İdeya ver, qrant qazan | |
Son illərdə Elm və Təhsil Nazirliyi tərəfindən davamlı olaraq hər il keçirilən Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi təhsil sahəsində daha innovativ və yaradıcı ideyaların reallaşmasında mühüm əhəmiyyət kəsb edir. Müsabiqənin keçirilməsində əsas məqsəd təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabətin gücləndirilməsi, innovativ fəaliyyətin stimullaşdırılmasından ibarətdir. Daha innovativ və yaradıcı ideyaya malik layihə təqdim edən təhsilverənlər aşkarlanır, onlara öz layihələrini reallaşdırmağa geniş meydan verilir.
İyulun 28-də nəticələri açıqlanan “Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi”nə ümumilikdə 1407 layihə təqdim edilib ki, bu da ötən illə müqayisədə 306 layihə (28%) çoxdur. Müsabiqəyə daxil olan layihələrin 279-u ümumi təhsil müəssisələrinin, 1128-i isə təhsilverənlərin fərdi layihələridir. Bütün layihələr qəbul edildikdən sonra texniki ekspertiziya mərhələsindən keçirilib və 1398 layihə məzmun ekspertiziya mərhələsinə buraxılıb. Qrant verilməsi nəzərdə tutulan layihələrin 72-si ümumi təhsil müəssisələrinin, 153-ü isə təhsilverənlərin fərdi layihələridir.
“Şagirdlərə texnoloji bilik və bacarıqlara yiyələnmələri üçün şərait yaradacağıq”
Salyan rayon Kərimbəyli kənd tam orta məktəbinin riyaziyyat və informatika müəllimi Zeynəb Məmmədli artıq 2-ci dəfədir ki, qrant müsabiqəsində qalib olur. O, IV qrant müsabiqəsində “Vətənimiz üçün təhsil” layihəsi ilə çıxış edib. Builki layihəsi haqqında M.Zeynəb qeyd edib: “Kənd məktəbinin şagirdlərində robototexnika və mühəndislik sahələrinə aid bilik və bacarıqları formalaşdırmaq məqsədi daşıyan “TechnoMan” layihəm VII qrant müsabiqəsinin qalibi oldu”.
Zeynəb Məmmədli vurğulayıb ki, məqsəd 6, 7, 8-ci sinif şagirdlərində məntiqi təfəkkürü və əl bacarıqlarını, mühəndislik üzrə bilik və bacarıqlarını inkişaf etdirmək, dron texnologiyasına aid bilikləri, dronun manual idarəedilməsi, 3D modelləşdirmə ilə real həyatda istifadə edə biləcəkləri modellər yaradaraq 3D printerdə çap etmək bacarığını formalaşdırmaq, mikrobit ilə rəqəmsal dünyada iştiraka həvəs, eyni zamanda müxtəlif müsabiqə tipli STEAM layihələrində, xüsusən də STEAM Azərbaycan Festivalında iştirakına şərait yaratmaq arzusundadır. O, layihənin icra müddətində 30 şagirdin cəlb olunacağı STEAM məşğələlərin 3 modul - “Pilotsuz uçuş aparatları (təhsil dronları)”, “Microbitlə proqramlaşdırma” və “3D Çap” üzrə təşkil ediləcəyini bildirib.
Z.Məmmədli qeyd edib ki, layihəsinin davamlı olması və ondan növbəti bir neçə ildə də şagirdlərin bəhrələnə bilməsi üçün məktəbdə “TechnoMan klub” təşkil olunaraq daha çox şagirdə, hətta qonşu məktəblərin şagirdlərinə də texnoloji bilik və bacarıqlara yiyələnmələri üçün şərait yaradılacaq”.
“Nanoelm-nanotexnologiyalar”la məşğul olmaq müəllim və şagirdlərə nailiyyət qazanmağa zəmin yaradacaq”
Pərvinə Zeynalova Ağdam rayon Ayaz Abbasov adına Qaradağlı kənd tam orta məktəbində kimya və STEAM müəllimidir. VII qrant müsabiqəsində “NanoSTEAM real-virtual laboratoriyası” layihəsi ilə qalib olub. Layihənin əsas məqsədi araşdırma və analogiyaya əsaslanan elmi öyrənmə mühitində nanoelm və nanotexnologiya istiqamətindəki anlayışları, yenilikləri, əlçatan təcrübi fəaliyyətləri və onlayn tədris alətlərini şagird və müəllimlərə aşılayacaq məşğələlər təşkil etməklə innovativ peşə və ixtisasların təbliğinə nail olmaqdır. Daha sonra istifadə ediləcək nanotexnologiyalarla bağlı təlim təqdimatları, materialları, təlimat vərəqələri və nano məzmunlu dərs planları hazırlamaqdır”.
O, layihənin faydalarından da söz açaraq vurğulayıb ki, ətraf kənd məktəblərindən layihəyə cəlb olunacaq şagird və müəllimlərə təlim və fəaliyyətlər, həmçinin Bərdə STEAM Mərkəzinə səfər təşkil olunacaq, vebinarlar və BDU-nun “Nano araşdırmalar mərkəzi”nin rəhbəri ilə onlayn görüş keçiriləcək: “Nanoelm-nanotexnologiyalar”la məşğul olmaq müəllim və şagirdlərə gələcək fəaliyyətlərində, fərqli yarış və müsabiqələrdə yeni yanaşma tətbiq edərək nailiyyət qazanmağa zəmin yaradacaq”.
Tünzalə QULİYEVA
|
|
18.08.2023 | 12:12 | |
|
|
|