“ASAN”da təhsil xidmətləri

Son illər təhsil sahəsində aparılan islahatların əsas istiqamətlərindən biri də istər təhsilalanlar, istərsə də təhsilverənlərdə məmnuniyyət hissi yaratmaq, əlçatanlığı təmin etməkdir. Bu məqsədlə atılan addımlardan biri də ötən ildən başlayaraq Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması idi. Memoranduma əsasən 7 aprel 2022-ci il tarixindən başlayaraq, 5 saylı Bakı “ASAN xidmət” mərkəzində təhsil xidmətlərinin göstərilməsinə başlanılmışdır. Qısa müddət ərzində qarşılıqlı əməkdaşlıq nəticəsində fəaliyyət genişlənərək Bakı şəhərində və bölgələrdə olan digər “ASAN xidmət” mərkəzlərində də təhsil xidmətləri göstərilir.

 

Hazırda ümumilikdə 16 “ASAN xidmət” mərkəzlərində vətəndaşlar təhsil xidmətlərindən faydalanırlar. Təhsil sahəsində vətəndaş müraciətləri üzrə məsləhətçi xidməti, cari təhsilalanlar üçün elektron təhsil arayışları, ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu (qeydiyyat), şagirdlərin elektron yerdəyişməsi (qeydiyyat), məktəbəhazırlıq qruplarına elektron qeydiyyat, məktəbəqədər təhsil müəssisələrinə elektron qeydiyyatla bağlı vətəndaşlara yüksək səviyyədə xidmət göstərilir.

 

Bundan başqa, ali təhsil pilləsinin magistratura və bakalavr səviyyələri üzrə elektron sənəd qəbulu, sertifikatlaşdırma prosesindən keçmiş təhsilverənlərə sertifikatların verilməsi, təhsil tələbə kreditinə elektron müraciət (qeydiyyat) üçün də vətəndaşlar “ASAN xidmət” də təşkil olunmuş xidmətlərdən rahatlıqla faydalanırlar.

 

14 mindən çox vətəndaşa xidmət göstərilib

 

Fəaliyyətə başlayandan etibarən elm və təhsil bölmələri üzrə 14 min nəfərdən çox vətəndaşa xidmət göstərilib. Bunlardan 12550 vətəndaşın məsələsi müsbət həll edilib, 1950 vətəndaşın məsələsi həll olunmayıb. Həll olunmayan məsələlər aidiyyəti üzrə düzgün ünvanlandırılmayan və qeyri-qanuni müraciətlərdir. Ən çox müraciət olunan mövzu Məktəbəqədər təhsil müəssisələrinə elektron qeydiyyat ilə bağlıdır.

 

26 iyul 2023-cü il tarixində “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanında dəyişikliyə əsasən elm və təhsil bölmələrinin göstərdiyi xidmətlər Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əsasnaməsinə daxil edilərək əsas xidmətlər siyahısına əlavə edilib.

 

Mərkəzlərdə göstərilən təhsil xidmətlərini yaxından izləmək məqsədilə 5 saylı “ASAN xidmət”ə yollandıq. Xidmət göstərənlər və vətəndaşlarla söhbətləşdik.

 

“Vətəndaş məmnuniyyəti əsas prioritetimizdir”

 

Elm və Təhsil Nazirliyinin informasiya və vətəndaşlara xidmət şöbəsinin “ASAN xidmət”ə təhkim olunmuş əməkdaşı  Mikayıl Allahverdiyev bizimlə söhbətində bildirdi ki, mövsümlə əlaqədar olaraq müraciətlərin sayında dəyişikliklər olur.  O, daha çox məktəbəqədər təhsil müəssisələrinə qəbul və şagird yerdəyişməsi ilə bağlı müraciətlərin çox olduğunu deyib: “Tədris  ilinin  ortasında  müraciət  sayı gün  ərzində  14-15  olursa,  birincilərin qəbulu,  məktəbəhazırlıq  qruplarına  qəbul və şagird yerdəyişməsi zamanı gün ərzində müraciətlərin sayı təxminən 90 nəfərə  çatır.  Təxminən  10  gün  bu  qaydada davam edir, sonra müraciətlərin sayı get-gedə  azalır.  Vətəndaşları düzgün şəkildə istiqamətləndirir, məlumatlandırırıq. Çalışırıq ki, vətəndaşlar təhsil xidmətlərindən razı qalsınlar. Vətəndaş məmnuniyyəti əsas prioritetimizdir”.

 

“Burada göstərilən xidmətdən çox razı qaldım”

 

Rəşad Nurəhmədov “ASAN xidmət” də təhsillə bağlı müraciət edən vətəndaşlardandır. O, bizimlə söhbətində övladının məktəbəqədər təhsil müəssisəsinə yerləşdirilməsi ilə bağlı müraciət etdiyini deyib: “Təhsillə bağlı ilk dəfə idi ki, “ASAN xidmət”ə gəldim. Burada göstərilən xidmətdən çox razı qaldım. Övladımın bağçaya yerləşdirilməsində mənə istiqamət verdilər, köməklik göstərdilər. Bu kimi xidmətlər vətəndaşların rahatlığı üçün nəzərdə tutulub. Bu, məni çox sevindirir. Biz indi göndərilən sorğunun cavabını gözləyirik. Ümid edirəm ki, sorğumuz müsbət cavablandırılar”.

 

“Müraciətimlə bağlı müsbət nəticə əldə edəcəyimə ümid edirəm”

 

Övladının yerdəyişməsi ilə bağlı müraciət edən Sərvər Hüseynov vətəndaşlara göstərilən xidmətin yüksək səviyyədə olduğunu söyləyib: “Özüm Kəlbəcər rayonundanam. Övladım bu il X sinifdə təhsil alacaq. Hazırda Göygöldə Texniki fənlər təmayüllü liseydə oxuyur. Onun Gəncədə yerləşən Kəlbəcər məktəbində təhsil alması üçün xidmətdən istifadə etmək məqsədilə buraya üz tutdum. Müraciətimlə bağlı müsbət nəticə əldə edəcəyimə ümid edirəm”.

 

Dilarə Hüseynova da “ASAN xidmət”də təhsillə müraciət edən valideynlərdəndir. O, övladının məktəbəqədər təhsil müəssisəsində təhsil almasını, bunun üçün qeydiyyat proseslərini yerinə yetirmək məqsədilə xidmətə yaxınlaşdığını bildirib: “Övladımı 340 nömrəli bağçaya qeydiyyatdan keçirmək üçün “ASAN xidmət”ə gəldim. Mənə dedilər ki, orada bu prosesləri yerinə yetirmək, qeydiyyatdan keçmək üçün sənə kömək edəcəklər. Doğurdan da yüksək səviyyədə qeydiyyatla bağlı istiqamət verdilər. Xidmətdən çox razı qaldım”.

 

Niyazi RƏHİMOV

 



25.08.2023 | 10:00