Şəhidin ev muzeyinin açılışı olub

Yevlaxda 44 günlük Vətən müharibəsi şəhidi, baş leytenant Ceyhun Əyyubovun doğum günü münasibətilə tədbir keçirilib. Tədbirə qatılanlar öncə Yevlax şəhərindəki Şəhidlər Xiyabanında şəhidin məzarını ziyarət ediblər. C.Əyyubovun  yaşadığı evdə onun xatirəsi yad edilib və  döyüşdə göstərdiyi igidlikləri əks etdirən  şəkillərlərin  yer aldığı ev muzeyinin açılışı olub.

 

Açılışda Yevlax şəhər 4 nömrəli tam orta məktəbin şagirdləri vətənpərvərlik mövzusunda şeirlər söyləyib, mahnılar ifa edib  və ədəbi-bədii kompozisiya  təqdim ediblər. Sonra şəhid C.Əyyubovun həyat və döyüş yolundan, göstərdiyi qəhrəmanlıqlardan söz açan tədbir iştirakçıları onun Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəldiyini bildiriblər.

 

Qeyd edək ki, C.Əyyubov Azərbaycan Prezidentinin sərəncamlarına əsasən, ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları, 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub.  Yaşadığı küçə onun adını daşıyır.

 

Sifai SƏFƏROVA

 

 



18.08.2023 | 16:43