STEAM əsaslı tədrisin əhatə dairəsi genişləndirilir

2023–2024-cü tədris ilində STEAM əsaslı tədrisin əhatə dairəsi genişləndiriləcək. Bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. 

 

STEAM əsaslı tədrisin əhatə dairəsinin genişləndirilməsində məqsəd təhsilalanların innovativ ideyalarının reallaşdırılmasında müasir texnologiyaların tətbiqinin təmin edilməsi, həmçinin süni intellektin iqtisadiyyatın müxtəlif sahələrində istifadəsi bacarıqlarının formalaşdırılmasıdır.

 

Qeyd edək ki, STEAM təhsil metodu elm (Science), texnologiya (Technology), mühəndislik (Engineering), incəsənət (Art), riyaziyyatı (Math) inteqrasiya olunmuş şəkildə tədris etmək ideyası üzərində qurulub.

 

STEAM layihəsinin məqsədi təhsilalanlarda tənqidi, yaradıcı düşünmə, əməkdaşlıq və digər XXI əsr bacarıqlarını formalaşdırmaq, eləcə də yaradıcı proses vasitəsilə öyrənmə imkanı yaratmaqdır. Bununla yanaşı, fənləri inteqrativ, real problemlərin həllinə yönəlmiş vahid öyrənmə modelində birləşdirmək, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə qabiliyyətini yüksəltməkdir.

 

 



08.09.2023 | 15:46