Təhsil islahatları kolleclərə yeni nəfəs verib | |
Son illər hər bir sahədə olduğu kimi təhsil sistemində də islahatlar sistemli xarakter almışdır. Bu islahatlar Azərbaycanda təhsilin inkişafına, Elm və Təhsil Nazirliyinin yenidən qurulmasına, idarəetməsinin demokratikləşməsinə, onun inzibatçılıq, hüquqi-normativ bazasının və maddi-texniki təminatının təkmilləşməsinə, həmçinin təhsilalanların dünya standartlarına uyğun təhsil almasına, yüksəkixtisaslı kadrların formalaşmasına, neft kapitalının yeni nəsil insan, intellekt kapitalına və peşəkarlığın inkişafına çevirilməsinə yönəlmişdir. Prezident İlham Əliyev Azərbaycan müəllimlərinin XV qurultayının iştirakçılarına ünvanladığı təbrik məktubunda demişdir: “Müəllim əməyinin stimullaşdırılması tədbirləri nəticəsində cəmiyyətimizdə müəllimin nüfuzu yüksəlmiş, istedadlı gənclərin müəllimlik peşəsinə marağı əhəmiyyətli dərəcədə artmışdır. Qazanılan uğurlar dövlətin təhsil sahəsinin davamlı inkişafına diqqət və qayğısının təzahürü, eyni zamanda Azərbaycan müəlliminin fədakar əməyinin bəhrəsidir”.
Təhsil sistemində aparılan mütərəqqi islahatlar orta ixtisas təhsili pilləsindən də yan keçməmişdir. Belə ki, ölkə iqtisadiyyatının sürətli inkişafı və əmək bazarının tələblərinin dəyişməsi bu tələblərə uyğun təhsilin məzmununu yeniləmək, orta ixtisas təhsili pilləsində yeni ixtisaslar üzrə kadr hazırlığını aparmaq və təhsilin bir pilləsindən və ya səviyyəsindən digərinə keçiddə müvafiq ixtisaslarda tədris olunan fənlərin məzmunu və kreditlərini uyğunlaşdırmaq zərurətini yaratmışdır. Bu zərurət isə orta ixtisas təhsilinin inkişafı ilə bağlı Elm və Təhsil Nazirliyi tərəfindən yeni yanaşmalar tətbiq edilməsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, kolleclərin birləşməsinə, regional kolleclərin yaradılmasına, kolleclərin profillərinə uyğun ali təhsil müəssisələrinin nəzdinə verilməsinə, həmin kollec və ali təhsil müəssisələrinin ixtisaslarının unifikasiya olunmasına, orta ixtisas təhsili müəssisələrinə bakalavrların, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə müvafiq ixtisaslar üzrə subbakalavrların qəbul edilməsinə, bakalavriat səviyyəsini (əsas (baza ali) tibb təhsilini) başa vurmayan və ali təhsil müəssisəsindən xaric olunmuş şəxslərin də təhsillərini orta ixtisas təhsili müəssisələrində davam etdirməsinə və orta ixtisas təhsili pilləsinin müvafiq ixtisasları üzrə yeni təsnifatın təsdiq edilməsinə təkan vermişdir. Həmçinin subbakalavr üzrə mütəxəssis hazırlığının keyfiyyətinin artırılmasına, xaricdə müvafiq təhsil pilləsində təhsil almış şəxslərin ixtisaslarının, eləcə də diplomlarının qarşılıqlı tanınmasına və tələbə mobilliyinin asanlaşdırılmasına müsbət təsir göstərmişdir.
Nəticə etibarilə, Azərbaycanda təhsil sektorunda, o cümlədən də orta ixtisas təhsili pilləsində aparılan islahatlar, onun Azərbaycan təhsil sistemində tutduğu mövqe, bu təhsil pilləsi və səviyyəsinin keyfiyyəti, nüfuzunun get-gedə artması və s. təhsildə fasiləsizlik və varislik prinsipi həyata keçirilməsinə təkan verir. İkincisi, ümumtəhsil müəssisələri məzunlarının heç də hamısı ali məktəbə daxil olmur. Orta məktəbi bitirənlərin bir qismi ali, digər qismi isə bu və ya digər səbəbdən orta ixisas təhsili müəssisələrini seçməklə təhsillərini davam etdirirlər. Bəzən sosial şəbəkələrdə və bəzi müzakirələrdə əsasən bilikləri məhdud olan şəxslərin orta ixtisas təhsilini seçməsi kimi iddialar səslənir. Əslində isə bu səviyyəyə uyğun biliklərə malik şəxslər, yaxud maliyyə imkanları bu səviyyəyə uyğun şəxslər bu səviyyəni seçirlər. Bizim daxili araşdırmalarımız isə göstərir ki, ümumi orta təhsil səviyyəsində (ümumi orta təhsil bazasından) müraciət edən şəxslər sadəcə vaxt və maliyyə imkanları səbəbindən bu səviyyəyə müraciət edirlər və onların əksəriyyəti kifayət qədər biliyə və istedada malikdirlər.
Yeri gəlmişkən, ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı bir faktı xatırlatmaq yerinə düşər. Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə sənəd qəbulunun başa çatması və buraxılış imtahanlarına həsr olunmuş mətbuat konfransında bildirib ki, “Bu il (2023) 107188 abituriyent ali və ya orta ixtisas təhsili müəssisəsinə qəbul olmaq üçün öz ərizəsini təsdiq edib. Ötən il bu rəqəm 99538 nəfər idi. 83717 abituriyent ərizəsində həm ali, həm də tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istədiyini qeyd edib”. Bu fakt onu göstərir ki, günümüzdə orta ixtisas təhsili pilləsinə münasibət müsbət mənada dəyişir, məzunlara subbakalavr təhslindən gələcəkdə tramplin kimi istifadə etməyə imkan verir. Başqa sözlə, tədrisin keyfiyyəti və məzunların səviyyəsi təhsil pilləsi ilə ölçülmür.
Belə bir müqayisə aparaq. Məsələn, ali məktəbə qəbul olmaq istəyən iki abituriyentdən biri orta ixtisas təhsili müəssisəsində müəllimlik ixtisasını, digəri isə ümümtəhsil müəssisəsini bitiribsə, onlardan hansının ali təhsil müəssisəsi üçün daha faydalı olması şübhə doğurmaz. Çünki kollec məzunu müvafiq ixtisas üzrə bilik, bacarıq və səriştələrə malikdir və onun ATM-ə qəbul olması gələcəkdə daha yaxşı mütəxəssis olmasına zəmin yaradır.
Üçüncüsü, son 10 illiyin təcrübəsinə istinad etsək, orta ümumtəhsil məktəblərinə müəllimlərin işə qəbulu, təhsilverənlərin sertifikatlaşdırılması qaydaları da şəffaflıq və obyektivlik baxımdan xeyli təkmilləşmiş və mərkəzləşdirilmiş qaydada həyata keçirilməkdədir. Məzunların hansı təhsil pilləsini (kollec, bakalavr və ya magistratura) bitirməsindən asılı olmayaraq işə qəbulu hamı üçün bir yolla - müsabiqə yolu ilə həyata keçirilir. Demək, işəgötürənlər məzunların təhsilin hansı pilləsini bitirdiyinə deyil, kadrların bilik, bacarıq və səriştələrinə diqqət yetirməlidirlər. İldən-ilə müəllim işləmək üçün müraciət edənlərin sayının xeyli artması, ATM-lərə qəbul imtahanında 500-dən yuxarı bal toplayan gənclərin ixtisas seçərkən müəllimlik peşəsinə üstünlük verdikləri prosesin obyektiv və şəffaf keçirilməsinə olan etimaddan xəbər verir və dolayısı ilə, Azərbaycan təhsilinin inkişafına, onun keyfiyyət göstəricilərinin artırılmasına səbəb olur.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələr üzrə aparılan islahatların yeni dalğası fonunda təhsilin müasir inkişaf mərhələsində özünəməxsus yeri, nüfuzu və müsbət ənənələri olan, təhsil islahatlarını, standart və proqramlarını müvəffəqiyyətlə yerinə yetirən, keyfiyyət mərhələsinə uğurla keçid edən, gənclərin milli-mədəni irsə, azərbaycançılıq ideyasına, vətənpərvərlik ruhuna uyğun təlim-tərbiyə almasına və maariflənməsinə xidmət edən, əmək bazarına yüksək peşəkarlığa və kompetensiyalara malik, rəqabətədavamlı mütəxəssis və dinamik kadrlar hazırlayan ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedoqoji Kollecində də bir sıra təqdirəlayiq işlər görülməkdədir.
Gənclərə diqqət və qayğı dövlət siyasəti yeni nəslə etimaddan irəli gəlir. Azərbaycan Respublikasının Təhsil haqqında Qanununun 4-cü maddəsində “milli-mənəvi və ümumbəşəri dəyərləri qoruyan və inkişaf etdirən, geniş dünyagörüşünə malik olan, təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri və praktiki biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli mütəxəssis-kadrlar hazırlamaq” təhsilin əsas məqsədindən biri kimi göstərilir. Bu məqsədin icrası məqsədilə, tələbələrimizin milli maraqları hər şeydən öndə tutması, tarixi həqiqətlərimizi və 44 günlük Vətən müharibəsində qazandığımız Zəfər tariximizi əsas istinad yeri kimi bilməsi məqsədilə artıq üç ildir ki, ənənə halını almış tədbirlər planı həyata keçirilir. Zəfər bayramına həsr olunmuş mədəni-kütləvi tədbirlər, maarifləndirici görüşlər, şəhid ailələri ilə görüşlər, ekskursiyalar təşkil edilir, müxtəlif sosial layihələr həyata keçirilir, müəllimlərimiz tərəfindən elmi-publisistik əhəmiyyətli məqalələr yazılır. Həmçinin, II Qarabağ müharibəsində şəhid olmuş məzunlarımızın xatirəsinin əbədiləşdirilməsi üçün 2021-ci il yanvarın 8-də kollecimizdə “Qəhrəmanlıq zirvəsi” adlı auditoriya açılmışdır.
2023-cü ildə müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyini təntənəli şəkildə qeyd etməyi kollektivimiz Ulu Öndərin ruhu qarşısında hesabatı kimi qəbul etmiş və müxtəlif struktur bölmələri bir sıra tədbirlər: “dəyirmi masa” və seminarlar, bilik yarışları, “Heydər Əliyev və Azərbaycan təhsili” adlı dərs-tədbirlər və təlimlər, “Haqdan gələn səs-Dahi” adlı tədbir-tamaşa, “Can Azərbaycan” və “Qüdrətli Lider” adlı mədəni-kütləvi tədbirlər keçirmiş, rəsm sərgiləri, paytaxt və regionların Heydər Əliyev Mərkəzlərinə ekskursiyalar təşkil etmiş, tələbələrimiz ayrı-ayrı idman növləri üzrə turnir və yarışlarda, peşə və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında keçirilən “Sən elə bir zirvəsən” adlı respublika ifa müsabiqəsində müxtəlif nominasiyalarda qalibiyyət əldə etmişlər, Yasamal rayonunun 201 saylı Körpələr evi-uşaq bağçasında pedaqoji təcrübə keçən “Məktəbəqədər təhsil” ixtisasının bir qrup tələbə və müəllimləri Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş tədbirin təşkilində fəal iştiraklarına görə tərifnamə və təşəkkürnamə almış, pedaqoji heyətin çoxsaylı üzvləri mətbu orqanlarda Ulu Öndərin irsinə həsr edilmiş elmi-tədqiqat xarakterli məqalələr dərc etdirmişlər.
Pedaqoji kollektiv olaraq fəaliyyətimizin müsbət nəticələri Elm və Təhsil Nazirliyinin müəllimlərin işə qəbulu üzrə keçirdiyi müsabiqədə də hiss olunur. 2023-cü ildə keçirilən həmin müsabiqənin test imtahan mərhələsində “Texnologiya müəllimliyi” ixtisasının bu ilki məzunlarının 40%-i iştirak etmiş, onlardan 3%-i 90, 32%-i isə 80 baldan yuxarı nəticə göstərmişlər. Həmçinin “Fiziki tərbiyə müəllimliyi” ixtisasının builki məzunlarının 44%-i və “Təsviri incəsənət müəllimliyi” ixtisasının məzunlarının isə 18-i həmin müsabiqənin test imtahan mərhələsində iştirak etmişlər.
Kiçik məqaləmizdə qələmə aldıqlarımız böyük ADPK ailəsinin 2022-2023-cü tədris ilində həyata keçirdiyi çoxşaxəli fəalliyyət istiqamətlərinin məhdud bir qismidir. Qazandığımız bu və ya digər uğurlar hər birimizi öz üzərimizdə işləməyə daha çox həvəsləndirir. Təsadüfi deyildir ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda qeyd edildiyi kimi bilik və bacarıqlarını artıran müəllimlər təhsilalanların nailiyyətlərinə əlavə töhfələr verirlər. Demək, təhsilin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması və bu sahəyə göstərilən dövlət qayğısı fonunda təhsilin bütün pillələri və səviyyələrinə yeni nəfəs gəlib.
İsrayıl İSGƏNDƏROV, ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru, Simuzər QAFAROVA, ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin metodisti
|
|
07.08.2023 | 09:48 | |
|
|
|