Texnologiya fənni üzrə elmi-pedaqoji seminar keçirilib

Oktyabrın 10-da Abşeron Rayon Təhsil Şöbəsində texnologiya fənni üzrə elmi-pedaqoji seminar keçirilib. Seminarda Təhsil İnstitutunun və təhsil şöbəsinin əməkdaşları, rayon ümumtəhsil məktəblərinin texnologiya fənn müəllimləri iştirak ediblər.

 

Təhsil şöbəsinin fizika və texnologiya fənni üzrə metodisti Fəxriyyə Hüseynova seminarı açaraq yeni tədris ilində "Təhsildə keyfiyyət ili” ilə bağlı Nazirliyin Fəaliyyət planında nəzərdə tutulmuş mahiyyətcə inkişafyönlü tədbirlərin davam etdirilməsi məqsədilə görüləcək işlərdən, texnologiya fənninin tədrisi zamanı yaranan çətinliklərdən və onların həll üsullarından danışıb.

 

Daha sonra Təhsil İnstitutunun baş mütəxəssisi, Əməkdar müəllim, pedaqogika üzrə fəlsəfə doktoru, dosent, texnologiya dərsliyinin müəllifi Natiq Axundov fənnin aktuallığından, tədrisi metodikasından, dərsliklərin hazırlanma prosesindən ətraflı söz açıb.

 

Təhsil İnstitutunun böyük elmi işçisi Xuraman Səlimova fənnin tədrisi zamanı həm nəzəri, həm də praktik biliklərə yiyələnmənin vacibliyi, həmçinin  qiymətləndirmə zamanı sualların tərtibatı və çətinlik dərəcəsi haqqında məlumat verib.

 

Sonda müəllimləri maraqlandıran suallar cavablandırılıb.

 

Rəşad ZİYADOV



12.10.2018 | 18:44