İdeya ver, qrant qazan | |
Son illərdə Elm və Təhsil Nazirliyi tərəfindən davamlı olaraq hər il keçirilən Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi təhsil sahəsində daha innovativ və yaradıcı ideyaların reallaşmasında mühüm əhəmiyyət kəsb edir. Müsabiqənin keçirilməsində əsas məqsəd təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabətin gücləndirilməsi, innovativ fəaliyyətin stimullaşdırılmasından ibarətdir. Daha innovativ və yaradıcı ideyaya malik layihə təqdim edən təhsilverənlər aşkarlanır, onlara öz layihələrini reallaşdırmağa geniş meydan verilir.
İyulun 28-də nəticələri açıqlanan “Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi”nə ümumilikdə 1407 layihə təqdim edilib ki, bu da ötən illə müqayisədə 306 layihə çoxdur. Müsabiqəyə daxil olan layihələrin 279-u ümumi təhsil müəssisələrinin, 1128-i isə təhsilverənlərin fərdi layihələridir. Bütün layihələr qəbul edildikdən sonra texniki ekspertiza mərhələsindən keçirilib və 1398 layihə məzmun ekspertiza mərhələsinə buraxılıb. Qrant verilməsi nəzərdə tutulan layihələrin 72-si ümumi təhsil müəssisələrinin, 153-ü isə təhsilverənlərin fərdi layihələridir.
“Mənzilinə çatan qatar”
Şirvan şəhər Kimya-biologiya təmayüllü liseyin fizika müəllimi və profil işləri üzrə direktor müavini Vasif Zeynalov da VII qrant müsabiqəsində qalib gələn müəllimlərdəndir: “V, VI qrant müsabiqələrinə layihə təqdim etmişdim, lakin uyğun balı yığmadığımdan qalib ola bilməmişdim. Buna baxmayaraq, həvəsdən düşməyərək öz ideyalarımı reallaşdırmaq üçün növbəti müsabiqəni gözlədim.
Bu il daha fərqli bir ideya irəli sürmüşəm. Layihəmin adı “Mənzilinə çatan qatar” adlanır. Bəzən olur ki, ucqar dağ və yaxud hər hansı rayonun kənd məktəblərinin respublika fənn müsabiqələri haqqında kifayət qədər məlumatı olmur. Fizika fənni üzrə mövzuları, testləri izah edərək texnologiyanın inkişaf etdiyi bu dövrdə onlayn platforma üzərindən fənn müsabiqələrində iştirak etmək istəyən şagirdləri, eləcə də fənn müəllimlərini məlumatlandıra bilərəm. Buna görə də məqsəd olaraq Youtube kanalı açmaq, bütün izahları orada yerləşdirmək, kanalı regional təhsil idarələrinə, onların vasitəsi ilə sektorlara, məktəblərə tanıtmaqdır. Şagirdlər hər həftənin mövzusunu, qaydalarını bu platformadan öyrənib müəyyən zaman intervalında dərsləri, testləri həll etmiş olarlar. Bununla da respublika fənn olimpiadalarına hazırlaşmaq həmin şagirdlər üçün əlçatan olar. Ümumiyyətlə, layihəmin əhatə dairəsi geniş olduğundan daha çox şagirdə öz töhfəsini verəcəyinə inanıram”.
“Sağlam həyat xəritəsi”
Şirvan şəhər Kimya-biologiya təmayüllü liseyin biologiya və STEAM, Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyindəki Olimpiada Mərkəzinin biologiya müəllimi, eyni zamanda “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzinin təlimçisi Mənsurə Məmmədova: “Bu il VII qrant müsabiqəsinin qalibi olmaq sevincini yaşadım. Layihə təklifimdə şagirdlərin fiziki aktivliyi, fizio-sağlam həyat tərzini, düşüncə çevikliyini, xəstəliklərə qarşı profilaktik davranışlarını erkən dövrdən düzgün istiqamətləndirmək üçün şagirdlərin mütəxəssislərlə birgə araşdırmalar aparmasını, fərdi “Sağlam həyat xəritəsi”ni qurması və hər zaman əməl etməsi üçün ortaq dəyərlər formalaşdırmağı məqsədəuyğun hesab edirəm. Beynəlxalq təcrübədə bu yanaşma Elm əsaslı proqramlar/Evidence-Baced Proqrams kimi tanınır və xüsusilə məktəb şagirdlərinin fiziki, mental, reproduktiv, təhsil istiqamətlərində inkişafında tətbiq edilir. Layihəmin məqsədi Şirvan məktəblilərini sağlam həyat tərzi üçün müvafiq mövzu istiqamətlərində praktik araşdırma və tətbiq fəaliyyətlərinə cəlb edərək, fərdi “Sağlam həyat xəritəsi”ni tərtib etməsi, ortaq inkişaf dəyərləri formalaşdıraraq ona davamlı əməl etməyə nail olmaqla şagirdlərin keyfiyyətli həyat tərzinə vərdiş etməsini və keyfiyyətli təhsili təmin etməkdir”.
Tünzalə QULİYEVA
|
|
08.09.2023 | 13:07 | |
|
|
|