Azərbaycanın PISA təcrübəsi öyrənilir | |
Xəbər verildiyi kimi, avqustun 28-də Tacikistan Təhsil Nazirliyinin nümayəndə heyəti Bakıya təcrübə mübadiləsi səfəri edib.
Səfər çərçivəsində nümayəndə heyəti STEAM İnnovasiyalar Mərkəzində olub. “STEAM Azerbaijan” layihəsinin rəhbəri İqrar Nəzərov qonaqlara STEAM təhsili barədə ətraflı məlumat verib. Tacikistan Təhsil Nazirliyinin nümayəndə heyəti STEAM İnnovasiyalar Mərkəzində yaradılmış şəraitlə tanış olub.
Qeyd edək ki, 5 gün davam etmiş təlim səfərinin əsas məqsədi PISA və digər beynəlxalq qiymətləndirmə tədqiqatları ilə bağlı Azərbaycanın bu sahədəki təcrübəsini öyrənməkdir.
Təlim proqramı çərçivəsində ölkəmizdə səfərdə olan Tacikistan təhsil işçiləri ilə görüşüb söhbət etdik, onların təəssüratlarını öyrəndik.
“Bakıda geniş təcrübə əldə etdik”
Lola Mansurova, Tacikistan Respublikası Prezidenti yanında Milli Qiymətləndirmə Mərkəzinin PISA üzrə milli layihə meneceri: “Biz Tacikistan Respublikasında PISA beynəlxalq qiymətləndirmə proqramının öyrənilməsi layihəsinə başlamışıq və yaxın gələcəkdə - 2025-ci ildə həmin proqramda iştirak etməyi nəzərdə tuturuq. Bildiyimiz kimi, artıq Azərbaycan bir neçə dəfə PISA və digər beynəlxalq qiymətləndirmə tədqiqatlarında iştirak etmişdir. Bu səbəbdən səfərimizin məqsədi Azərbaycanın təcrübəsindən bəhrələnməkdir. Ölkələrimizin müttəfiqliyi, ümumi yaxın tarixi, oxşar təhsil proqramı, adət-ənənələri, eyni dildə danışmaq imkanının mövcudluğu baxımından Azərbaycan bizim üçün çox uyğun ölkədir. Burada keçirdiyimiz günlər ərzində, ilk növbədə, Bakının gözəlliyi və qonaqpərvərliyi bizə çox müsbət emosiyalar bəxş edib. Dəvət olunduğumuz təhsil qurumlarında bizi maraqlandıran sual və məsələlər haqqında ətraflı məlumatlar verilib, slayd və prezentasiyalar təqdim olunub. Bakıda biz çətinlik çəkdiyimiz məqamlara və suallara aydınlıq gətirdik, beynəlxalq qiymətləndirmələrdə iştirakımız istiqamətində geniş təcrübə əldə etdik. Fürsətdən istifadə edib Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi başda olmaqla bütün təhsil qurumlarının əməkdaşlarına zəngin təcrübələrini, bacarıqlarını, olduqca faydalı məlumatları bizimlə bölüşdükləri üçün dərin minnətdarlığımı bildirirəm”.
“Bu təcrübə bizə çox faydalı olacaqdır”
Raxmonali Mirzozoda, Tacikistan Respublikası Təhsil Nazirliyi yanında Respublika Tədris-Metodiki Mərkəzinin direktoru: “Qeyd edim ki, Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Mənim üçün İçərişəhəri gəzmək, tarixi məkanlarla tanışlıq xüsusi zövqvericidir. Bizim şəhərinizə təlim səfərimizin məqsədlərindən biri də respublikamızda çoxballı qiymətləndirmə sisteminin tətbiqi istiqamətində Azərbaycanın təcrübəsindən yararlanmaqdır. Məlumatımıza görə, artıq 20 ilə yaxındır ki, Azərbaycanın həm ümumi, həm peşə, həm də ali təhsil müəssisələrində çoxballı qiymətləndirmə sistemi tətbiq olunmaqdadır. Bu səbəbdən azərbaycanlı dostlarımızın təcrübəsini öyrənməyə gəlmişik. 2005-2006-cı tədris ilindən başlayaraq Tacikistan Respublikasının orta ixtisas və ali təhsil müəssisələrində kredit və çoxballı qiymətləndirmə sistemi həyata keçiriləcək. 2023-cü ildə Tacikistanın Avropa təhsil məkanına daxil edilməsindən sonra cari tədris ilində ümumi təhsil müəssisələrinin də çoxballı qiymətləndirmə sisteminə keçidi nəzərdə tutulur. Biz Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyində olduq, bu sistemin tətbiqi prosesi, müsbət və mənfi tərəfləri ilə bağlı məlumatlar əldə etdik. Sevindiricidir ki, burada sinif jurnallarında, eyni zamanda həm çoxballı, həm də 5 ballıq qiymətləndirmədən istifadə edilir. Düşünürəm ki, Bakıda əldə etdiyimiz təcrübələr Düşənbə şəhərinə qayıtdıqdan sonra uğurlu qərarlar qəbul etməkdə bizə çox faydalı olacaqdır”.
“Azərbaycanın təcrübəsindən yararlanmağı məqsədəuyğun hesab edirəm”
Xolis Sadriddinov, Avropa İttifaqı üzrə milli layihə eksperti: “Birinci növbədə, mən Bakı şəhərinin gözəlliyinə, təmizliyinə və insanların qonaqpərvərliyinə heyranlığımı dilə gətirmək istəyirəm. Diqqətimi çəkən digər müsbət məqam təhsil qurumları əməkdaşlarının əksəriyyətinin gənclərdən ibarət savadlı kadrlar olmasıdır. Onların çoxballı qiymətləndirmə sistemi, PISA, TIMSS, PIRLS və digər beynəlxalq qiymətləndirmələr haqqında nümayiş etdirdikləri prezentasiya və slaydlar sayəsində geniş məlumat topladıq. Eyni zamanda Resurs Mərkəzinə getdik və orada elmi vizual kitablarla tanış olduq, sinqapurlu mütəxəssislərlə birgə həmin kitabları hazırlayan müəllimlərin təqdimatlarını dinlədik. Nümayəndə heyətimizin STEAM İnnovasiya Mərkəzi ilə tanışlığı çox yaddaqalan oldu. Belə ki, biz heç bir yerdə bu cür məkanda olmamışdıq. Burada gördüyümüz innovativ texnologiya və avadanlıqlar, elmi eksponatlar heyrətamizdir. Cari ildən ölkəmizdə STEAM tədris metodunun tətbiqinə başlanılır və bu istiqamətdə də Azərbaycanın təcrübəsindən yararlanmağı məqsədəuyğun hesab edirəm”.
Lamiyə ƏLİMƏRDANOVA
|
|
01.09.2023 | 10:00 | |
|
|
|