mühitinə adaptasiya olunması ilə bağlı 193 nömrəli məktəbin ibtidai sinif müəllimi Arzu Şirinovanın da fikirlərini öyrəndik:
- Şagirdlərin məktəbə baxışı, onların yeni mühitə uyğunlaşması hər birində fərqli şəkildə özünü göstərir. Buna baxmayaraq, biz, müəllimlər hər zaman çalışmışıq ki, şagirdlər arasında heç bir fərq qoymayaq. Bəlli ki, bu, keçici bir müddətdir. Odur ki, bu müddətdə şagirdlərə düzgün yanaşma çox vacibdir. Şagirdlərin sinfə ilk girişi, müəllim ilə görüşü, yeni dostlarla tanışlığı onlarda ilk dəfədən yaxşı təəssüratlarla daim yadda qalmalıdır. Biz müəllimlər uşaqlarda motivasiya ruhunun yüksəldilməsinə çalışmalıyıq. Çünki motivasiya, dəstək, inam birincilərin məktəbə daha tez uyğunlaşmasına kömək edir.
Valideyn Günel Əhmədova: “Övladlarım ilk sosial məkandan ayrılıb məktəbə həvəslə qədəm qoyurlar”
Övladlarını ilk dəfə məktəbə aparan valideynlərdən biri Günel Əhmədova sevinc və fərəh hissi ilə öz fikirlərini belə bölüşür: “Əkizlərim bu il 287 nömrəli “Zəkalar” liseyinin birinci sinfinə qəbul olunub. Hər bir valideynin arzusudur ki, övladları yaxşı oxusun, dərslərini asan qavrasın. Baxmayaraq ki, şagirdlər bütün dərs vəsaitləri ilə təmin olunur, peşəkar müəllimlər tərəfindən dərslər keçilir, amma istənilən nəticəni almaq üçün uşaqların valideynlər tərəfindən əlavə həvəsə, motivasiyaya da böyük ehtiyacı var”.
G.Əhmədova bir valideyn kimi ana və övlad münasibətlərinin uşaqlarda inam duyğusunun formalaşmasında çox böyük rol oynadığına əmindir: “Övladlarım ilk sosial məkandan, yəni, bağça mühitindən təzəcə ayrılıb, məktəbə həvəslə qədəm qoyurlar. Bu dönəmdə övladlarımızın bizim dəstəyimizə böyük ehtiyacları var. Fikrimcə, ana uşağın təməl ehtiyaclarını qarşılayan, onların inandığı bir varlıqdır. Əgər uşağın anası ilə münasibəti normaldırsa, onda uşağın sosial adaptasiyası, məktəbə uyğunlaşması və təhsil sistemini qəbul etməsi də asanlaşır. Gündəlik olaraq uşaqlarla məktəb, müəllim və yeni dostları haqqında söhbətlər aparıram. Və bildirirəm ki, məndən başqa, təməl ehtiyaclarını qarşılamaqda müəllimləri onlara dəstək olacaq”.
Valideyn inamla qeyd edir ki, övladlarını məktəbə qədər olan dövrdə bir çox əlavə təhsil müəssisələrinə apardığı üçün ilk gün onlar ağlamayacaqlar: “Çünki onlar məktəbin əyləncəli dostluqların qurulduğu, yeni məlumatların öyrənildiyi bir məkan olduğuna artıq alışıblar. Bu səbəbdən məktəbə getmədən öncə uşaqları məktəblə tanış etmək zəruridir. Fikrimcə, “ağlaya-ağlaya öyrəşər” kimi yanaşma səhvdir. Valideynlərə tövsiyə edərdim ki, övladlarının bu müddətdə yaşadıqları duyğuları görməzdən gəlməsinlər. Uşaqlar ağlaya-ağlaya deyil, güvənərək öyrəşməlidirlər”.
Yeni tədris ilinin birinciləri olan Duyğu və Dilək Əhmədova bacılarının məktəbə olan sevgiləri də onların sözlərindən, hazırlıqlarından bəlli olur:
“Məktəbə gedəcəyəm, çox sevinirəm”
Dilək: Məktəbə gedəcəyəm, çox sevinirəm. Müəllimimi və dostlarımı tanımıram. Təkcə bir sinif yoldaşımı tanıyıram, bacım Duyğu.
Duyğu: Hər gün anamdan neçə gündən sonra məktəbə gedəcəyimi soruşuram. Bu gün yuxuda görmüşəm ki, çoxlu məktəb avtobusu var. Məktəb çantamı da yığmışam, hazırdı...
Biz də “Azərbaycan müəllimi”qəzeti olaraq, birincilərin “Bilik Günü”nü təbrik edir, onlara bu ilk addımlarında uğurlar arzulayırıq!
Nəzrin SEYİDƏLİYEVA |
|
15.09.2023 | 10:30 | |
|
|
|