“BSU Creativity Workz” komandası “TEKNOFEST - Girişim Yarışması”nın qalibi olub

Bakı Dövlət Universitetinin (BDU) “BSU Creativity Workz” komandası “TEKNOFEST - Girişim Yarışması”nın final mərhələsində uğurla çıxış edərək, 3 qalib komandadan biri olub.

 

BDU-dan bildirilib ki, komanda yarışmada "Ağıllı nəqliyyat texnologiyaları" kateqoriyası üzrə bu ilin may ayında İstanbul şəhərində keçirilən “TEKNOFEST-2023” festivalında birinci yerə layiq görülən "Driver's Eye" layihəsi ilə çıxış edib.

 

Qeyd edək ki, "TEKNOFEST-Girişim Yarışması"nda 10 kateqoriya üzrə 2419 komanda yarışıb. Yarışın məqsədi keçmiş illərdə (2018 - 2023) TEKNOFEST festivalının müxtəlif kateqoriyalarında yarışaraq finalçı və ya qalib olan komandaların hazırladığı prototipləri, biznes ideyalarını istehsalata hazır son məhsula çevirmək, onların beynəlxalq bazara çıxışını, investorlarla görüşünü təmin etməkdir. Keçirildiyi illər ərzində "TEKNOFEST - Girişim Yarışması" vasitəsilə Türkiyədə müxtəlif istiqamətlərdə fəaliyyət göstərən 121 şirkət qurulub.

 

 



04.09.2023 | 10:00