Qiymətləndirmə keyfiyyəti idarə edən mühüm amil kimi | |
Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi”ndə fərdi kateqoriya üzrə qalib layihələrdən biri də “Riyaziyyat fənni üzrə beynəlxalq qiymətləndirmə formatında meyarların hazırlanması” layihəsidir.
Məlum olduğu kimi, hazırda qarşıda duran vəzifələrdən biri təhsilin keyfiyyətinin təminatı üzrə yeni sistemin yaradılmasıdır. Təsadüfi deyil ki, son illərdə təhsilin keyfiyyətinin yüksəldilməsi məsələsi daha həssas bir mövzuya çevrilib. Təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində müxtəlif işlər görülüb, beynəlxalq qiymətləndirmələrlə bağlı layihələr həyata keçirilib.
IV siniflərdə oxunun və qavramanın keyfiyyətini müəyyənləşdirən PIRLS, riyaziyyat və təbiət elmləri üzrə orta təhsilin keyfiyyətini müəyyənləşdirən TIMSS kimi beynəlxalq qiymətləndirmələr Azərbaycanda müəyyən sualların cavablandırılmasında şagirdlərin çətinlik çəkdiyini göstərir. Bir riyaziyyat müəllimi kimi məni TIMSS beynəlxalq qiymətləndirmənin IV siniflər üçün nəticəsi maraqlandırırdı. TIMSS üzrə növbəti beynəlxalq qiymətləndirmənin 2019-cu ildə keçirilməsi gözlənilir. Bəs görəsən bizim məktəblər belə bir qiymətləndirilmənin keçirilməsinə hazırdırlarmı? Məktəblərdə bu istiqamətdə işlər görülürmü?
Yeni fənn kurikulumlarında məzmun standartları ilə yanaşı, III və IV siniflər üçün qiymətləndirmə standartları da öz əksini tapıb. Həmin standartlar məzmun standartlarında ifadə edilmiş təlim nəticələrinə şagirdlərin hansı səviyyədə nail olmalarını qiymətləndirməyə xidmət edir. Düzdür, dünya təcrübəsinə uyğun surətdə qiymətləndirmənin 4 səviyyədə aparılması təklif edilsə də (1 və 2-ci səviyyələr əksər şagirdlər, 3 və 4-cü səviyyələr isə müvafiq olaraq istedadlı və daha istedadlı şagirdlər üçün nəzərdə tutulur) bu standartlardan istifadə çox aşağı səviyyədədir. Etiraf etmək lazımdır ki, məzmun standartlarının reallaşdırılma səviyyəsini əks etdirən bu cür qiymətləndirmə standartlarının hazırlanması və tətbiqi sahəsində kifayət qədər səriştəyə malik olmaq üçün daha ciddi çalışmaq, toplanmış təcrübəni daha da artırmaq tələb olunur. Ona görə də ayrı-ayrı fənlər üzrə bu gün üçün müəyyən edilmiş qiymətləndirmə standartlarının növbəti illərdə qismən dəyişdirilməsi, onların üzərində dəqiqləşdirmələr aparılması təbii qəbul olunmalıdır.
Şagird nailiyyətlərinin qiymətləndirilməsi çox geniş və əhatəli prosesdir. Bu proses, sadəcə, şagirdin nail olduğu təlim nəticələrinin səviyyəsini müəyyənləşdirməyə deyil, bütövlükdə təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Başqa sözlə, qiymətləndirmə keyfiyyəti idarə edən mühüm bir amil kimi meydana çıxır. Davamlı və dinamik xarakter daşıyan şagird nailiyyətlərinin qiymətləndirilməsi prosesində şagirdlərin fəaliyyətlərinin daim nəzarətdə saxlanması, onların irəliləyişlərinin, yaxud geriləmələrinin izlənilməsi və bu məqsədlə monitorinqlərin aparılması ciddi tələb kimi qarşıya qoyulur. Məhz həmin monitorinqlərin nəticələri təlim prosesinin optimal qurulması, müəllimlərin işinin təkmilləşdirilməsi, habelə kurikulumlarda və dərsliklərdə zəruri dəyişikliklərin olması haqqında müvafiq qərarlar qəbul etməyə imkan verir.
Avqust-sentyabr aylarında layihə əsasında qiymətləndirmə meyarları və ondan istifadə etmək üçün təlimat hazırlanıb. Ekspertiza prosesində hazırlanmış materialın uyğunluğu yoxlanılı, meyarlar əsasında III sinif səviyyəsində test və situasiya tapşırıqları tərtib edilib. Sentyabr ayının 2-ci dərs həftəsində situasiya tapşırıqları Təhsil Nazirliyi və BŞTİ ilə razılaşdırılmış məktəblərdə IV siniflərdə sınaqdan keçirilib.
Layihə çərçivəsində “Ümumtəhsil məktəblərinin III siniflərində summativ qiymətləndirmələr aparmaq məqsədilə riyaziyyat fənni üzrə ölçə bilən qiymətləndirmə vasitələrinin hazırlanmasında istifadə ediləcək beynəlxalq qiymətləndirmə formatında meyarların hazırlanması” adlı vəsait hazırlanıb.
Bakı şəhəri məktəblərinin 3 və 4-cü siniflərini əhatə edən layihənin icra müddəti 4 aydır və oktyabrın 17-də 193 nömrəli tam orta məktəbdə layihənin təqdimat tədbirinin keçirilməsi nəzərdə tutulub.
Günay Hüseynzadə, Bakı şəhər 193 nömrəli tam orta məktəbin riyaziyyat və informatika müəllimi, Ehtiyat dərsliklər layihəsi, riyaziyyat dərsliyinin həmmüəllifi
|
|
12.10.2018 | 17:13 | |
|
|
|