Şəkidə şair Bəxtiyar Vahabzadənin xatirəsinə həsr olunmuş beynəlxalq konfrans

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Xalq şairi, bütun Türk dünyasının sevilən sənətkarı Bəxtiyar Vahabzadənin xatirəsinə həsr olunmuş beynəlxalq konfrans keçirilib.

 

Konfrans AMEA-nın Folklor İnstitutunun “Dədə Qorqud” şöbəsi, ADPU, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi, ADPU-nun Şəki və Quba filialları və B.Vahabzadənin ev muzeyinin birgə təşkilatçılığı ilə keçirilib.

 

Konfransda Azərbaycanın müxtəlif elm və təhsil ocaqlarından, dünyanın müxtəlif ölkələrindən, eləcə də Türkiyədən alim və ziyalılar iştirak ediblər.

 

ADPU-nun Şəki filialının akt zalında keçirilən açıliş mərasimini filialın tədris işləri üzrə direktor müavini dosent Gülarə Abdullayeva açaraq, B.Vahabzadənin Azərbaycan ədəbiyyatı tarixində tutduğu mövqedən, xalqımızın azadlığı və müstəqilliyi, dilimizin inkişafi uğrunda apardığı mübarizədən bəhs edib.

 

Konfransda ADPU-nun Şəki filialının direktoru dosent Rafiq Rasulov, AMEA-nın Folklor İnstitutunun “Dədə Qorqud” şöbəsinin müdiri professor Ramazan Qafarlı, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva, ADPU-nun Quba filialının direktoru dosent Yusif Alıyev və başqaları çıxış ediblər. Çıxış edənlər B.Vahabzadənin Azərbaycanda söz sənətinin inkişafındakı xidmətlərindən danışıb, şairin yaradıcılığının müxtəlif məqamlarına toxunublar.

 

Qeyd olunub ki, artıq hər il avqustun 16-da - ölməz söz ustadı Bəxtiyar Vahabzadənin anadan olduğu gündə, Şəkidə beynəlxalq konfrans təşkil olunaraq onun əziz xatirəsi ehtiramla yad edilir. B.Vahabzadə XX əsrdə Azərbaycan xalqının yetişdirdiyi böyük söz ustadı, filosof-alim, dramaturq, publisist və azadlıq fədaisi kimi həmişə sevilib. Şəki ziyalıları beynəlxalq konfransın məhz bu şəhərdə keçirilməsini böyük şairin xatirəsinə olan dərin hörmət və ehtiramın ifadəsi kimi dəyərləndirib, bildiriblər ki, unudulmaz şairin doğum günü həm də böyük ədəbiyyat bayramıdır. B.Vahabzadənin yaratdığı söz inciləri coğrafi sərhədləri aşaraq onu dünyada tanıdıb və bütün Türk dünyasının sevilən şairinə çevirib. B. Vahabzadə xalqının yaddaşında təkcə əvəzsiz bədii yaradıcılığa malik bir şair kimi deyil, eyni zamanda, xalqımızın azadlığı, Azərbaycanın müstəqilliyi naminə dönmədən mübarizə aparan bir fədai kimi qalıb. Onun Azərbaycan dilinin qorunması və inkişafı naminə gördüyü işlər, bu mövzuda yazdığı şeirlər, Azərbaycanın müstəqilliyi mövzusuna həsr olunan əsərləri, vətənpərvərlik mövzusundakı yazıları gənc nəslin milli-mənəvi dəyərlərimizə hörmət ruhunda böyüməsində müstəsna rola malikdir.

 

Plenar iclas başa çatdıqdan sonra beynəlxalq konfrans bölmə iclaslarında öz işini davam etdirib.

 

 



17.08.2023 | 16:12