Müdir olmağı hədəfləyənlər imtahan verir

Avqustun 23-də Bakı şəhər 161 nömrəli tam orta məktəbdə məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi baş tutub. Qeyd edək ki, 353 namizədin dəvət edildiyi müsabiqənin test imtahanı mərhələsinin keçiriləcəyi vaxt və məkan barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.

 

İmtahanın test mərhələsində hər bir namizədə təhsil və idarəetmə, oxuyub anlama bacarığı, məntiq və məktəbəqədər təhsilin məzmunu istiqamətləri üzrə hər biri 15 sual olmaqla ümumi 60 sual təqdim edilib. Test imtahanı mərhələsində təqdim olunan hər bir istiqamət üzrə minimum 5 bal olmaqla ümumi 30 bal və daha yüksək nəticə göstərən namizədlər müsahibə mərhələsinə buraxılıb. Ümumilikdə imtahan müddəti 120 dəqiqəni əhatə edib.

 

Məlumat üçün bildirək ki, məktəbəqədər təhsil müəssisələrində müdir vəzifəsinə işə qəbul ilk dəfə mərkəzləşdirilmiş  qaydada müsahibə yolu ilə həyata keçirilib.

 

Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli bildirib ki,  bu müsabiqənin keçirilməsi məktəbəqədər təhsil müəssisələrində çalışan şəxslər üçün vəzifədə yüksəliş imkanını təmin edir. O, xüsusilə vurğulayıb ki, müsabiqədə yalnız məktəbəqədər təhsil sistemində çalışan 3 il və daha artıq təcrübəyə malik, məktəbəqədər ali və yaxud pedaqoji ali təhsilli şəxslər iştirak edir və müsabiqənin test mərhələsində dəvət olunan 353 namizəddən 300 nəfəri imtahandadır. Test imtahanından uğurla çıxmış namizədlər müsahibə mərhələsinə buraxılacaq.

 

Nurlan İsmayılbəylinin sözlərinə görə, müsahibə mərhələsinin təşkili Bakı Şəhəri üzrə Təhsil İdarəsi və regional təhsil idarələri tərəfindən həyata keçiriləcək: “Məktəbəqədər təhsil müəssissələrinin 2021-ci ildən Elm və Təhsil Nazirliyinin tabeliyinə daxil olduğu artıq məlumdur. İlk dəfə ötən il məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi müəllimlərin mərkəzləşdirilmiş formada qəbulu həyata keçirilmişdir. Bu il də bağçalara müdir vəzifəsinə işə qəbul bu formada həyata keçirilməkdədir. Vakant yerlərinə gəldikdə isə hazırda bütün regional təhsil idarələri üzrə 187 vakant yeri var”.

 

İmtahan prosesində namizədlərlə birlikdə o həyəcanı, məsuliyyəti hiss edərək anasını, bacısını, qızını, qucağında körpəsini tutaraq həyat yoldaşını gözləyənlər də var... Budur, artıq imtahan müddəti bitmədən namizədlərdən bir-bir çıxanlar görünür. Üzündə təbəssüm olanlarda uzaqdan da hiss olunur ki, imtahan yaxşı keçib. Sevincindən bizi ağuşuna alanlar da, təəssüratlarını bizimlə bölüşmək istəyənlər də oldu.

 

Hər bir müəllim öz üzərində işləməli, öyrəndiklərini düzgün şəkildə çatdırmağı bacarmalıdır

 

 

Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə keçirilən test imtahanı mərhələsindən ən yüksək bal toplayan namizədlərdən biri Vüsalə Abbasovadır. O, 7 ildir ki, Abşeron rayon Masazır kənd 30 saylı uşaq bağçasında tərbiyəçi müəllim kimi fəaliyyət göstərir. A.Vüsalə  imtahanda  51 bal toplayıb. Çox ədalətli, şəffaf imtahanın keçdiyini qeyd edən Vüsalə müəllim yığdığı  baldan razı qaldığını, hətta daha yüksək bal gözlədiyini bildirib: “Sualları ağırlıq dərəcələrinə böldükdə asan, orta və düşündürücü qruplara ayırd etmək olar. Daha çox mənə maraqlı gələn məntiq sualları idi. Ümumiyyətlə, daim öz üzərimdə işləyən biriyəm. Hər bir müəllim öz üzərində işləməli, öyrəndiklərini düzgün şəkildə çatdırmağı bacarmalıdır. Müəllimin məktəbəqədər müəssisədə, orta məktəbdə və yaxud ali təhsil ocağında işləməyinin fərqi yoxdur. Öz statusunu daim icra etməli, ona sadiq qalmalıdır. 7 ildir tərbiyəçi müəllim kimi işləməyimə baxmayaraq, bağça müdiri olmaq əsas məqsədlərimdən biridir. Cəmiyyətdə yaxşı, düzgün tərbiyə almış insanların çoxalmasını, sağlam ruha, düşüncəyə sahib uşaqların yetişməsini istəyirəm. Əsas hədəfim uşaqların daha sağlam mühitdə böyümələrini, sağlam təfəkkürə sahib olmalarını təmin etməkdir. Bununla da gələcək həyat üçün yaxşı nəticələr əldə etmiş olarıq”.

 

 

“Özümü inkişaf etdirmək əsas hədəflərimdəndir”

 

İmtahan müddətinin bitməsinə 35 dəqiqə qalmışdır ki, daha bir namizəd imtahan zalını tərk edir. O xanımın gözlərindəki qığılcımdan hiss olunur ki, imtahan ürəyincə olub. Vaxt itirmədən xanıma yaxınlaşıb onu tanımağa, imtahanda əldə etdiyi nəticəni öyrənməyə başladıq.

 

Haqqında öyrənmək istədiyimiz həmin uğurlu tərbiyəçi müəllim Firuzə Allahverdiyevadır. İmtahanda 45 bal toplayaraq yeni bir uğura imza atıb. Bəli, özünün də qeyd etdiyi kimi bu, onun üçün möhtəşəm bir müvəffəqiyyətdir. O, Bakı şəhəri 86 saylı körpələr evi-uşaq bağçası tərbiyəçisi kimi 11 ildir ki, işləyir. Bu 11 ilin onun həyatında çox mühüm rol oynadığını deyir. Onu imtahana gətirən səbəb həm arzusundan, həm də müdirinin onu həvəsləndirdiyindən qaynaqlanıb: “İmtahanda iştirak etməyimdə müdirimin də rolu böyükdür. O, hər zaman məni arzularıma, hədəflərimə doğru irəliləməyə təhrik edir. İmtahan gözlədiyimdən də yüksək səviyyədə təşkil  olunmuşdu. İmtahan sualları mənə görə qənaətbəxş idi. Mən daha çətin gözləyirdim. Belə nəticə toplamağım həqiqətən də mənim üçün qürurvericidir. Əldə etdiyim nəticəyə görə çox sevinirəm. Özümü inkişaf etdirmək əsas hədəflərimdən biridir. Ona görə də bu sahə üzrə müdir vəzifəsində çalışmağı özümə uyğun görürəm. İlk dəfə mərkəzləşdirilmiş qaydada keçirildiyi üçün bu, bizə şans yaratdı ki, özümüzü sınayaq. Test üsulu sağlam rəqabəti artırmağa, daha səmərəli işlər, yeniliklər ortaya çıxarmağa töhfə verir”.

 

“Yaradılan mühit, göstərilən diqqət ürəyimcədir”

 

İlk dəfə mərkəzləşdirilmiş qaydada bağçalara müdir vəzifəsi üçün keçirilən imtahanda uğur qazanaraq yüksək bal toplayan daha bir tərbiyəçi müəllim. O, imtahanda 46 bal toplayan Şəbnəm Rəhimovadır. Qəbələ şəhər 1 saylı uşaq bağçasında 10 ildir tərbiyəçi müəllim işləyir. O, işini sevən, peşəkar, yeniliklərə açıq bir müəllimdir. Uşaqlarla işləmək, onların dünyasında yaşamaq ona böyük zövq verir: “Fəaliyyət göstərdiyim müddətdə fərqli düşüncəyə sahib, fərqli ailələrdə tərbiyə görən uşaqlarla işləmişəm. Hər zaman çalışmışam ki, uşaqların hər birinə individual yanaşım. Biz bilirik ki, uşaqların şəxsiyyət kimi formalaşmağının ilk qığılcımları məhz bağça mühitində qoyulur. Buna görə də əlimdən gələni edirəm ki, onlar düzgün düşüncədə böyüsünlər, tərbiyə alsınlar”.

 

İmtahan prosesinin gedişatı haqqında soruşanda o deyir: “Gözlədiyimdən də əla idi. Yaradılan mühit, göstərilən diqqət ürəyimcədir. Düzdür, nəticəm daha yüksək ola bilərdi. İmtahanda iştirak edərək həm suallarla tanış, həm də öz biliyimi sınamış oldum. Ümid edirəm ki, müsabiqə mərhələsi də uğurlu olacaq. İstəyirəm ki, uşaqlar üzərində sağlam nəzarət güclənsin, onların inkişafı üçün bütün imkanlar səfərbər olsun”.

 

 

Tünzalə QULİYEVA

 



25.08.2023 | 12:20