İlk doktorantı olduğum elmi rəhbərim

İlk tanıdığımda xarakterinin gözəlliyini işıq bildim və şükranlıq yaşadım. O vaxtdan indiyədək hər görüşəndə mədəniyyəti, davranışı, gənclərə yanaşması ilə örnək olur mənə. Ömrünü, illərini elmə, təhsilə, təlim-tərbiyəyə həsr etmiş kamil insanlardan biri həyatının ən gözəl çağında 65 illiyini qarşılayan professor Hümeyir Əhmədovdur.

 

14 avqust 1958-ci ildə tanınmış alim, akademik Hüseyn Əhmədovun ocağında göz açan Hümeyir Əhmədov 1975-1979-cu illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (hazırda ADPU) riyaziyyat fakültəsində təhsil almışdır. Ali məktəbdə təhsil aldığı illərdə ictimai fənlər fakültəsində “Jurnalistika” ixtisası üzrə kursu, Zaqafqaziya komsomol məktəbini bitirmişdir. Bir sıra orta məktəblərdə müəllim kimi fəaliyyət göstərən H.Əhmədov 1984-1987-ci illərdə professor Zahid Qaralovun rəhbərlik etdiyi Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun (Azərbaycan Respublikasının Təhsil İnstitutu) aspiranturasında əyani təhsil almaqla yanaşı, həm də SSRİ Pedaqoji Elmlər Akademiyasının nəzdində olan Gənc alimlər məktəbinin dinləyicisi olmuşdur. Professor Əjdər Ağayevin rəhbərliyi ilə namizədlik dissertasiyasını uğurla müdafiə edərək pedaqoji elmlər namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. Bu illər ərzində kiçik elmi işçidən baş elmi işçi vəzifəsinədək yüksəlmiş, 1992-ci ildə SSRİ Ali Attestasiya Komissiyası tərəfindən ona böyük elmi işçi adı verilmişdir. Müxtəlif illərdə ikinci ali təhsil (bakalavr və magistr) diplomlarını almışdır. Mülki-hüquq üzrə magistr dərəcəsi vardır. 2000-ci ildən Azərbaycan Respublikasının Təhsil İnstitutunda elmi-pedaqoji kadr hazırlığı şöbəsinin müdiri vəzifəsində çalışır.

 

Pedaqogika üzrə elmlər doktoru, professor, Rusiya Dövlət Təhsil Akademiyasının xarici üzvü, Pedaqoji və Sosial Elmlər Akademiyasının, Təhsilin İnformatlaşdırılması Akademiyasının həqiqi üzvü, Rusiya Təbiətşünaslıq Akademiyasının akademiki  Hümeyir Hüseyn oğlu Əhmədov milli təhsil sisteminin inkişafı, təkmilləşdirilməsi, idarə edilməsi sahəsindəki məsələlərini həm nəzəri-konseptual, həm də praktiki baxımdan  araşdırmış, prosesin dinamikasını tədqiqata cəlb etmişdir. Ali təhsilin keyfiyyətinin yüksəldilməsinin əsas komponentlərini müəyyənləşdirmiş, elmi dövriyyəyə yeni təhsilşünaslıq anlayışını daxil etmişdir.

 

Tədqiqatlarında təhsil sistemində həyata keçirilən islahatların başlanmasından keçən müddət ərzində baş vermiş prosesləri müasirlik mövqeyindən qiymətləndirmişdir. Bu müddət ərzində dövlət inhisarı ilə, mərkəzi idarəçiliklə, ideoloji tabeçiliklə xarakterizə olunan sovet təhsil sistemindən Avropa ali təhsil məkanına inteqrasiya edən ali təhsil sisteminə keçid proseslərini pedaqoji-psixoloji və aksioloji cəhətdən dəyərləndirmişdir. Təhsilin hüquqi nizamlanmasının elmi əsaslarını tədqiq  etmiş, ölkədə ilk dəfə olaraq ali məktəblər üçün “Təhsil hüququ” fənninin proqramını və dərsliyini hazırlamışdır. Bir neçə dərsliyin, dərs vəsaitinin, monoqrafiyaların müəllifidir.

 

1985-ci ildən SSRİ PEA-nın Məktəb və pedaqogika tarixi üzrə problem şurasının üzvü, 2003-cü ildən  ABŞ-ın Minnesota Universitetinin Təhsilin strateji planlaşdırılması üzrə Koordinasiya Şurasının üzvü və fəxri professorudur. O, 2006-cı ildə “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunmuşdur. 2008-ci ildə ona  “YUNESKO müəllimi” fəxri adı olan sertifikat verilmişdir. 2008-ci ilin sentyabrında Rusiya Federasiyasının üçüncü dərəcəli “Dolq i çest” ordeni ilə, 2009-cu ildə Rusiya Federasiyası Elm və Təhsil  Nazirliyinin pedaqoji elmlərin inkişafında xidmətinə görə “K.D.Uşinski” adına medalla təltif olunmuşdur. 2017-ci ildə RTA-nın “Əməkdar elm və təhsil xadimi” fəxri adın layiq görülmüşdür. ATİAHİ RK-nin 100 illiyi medalı, 2021-ci ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.

 

2011-ci ildə doktorluq dissertasiyasını uğurla müdafiə edərək  ona pedaqogika üzrə elmlər doktoru elmi dərəcəsi, 2017-ci ildə isə professor elmi adı verilmişdir.

 

2004-cü ildən “Pedaqoqlar sülh və qarşılıqlı anlaşma uğrunda” Beynəlxalq hərəkatının Azərbaycan təşkilatının üzvü, 2005-ci ilin yanvarında Moskva şəhərində Pedaqoji və Sosial Elmlər Akademiyasının müxbir üzvü, 2007-ci ilin aprelindən isə həqiqi üzvü, 2006-cı ilin aprel  ayında Rusiya Dövlət Təhsil Akademiyasının xarici üzvü, 2007-ci ilin noyabrında Pedaqoji Təhsilin Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü (akademiki) seçilmişdir. 2008-ci ilin fevralında əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Respublika Təhsil Şurası İctimai Birliyinin idarə heyətinin üzvü seçilib. “Qızıl Qələm” media mükafatı laureatıdır. 2008-ci ilin dekabrından Rusiya Hüquq Elmləri Akademiyasının, 2012-ci ilin iyunundan isə Rusiya Federasiyasının Təhsilin İnformatlaşdırılması Akademiyasının həqiqi  (akademiki), 2017-ci ildən Rusiya Təbiətşünaslıq Akademiyasının müxbir üzvü,  2020-ci ildən isə həqiqi üzvüdür (akademiki).

 

Ümumilikdə müxtəlif ali məktəblərdə 20-dən artıq fəlsəfə və elmlər doktoruna rəhbərlik edir. Belə həyat yolu keçmiş bir alimin ilk doktorantı olmaq sevinci də mənə nəsib olmuşdur.

 

Professor Hümeyir Hüseyn oğlu Əhmədovun səmərəli elmi və pedaqoji fəaliyyətinin 45 və anadan olmasının  65 illik yubileyi münasibəti ilə əziz elmi rəhbərimi təbrik edir, ona cansağlığı, yeni yaradıcılıq uğurları arzulayıram!

 

Müjkan MƏMMƏDZADƏ,

pedaqogika üzrə fəlsəfə doktoru

 

 



18.08.2023 | 15:06