MDU-da “Azərbaycan bölgələrinin maliyyə özünəyetərliyi” mövzusunda mühazirə dinlənilib

Mingəçevir Dövlət Universitetində (MDU) Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutu ilə əməkdaşlıq çərçivəsində “Heydər Əliyev İli”nə həsr olunmuş “Azərbaycan bölgələrinin maliyyə özünəyetərliyi” mövzusunda tədbir keçirilib.

 

Tədbirdə MDU-nun professor-müəllim heyəti, İqtisadiyyat İnstitutunun bir qrup əməkdaşı iştirak ediblər.

 

Tədbiri giriş sözü ilə MDU-nun rektoru Şahin Bayramov açaraq iki qurum arasındakı qarşılıqlı faydalı əməkdaşlıqdan, elm və təhsilin inteqrasiyasının əhəmiyyətindən danışıb.

 

Sonra İqtisadiyyat İnstitutunun baş direktoru professor Nazim Müzəffərli MDU-nun iqtisadçı professor-müəllim heyəti üçün “Azərbaycan bölgələrinin maliyyə özünəyetərliyi” mövzusunda mühazirə oxuyub. Araşdırmanın metodologiyası və nəticələri haqqında geniş məlumat verilib. Bildirilib ki, İqtisadiyyat İnstitutunun bir qrup əməkdaşının iştirakı ilə yerinə yetirilmiş bu tədqiqat Maliyyə Nazirliyinin sifarişi ilə həyata keçirilib. Tədqiqatın məqsədi ölkənin inzibati və iqtisadi rayonlarının maliyyə özünəyetərliyi səviyyəsini qiymətləndirmək və bu əsasda reytinqini tərtib etməkdir. Bunun üçün müəlliflərin təklif etdiyi 3 fərqli metodologiya əsasında bölgələrimiz üçün “Özünümaliyyələşdirmə səviyyəsi indeksi” hesablanıb. Qiymətləndirmə zamanı regionların inkişaf dinamikası, sosial-iqtisadi göstəriciləri, əvvəlki dövrlərdə qəbul olunmuş qərarların regional inkişafa təsirləri kimi məsələlər də araşdırılıb. Tədqiqatın nəticələri Maliyyə Nazirliyinə təqdim olunub.

 

Təqdimat zamanı araşdırmanın metodologiyası və nəticələri haqqında geniş məlumat verilib. Sonra tədqiqatla bağlı geniş müzakirə aparılıb, müəlliflər bölgələrimizdə özünümaliyyələşdirmə səviyyəsinin yüksəldilməsi ilə bağlı sualları cavablandırıblar.

 

Qeyd edək ki, MDU ilə İqtisadiyyat İnstitutu arasında əməkdaşlıq 2022-ci ilin mayında qoyulub. Mütəmadi olaraq birgə elmi konfranslar, seminarlar və mühazirələr keçirilir.

 



13.09.2023 | 16:06