İgidi tanıdan tədbir

Vətənpərvərlik nümunəsi həmişə təsirlidir. Bu nümunəni kimin ortaya qoymasından asılı olmayaraq. Çünki o, vətənə sevginin təzahürüdür. Vətən sevgisi isə hər birimizin qəlbində var. Vətən naminə qəhrəmanlıq nümunələri hmişə  bu sevgini alovlandıraraq bizi  belə qəhrəmanlıq  hərəkətlərinə  sövq edir. Belə nümunələrdən ən çox təsirlənən isə, şübhəsiz, məktəbli gənclərdir. Buna bu günlərdə Balakən rayonundakı umanitar və texniki təmayüllü liseydə keçirilən tədbirdə  bir daha şahidlik etmək  mümkün idi. Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun xətti ilə  liseydə təşkil olunmuş “İgidimizi tanıyaq” mövzusunda “dəyirmi masa”dakı ab-hava, vətənpərvərlik  ruhu ilə dolu çıxışlar, ən əsası isə belə bir igidlik nümunəsi göstərərək Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif olunmuş baş çavuş Ramazan Kurupovun burada iştirakı təsirli bir səhnə yaradıb.

 

Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Balakən rayon şöbəsinin rəis müavini Rəhim Mustafayev, rayon təhsil şöbəsinin gənclərin çağırışaqədər hazırlıq fənni üzrə metodisti Rəşid Musayev, I qrup Qarabağ müharibəsi əlilləri İkram İbadov və Məhəmməd Qardaşov, Əsgər Ailəsi İctimai Birliyinin sədri, şairə-jurnalist Nəfisət Vahid, Balakən Rayon Gənclər və İdman İdarəsinin rəisi Rasim Paçalov, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun Balakən rayonu üzrə nümayəndəsi, Humanitar və texniki təmayüllü liseyin direktoru Şaban Abdullayev, liseyin şagird və pedaqoji kollektivi iştirak ediblər.

 

Tədbiri Şaban Abdullayev açaraq Vətənin azadlığı, müstəqilliyi savaşında, sərhədlərinin qorunmasında ad çıxaran igidlərimizlə məktəblilərin görüşünü onların  vətənpərvərlik tərbiyəsində əhəmiyyətli amil kimi dəyərləndirib.

 

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Balakən rayon filialının sədri, II qrup Qarabağ müharibəsi əlili, liseyin   gənclərin çağırışaqədər hazırlıq rəhbəri Cavanşir İsmayılov Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin baş avuşu R.Kurupovun xidmət zamanı sərhəd pozucularına qarşı göstərdiyi şücaət haqqında şagirdlərə ətraflı məlumat verib. Bildirib ki, cəmi bir neçə ay öncə Ramazan Kurupovun başçılıq etdiyi sərhəd naryadı  Cəlilabad rayonunun Bayxanlı kəndinin yaxınlığındakı sərhəd zastavasında xidmət edərkən ərazidə dövlət sərhədinin pozulmasına cəhd olub. Ayıq-sayıq Vətən keşikçiləri  İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində silahlı şəxslərin hərəkətini aşkar ediblər. Dövlət sərhədimizin mühafizəsində olan sərhəd naryadının qanuni tələbinə və xəbərdarlıq atəşinə tabe olmayan sərhəd pozucuları tərəfindən onlara qarşı silah işlədilib. Hadisə zamanı sərhəd naryadının başçısı əsgər Ramazan Kurupov döş qəfəsi, əl və ayaq nahiyələrindən güllə yaraları alıb. Dövlət sərhədini pozmağa müvəffəq ola bilməyən sərhəd pozucuları geri qaçıblar.

 

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında əsgər R.Kurupovun həyatı xilas edilib. Cəsur əsgərimizə baş çəkib, səhhətinin vəziyyəti ilə maraqlanan Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev tibb heyətinə, həmçinin əsgərin əməliyyatı üçün qan vermiş DİN-in Cəlilabad rayon şöbəsinin əməkdaşlarına dərin minnətdarlığını bildirib.

 

Dövlət Sərhəd Xidməti rəisinin əmri ilə əsgər Ramazan Məmməd oğlu Kurupov xidməti vəzifələrinin icrasında göstərdiyi şücaətə görə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif olunub.

 

Sonra baş çavuş R.Kurupov şagirdlər qarşısında çıxış edərək deyib ki, Vətən müqəddəsdir. Hər bir Azərbaycan oğlunun borcudur ki, Vətən qarşısında öz vəzifələrini layiqincə yerinə yetirsin. Bunu özünə şərəf bilsin. O, çıxışının  sonunda şagirdlərə yaxşı oxumağı, intizamlı olmağı da tövsiyə edib.

 

Balakən Rayon Təhsil Şöbəsinin metodisti R.Musayev ordu quruculuğundan söz açıb. Qeyd edib ki, Azərbaycan Dövləti və Ali Baş Komandan Azərbaycan Respublikası Silahlı Qüvvələrinin inkişafı üçün mühüm qərarlar verir, ordunun gücünü, kadrların hərbi peşəkarlığını daim artırır, ordunun  hərbi qüdrətini yüksəldir.

 

Əsgər Ailəsi İctimai Birliyinin sədri Nəfisət Vahid şəhid ailələrinə  və qazilərə cəmiyyətdə xüsusi ehtiram və diqqət olduğunu söyləyib.

 

Balakən Rayon Gənclər və İdman İdarəsinin rəisi Rasim Paçalov Balakən gəncləri haqqında qürurla danışaraq bildirib ki, bu gün onlarla təkcə hərbi xidmətdə deyil, idman sahəsində də göstərdikləri hünər və uğurlarla fəxr edirik.

 

Tədbirin sonunda lisey şagirdlərinin hazırladıqları ədəbi-bədii kompozisiya iştirakçılar tərəfindən maraqla qarşılanıb.

 

Yusif ƏLİYEV   



12.10.2018 | 17:28