Kimya-Biologiya Təmayüllü Liseyə qəbul olan şagirdlər və onların valideynləri ilə görüş

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev ali məktəbin tabeliyindəki Kimya-Biologiya Təmayüllü Liseyə qəbul olan şagirdlər  və onların valideynləri ilə görüşüb. Rektor Azərbaycan təhsilində həyata keçirilən islahatlardan, bu islahatların müsbət nəticələrindən danışıb.  Bildirilib ki, Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseyin Azərbaycanın ali təhsil müəssisələri arasında özünəməxsus yer tutan Naxçıvan Dövlət Universitetinin tabeliyinə verilməsi ali təhsil ocağına göstərilən yüksək diqqət və etimadın bariz nümunəsidir.

 

Vurğulanıb ki, “Naxçıvan Muxtar Respublikasının 2023-2027-ci illər ərzində sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramı”nda universitetin nəzdində ingilisdilli orta məktəbin yaradılması layihəsinin icra olunması da nəzərdə tutulub. Layihənin icrası istiqamətində məhz Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseyin bazasında yaradılacaq Beynəlxalq Məktəb gələcəkdə ali təhsil müəssisəsi ilə digər ölkələrin ali məktəbləri arasında əməkdaşlığın güclənməsi, birgə proqramların təşkil olunması, həmçinin universitetlərdə yeni məzmunlu proqramların tətbiqi üzrə layihələrin həyata keçirilməsini də mümkün edəcək:” Əminliklə qeyd edə bilərik ki, Azərbaycan təhsil tarixində ilklərə imza atan Naxçıvan Dövlət Universiteti bundan sonra da muxtar respublikada elmin inkişafı istiqamətində öz töhfəsini verməyə  davam edəcək”.

 

Rektor qeyd edib ki, liseyin özəlliyi onun internat tipli olmasındadır:” Liseydə yüksək təhsillə yanaşı, şagirdlərin milli dəyərlərə sadiqlik və vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi önəm verilir. Bu da onların gələcəkdə ölkəmizin hüdudlarından kənarda Azərbaycan elmini layiqincə təmsil etmələrinə şərait yaradacaq”.

 

Görüşdə liseyin direktoru Nazim Rəhimov çıxış edərək qeyd edib ki, keçirilən imtahanda ümumtəhsil müəssisələrinin 7-ci sinfini bitirən 406 şagird iştirak edib. Nəticələrə əsasən, ən yüksək göstəriciyə sahib 30  qız, 32 oğlan olmaqla, ümumilikdə 62 namizəd liseyə qəbul olub. N.Rəhimov liseyin maddi-texniki, müəllim kollektivi və burada təhsil alan şagirdlərin hüquq və öhdəlikləri barədə də geniş məlumat verib.

 

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, şagirdlər və valideynlər liseylə əyani tanış olublar.

 

 



05.08.2023 | 11:08