AzTU ilə AMEA Yüksək Texnologiyalar Parkı arasında Niyyət Sazişi imzalanıb

Oktyabrın 12-də Mərkəzi Elmi Kitabxanada Azərbaycan Texniki Universiteti (AzTU) ilə AMEA Yüksək Texnologiyalar Parkı (YTP) arasında əməkdaşlığa dair Niyyət Sazişinin imzalanması mərasimi olub.

 

Əməkdaşlığın məqsədi ikitərəfli münasibətlərin möhkəmləndirilməsi və innovasiya sahəsində fəaliyyətin genişləndirilməsinə əsaslanaraq elmin inkişafının təmin edilməsidir.

 

Tədbirdə AMEA Strateji Elmi Tədqiqatlar Mərkəzinin rəhbəri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev çıxış edərək imzalanacaq Niyyət Sazişinin hər iki qurumun fəaliyyətinə müsbət təsir edəcəyinə, yüksəkixtisaslı kadrların hazırlanmasına mühüm töhfələr verəcəyinə əminliyini ifadə edib.

 

AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov AMEA-da elmi nəticələrin istehsalatda tətbiq olunması, elm və təhsilin inteqrasiyası ilə bağlı görülən işləri yüksək qiymətləndirib. Rəhbərlik etdiyi qurumla AMEA arasında imzalanacaq müqavilənin əhəmiyyətini önə çəkən rektor əvəzi AzTU tələbələrinin YTP-da təcrübə imkanı əldə edəcəklərini bildirib. Qeyd edib ki, bu da elmlə təhsilin birgə inkişafına, gənclərin elm və istehsalata cəlb olunmasına dəstək verəcək.

 

AMEA İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev  hazırda dünya elminin sürətlə inkişaf etdiyini, Azərbaycanda da bu sahədə böyük nailiyyətlərin əldə olunduğunu vurğulayıb. Elmin kommersiyalaşdırılmasının müasir dövrün tələblərindən olduğunu diqqətə çatdıran akademik YTP-da bu istiqamətdə böyük imkanların yaradıldığını, innovativ layihələrin icra edildiyini qeyd edib.  

 

AzTU-nun elm və texnika üzrə prorektoru, professor İlham Pirməmmədov ali məktəblərlə AMEA arasında əməkdaşlığın genişlənməsinin təqdirəlayiq hal olduğunu deyib. Tələbələrin praktik əhəmiyyətli elmi-tədqiqat işlərinə cəlb edilməsi, innovasiyayönümlü tədqiqatların aparılması baxımından bu əlaqələrin böyük əhəmiyyətə malik olduğunu vurğulayıb.

 

Sonda YTP-in direktoru, iqtisad üzrə fəlsəfə doktoru Nazim Şükürov rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri haqqında məlumat verib. Daha sonra iki qurum arasında əməkdaşlığa dair Niyyət Sazişi imzalanıb. Müqavilədə, iki qurum arasında təcrübə mübadiləsi imkanlarının yaradılması, innovasiyayönümlü layihələrin həyata keçirilməsi, elmi layihələrin dəstəklənməsi və s. nəzərdə tutulur.

 



14.10.2018 | 13:39