Tacikistan Təhsil Nazirliyinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Tacikistan Respublikası Təhsil İşçilərinin İxtisasartırma və Yenidənhazırlanma İnstitutu, Təhsil Akademiyasının A.Cami adına Təhsilin İnkişafı İnstitutu, Respublika Tədris-Metodiki Mərkəzi, Tacikistan Təhsil Akademiyasının Təhsilin İnkişafı İnstitutu və PISA layihə menecerlərindən ibarət 11 nəfərlik nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb.

 

Təlim səfərinin əsas məqsədi PISA və digər beynəlxalq qiymətləndirmə tədqiqatları ilə bağlı Azərbaycanın bu sahədəki təcrübəsini öyrənməkdir.

 

Tacikistan Respublikasının müxtəlif təhsil qurumlarını təmsil edən nümayəndə heyəti ilk olaraq elm və təhsil nazirinin müavini Həsən Həsənli tərəfindən qəbul edilib. Görüşdə ikitərəfli əməkdaşlıq və təcrübə mübadiləsi müzakirə olunub.

 

Səfərin 1-ci günündə Azərbaycan Respublikası Təhsil İnstitutunun (ARTİ) direktoru Rüfət Əzizov beynəlxalq qiymətləndirmələrlə bağlı Azərbaycanın təcrübəsi haqqında geniş məlumat verib, beynəlxalq qiymətləndirmələrin milli təhsil islahatlarının formalaşdırılmasındakı rolundan bəhs edib. Təlimdə, həmçinin Təhsil İnstitutunun Peşə və ömürboyu təhsil şöbəsinin müdiri Səbinə Babayeva tərəfindən təhsil sisteminin strukturu haqqında fikir formalaşdırmaq məqsədilə Azərbaycanın Milli Kvalifikasiyalar Çərçivəsi haqqında qonaqlara təqdimat edilib.

 

Görüşün ikinci hissəsi Təhsil İnstitutunda davam edib. ARTİ-nin Təhsil standartları və proqramları şöbəsinin müdiri Mənsur Məhərrəmov “Kurikulum təkmilləşdirilmələrində TIMSS və PISA çərçivə sənədlərinin diqqətə alınması” mövzusunda təqdimat edərək riyaziyyat, kimya, biologiya və coğrafiya fənlərinin kurikulumları ilə bağlı həyata keçirilən dəyişikliklərdən bəhs edib.

 

Növbəti təqdimat isə Təhsil İnstitutunun Tədris resursları şöbəsinin müdiri Rasim Abdurazaqovun “Dərslik siyasəti və yeni nəsil dərsliklərin hazırlanması qaydaları” mövzusunda keçirilib. Sonda Tacikistan nümayəndələri ilə təlim mövzuları üzrə   müzakirələr aparılıb, suallar cavablandırılıb.

 

Qeyd edək ki, 5 günlük təlim proqramı çərçivəsində müxtəlif qurumlara səfərlərin həyata keçirilməsi planlaşdırılır.

 

 



29.08.2023 | 16:04