BDU əməkdaşları tərəfindən son 5 ildə elmi-tədqiqat sahəsində 100-ə yaxın qrant alınıb

Son 5 ildə Bakı Dövlət Universitetinin (BDU) əməkdaşları tərəfindən yerli və beynəlxalq donorlardan elmi-tədqiqat sahəsində 100-ə yaxın qrant alınıb.

 

Universitetdən bildirilib ki, BDU əməkdaşlarının rəhbərliyi və ya iştirakı ilə 36 beynəlxalq qrant layihəsi yerinə yetirilib. Beynəlxaq qrant layihələrindən 6-sı Avropa Birliyi (FP7, HORIZON-2020, Erasmus+), 5-i Türkiyənin Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK, AMEA-TÜBİTAK, EİF/AEF TÜBİTAK), 5-i Ukrayna Elm Texnologiya Mərkəzi (STCU) və digərləri tərəfindən maliyyələşdirilib.

 

Bundan əlavə, Azərbaycan Elm Fondu (AEF) (əvvəlki Elmin İnkişafı Fondu) tərəfindən elan olunmuş Azərbaycan-Belarus və Azərbaycan-Rusiya qrant müsabiqəsinin, Avropa Nüvə Tədqiqatları Mərkəzinin (CERN), Almaniyanın DAAD proqramının, Halle-Vitterberq Universitetinin, TEMPUS proqramının, BMT-nin Əhali Fondunun (UNFPA), Birləşmiş Nüvə Tədqiqatları Mərkəzinin, Abdus Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzinin (ICTP) və digərlərinin elan etdikləri qrant müsabiqələrinin qalibləri olmuş layihələr BDU-da yerinə yetirilib.

 

Son 5 ildə BDU-da, ümumilikdə 49 elmi-tədqiqat nəticəsi üzrə patent əldə edilib.  Onlardan 3 patent beynəlxalq səviyyəlidir. BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə  Mükəmməllik Mərkəzinin rəqəmsal araşdırmalar, ekoloji kimya və ətraf mühit, sənaye kimyası laboratoriyalarında “BP Azerbaijan”, SOCAR kimi iri sənaye şirkətlərinin birbaşa sifarişləri əsasında müqavilə əsaslı layihələr yerinə yetirilir.

 

BDU-nun əsas məqsədlərindən biri də təkcə beynəlxalq bazalarda dərc olunan məqalələrin sayının artırılması deyil, həmçinin, aparılan elmi-tədqiqatların prioritet istiqamətlərini müəyyən etməklə dünyada elmi meyllərə uyğun problem mövzular üzrə tədqiqatların genişləndirilməsini, tətbiq yönümlü və multidissiplinar tədqiqatlara üstünlük verilməsini, alınan nəticələrin dürüstlüyünün təmin edilməsi və əldə olunmuş nəticələrin kvartil (Q) kateqoriyası yüksək olan jurnalların tələblərinə uyğun hazırlanmasını və s. təmin etməkdir. Keçirilən təlimlər, elmi fəaliyyətin təşkili üzrə aparılmış işlər “Web of Science” bazasında BDU alimləri tərəfindən dərc olunan məqalələrin sayının artması ilə bərabər, onlara istinadların sayının artmasına da təsir göstərir. Bu da öz növbəsində həm BDU-nun Hirş indeksinin (hazırda 57-dir), həm də elmi əsər müəlliflərinin Hirş indeksinin artmasına gətirib çıxarıb.

 

 



14.09.2023 | 10:09