Rəsədxana əməkdaşı Çexiyada astronomiya ilə bağlı dünya təcrübəsini öyrənir | |
Şamaxı Astrofizika Rəsədxanasının Ulduz atmosferləri fizikası və maqnetizm şöbəsinin elmi işçisi, Gənc Alim və Mütəxəssislər Şurasının Sədri Aynurə Həsənova Çex Respublikasının Ondrejov Rəsədxanasında elmi ezamiyyətdədir.
Çex Respublikası Elmlər Akademiyasının Astronomiya İnstitutu və Almaniyanın FR Potsdam Universitetinin “Ulduz Astrofizikası” qrupunun təşkilatçılığı ilə 21 avqust - 01 sentyabr tarixlərində Çexiyanın Ondrejov Rəsədxanasında təşkil olunan “Müşahidə Texnikaları Vörkşopu - 2023” (Workshop on Observational Techniques - 2023) adlı beynəlxalq vörkşopun proqramına müşahidə prosesinə hazırlıq, müşahidə olunacaq obyektlərin siyahısının hazırlanması, spektral və fotometrik müşahidə metodları, müşahidə materiallarının “IRAF” proqram paketi vasitəsilə emalı və emal olunmuş materialların analizi metodları daxildir.
Qeyd edək ki, Rəsədxana əməkdaşı “IRAF” proqramında müşahidə materiallarının ilkin emalı kursunu uğurla başa vurub, hazırda isə ölçmə prosesi və müxtəlif parametrlərin qiymətinin hesablanmasını öyrənmək üçün proqram üzrə həm nəzəri tədris, həm də təcrübəli mütəxəssislərin nəzarəti altında praktiki təlimlərdə iştirak edir.
Müxtəlif ölkələrdən vörkşopa dəvət almış iştirakçılar bu müddət ərzində hazırladıqları müşahidə obyektlərinin siyahısı əsasında Ondrejov Rəsədxanasının 2 metrlik Perek teleskopunda spektral müşahidələr və 65 sm-lik Mayer teleskopunda fotometrik müşahidələr aparırlar. Alınan müşahidə materiallarının emalı və analizi vörkşop müddəti ərzində həyata keçiriləcək.
|
|
31.08.2023 | 11:09 | |
|
|
|