“Məktəb rəhbəri idarəedici lider olmalıdır” | |
“Yeni çağırışlar” onlayn müzakirə proqramının budəfəki qonağı Cənubi Florida Universitetinin Təhsil liderliyi və siyasəti üzrə doktorantura proqramının koordinatoru Zorka Karanxha olub. Belə ki, Elm və Təhsil Nazirliyinin dəstəyi və “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə davam edən “Yeni çağırışlar” proqramının 31 iyul 2023-cü il tarixində yayımlanan bölümündə ümumi büdcəsi 5.8 milyon dollardan çox olan qrant layihələrində iştirak edən Zorka Karanxha ilə “Gizli kurikulum” barəsində danışılıb. “T-Network”ün rəhbəri, təhsilin idarə olunması üzrə mütəxəssis Cəfər Mənsiminin təqdimatında davam edən proqram Elm və Təhsil Təhsil Nazirliyinin “Facebook” səhifəsi üzərindən Mətin Axundlunun tərcüməsi ilə Azərbaycan dilində canlı yayımlanıb.
Məktəbdə intizam qaydaları
Məktəbdə intizam mövzularını araşdıran professor Zorka Karanxha ABŞ-də şagird və tələbələr qarşısında müəyyən tələblər, normalar qoyulduğunu diqqətə çatdırıb. “Davranış və intizam matrisası” adlanan sənəddə qeyd olunan qaydalar pozulduqda, şagirdlərə qarşı cəza tədbiri görüldüyünü - müvəqqəti olaraq onların təhsilinin dayandırıldığını, xəbərdarlıq, töhmət verildiyini, qaydaları kobud şəkildə pozduqda məktəbdən xaric edildiklərini bildirib. Zorka Karanxha hesab edir ki, şagirdlərin təhsilə olan ehtiyaclarını nəzərə almaları, bu qaydaların onlar üçün nə dərəcədə vacib olduğunu başa düşmələri üçün vaxt ayrılmalı, şagirdlərlə maarifləndirici işlər aparılmalı, şagirdlər və məktəb arasında mütləq qaydada etibar və etimad münasibətləri inkişaf etdirilməlidir. Professor bildirib ki, müəllimə etibar edən şagirdlərin akademik nəticələri yaxşılaşır və onlar müəllimi razı salacaq şəkildə davranmağa çalışırlar: “Biz məktəb qaydalarını, normalarını, tələbləri tərtib edərkən şagirdləri bu prosesə cəlb etmirik. Qaydaların nədən ibarət olacağından, məktəbin siyasəti, normaları, tələbləri, cəzalandırmanın üsulları, fəsadlarına dair şagirdlərin səs hüququ yoxdur, onlar prosesdən kənardadırlar. Məktəbdə təhsil prosesi zamanı unutduğumuz məqam odur ki, sinfə gələn uşaqlar hələ də inkişafı yaşayan bəşər övladlarıdır, bizim kimi adi insanlardır. Biz daha çox onlardan oxu, yazı, təbiət elmləri və digər fənlər üzrə akdemik nəticələr tələb edirik və uşaq olduqlarını unuduruq”.
Əsas ideya
Professor təhsildə təbliğ etdiyi əsas ideya barədə danışarkən məktəbləri bir həvəsləndirici, ilhamlandırıcı, uşaqların xoşbəxt olacağı yer, qayğı, nəvaziş məkanı kimi gördüyünü bildirib. Qonağın sözlərinə görə, uşaqlar məktəbdə müxtəlif emosiyalarla, stresslə üzləşirlər. Uşaqların 6-8 saat məktəbdə vaxt keçirməsini nəzərə alaraq onlara ailə mühiti yaratmaq, valideyn qayğısı göstərmək lazımdır. Şagirdlər özlərinə qarşı nəvaziş və qayğı hiss etməlidirlər. Xanım Karanxha vurğulayıb ki, müəllim, direktor, inzibatçı və s. statusları kənara qoyub birinci insan olmaq, sonra isə vəzifə və öhdəlikləri icra etmək lazımdır. Uşaqlar məktəbdə ədalətliliyin hökm sürdüyünü görməlidirlər.
ABŞ-də, xüsusilə Florida ştatında orta və yuxarı siniflərdə bir məktəbdə eyni vaxtda təqribən 3000-dən çox şagirdin təhsil aldığını diqqətə çatdıran professor belə məktəblərdə təhsil təmənnasız, ödənişsiz olsa da, məktəblərin xərcləri mümkün qədər azaltmağa çalışıdıqlarını bildirib. Bu zaman böyük sayda şagird kütləsinin ehtiyaclarını qarşılamaq məqsədilə bir çox dərs vəsaitləri standartlaşdırılır, ümumiləşdirilir. Standartlaşmanın isə fərdi yanaşmaya əks olduğunu qeyd edən qonaq fərqli şəkildə tədris prosesi qurulmalı və fərdi ehtiyacların nəzərə alınmalı olduğunu söyləyib. Professor bildirib: “Standartlaşdırılmış təhsil zamanı siz hamıya eyni yanaşırsınız. Bu zaman istedadlı şagirdlərə imtiyaz verirsiniz, digərləri isə öyrənmə üsulu fərqli olduğu üçün kənarda qalır. Bundan əlavə biz bütün şagirdləri standart şəkildə imtahan, test edirik. Bilirsiniz ki, ABŞ-da çoxvariantlı cavablar əsasında vahid test sistemi, yəni standart tədris və standart imtahan tətbiq olunur. Deyəcəksiniz ki, nə etmək olar? Biz bu yanaşmanı yenidən düşünməli, tərtib etməliyik ki, şagirdlərin fərdi ehtiyacları da nəzərə alınsın”.
Cəfər Mənsiminin “Təhsil prosesində hansı liderlik stilinə daha çox ehtiyac var?” sualını cavablandıran qonaq məktəb inzibatçılığında əsas prinsiplərdən birinin demokratik liderlik olduğunu vurğulayıb və şəxsən dəstəklədiyi liderlik üslubları arasında paylaşdırılmış, transformativ, sosial ədalət liderliklərini sadalayıb. Professor məktəbdə, təhsildə liderlik deyəndə doğru, dürüst, ədalətli və etik qərarların verilməsinin, insanların inamının qazanılmasının onun üçün başlıca prinsip olduğunu dilə gətirib: “Biz elə etməliyik ki, insanlar bizə etibar etsin, etimad göstərsinlər. Bizim dediyimiz əməlimizlə vəhdət təşkil etməlidir ki, insanlar bizim ardımızca getsinlər”.
“Gizli kurikulum”
Professor Karanxha “Gizli kurikulum” ətrafında apardığı tədqiqat mövzusuna toxunaraq formal kurikulum, hamıya bəlli olan dərsliklər, təhsil proqramları və rəsmi sənədlərdən fərqli olaraq bu və ya digər şəkildə ifadə və qeyd edilməyən, eyni zamanda dəyərlərdə, yanaşmalarda təbliğ və təşviq etdilən, sadəcə sezilə bilən qeyri-rəsmi kurikulum haqqıda danışıb. Bu səbəbdən ona “nəzərdən kənarda qalan kurikulum” deyildiyini diqqətə çatdırıb. Qonaq “Gizli kurikulum” dedikdə özünütənzimləmə, öz-özünü qiymətləndirmə məsələsinin də nəzərdə tutulduğunu diqqətə çatıdırb.
Gələcəyin məktəbini təsvir edən Zorka Karanxha şagird sayı 300-400-dən çox olmayan, həmyaşıdlarına, ətraf mühitə, heyvanlara, əşyalara, kitablara, özlərinə qarşı nəvaziş və qayğı, təəssübkeşlik öyrədilən, böyüklərə hörmət təbliğ edilən, şagirdlərə kim olduqlarını dərk etdirən, fərqli sosial təbəqədən gəldiyinə görə şagirdləri incidilməyən, uşaqların terapevtik ehtiyaclarını nəzərə alan bir təhsil müəssisəsi gördüyünü bildirib. O deyib: “Mən ideal məktəbin direktorunu lider xidmətçi kimi görürəm. Bir tərəfdən məktəb rəhbəri idarəedici lider olmalı, digər tərəfdən də şagirdlərə xidmət göstərməlidir. Direktor elə bir mühit yaratmalıdır ki, müəllimlər sevə-sevə işləsinlər, şagirdlər isə sevə-sevə təhsil alsınlar. Belə məktəbi ideal məktəb modeli kimi görürəm”.
Həyat dərsi
Professor həyatdan çıxardığı əsas dərslərin inadkarlıq, davamlılıq, məqsədyönlük olduğunu dilə gətirərək izləyiciləri böyük bir amal, məqsədlər qarşısında özlərini aciz hiss etməməyə, nəhəng məqsədi və amalı xırda hissələrə bölərək hər dəfə bir addım atmaqla məqsədə doğru irəliləməyə çağırıb. Bu yolda inadkarlıq, davamlılıq, məqsədyönlük və zəhmətin vacibliyini qeyd edib. “Uğura gedən yolda heç bir zaman digərlərini xərcləməyin. Sizin uğurunuz digərlərinin hesabına olmamalıdır. Qərar qəbul etdiyiniz, inadkarlıq göstərdiyiniz zaman digərlərini də nəzərə alın ki, sizin addımlarınız başqalarına ziyan gətirməsin”, - xanım Karanxha söyləyib.
Professor Karanxha qlobal miqyasda uğur qazanmaq istəyənlərə müxtəlif dəyərlərə, adət-ənənələrə həssas davranmağı, kritik düşüncəyə sahib olmağı tövsiyə edib. Qonağın sözlərinə görə, müxtəlif mədəniyyətlər, fərqli xalqlar mövcuddur, onların biri-birilə əlaqəsi fərqlidir. Bu səbəbdən xüsusilə qlobal mühitdə, iqtisadiyyatda həmin məqamları nəzərə almaq, digər tərəfdən yeni öyrənmələrə, insanların fikirlərinə açıq olmaq, bütün insanları şəxsiyyət kimi qəbul etmək lazımdır.
8 guşəli yeni çağırışlar
Proqramın ənənəvi “Təhsildə yeni çağırışları 8 guşəli ulduza bənzətsək, daha təhsilli gələcək üçün onun guşələri hansı çağırışlardan ibarət olar?” sualının cavabında Zorka Karanxha 8 təhsil ehtiyacını sadalayıb: “1.Tələbələrin biri-birilə mehriban, lətafətli davranması. Biz çox qütbləşmiş, pərakəndə dünyada yaşayırıq və bunun fonunda xeyirxah insanlara çox böyük ehtiyac var. Həmin ehtiyacı şagird və tələbələrimizlə formalaşdırmalıyıq. 2.Problem həll etmə bacarığı - çalışmalıyıq ki, təhsildə daha çox problemləri çözmə bacarığına sahib olan tələbələr yetişdirək. 3.Relevant, aktual, gündəmdə olan öyrənmə - biz gündəm təşkil edən məsələləri ön plana çəkməli, təhsilə gətirməliyik. 4.Kritik təfəkkür, düşüncə məsələsi. 5.İnklüzivlik məsələsi - bura ideya, müxtəlif öyrənmə tərzləri, üslub, gender inklüzivliyi, müxtəlif irqlər, bacarıqlar, sosial mənşəyə sahib olan insanlar və digər məsələlər daxildir. 6.Getdikcə daha çox sayda ədalət prinsipi əsasında fəaliyyət göstərən təşkilatların çoxluq təşkil etməsi. Xüsusilə müasir dünyada baş verən proseslərin nəzərə alınması. 7.Kreativlik- dünyada yayılmış geniş problemləri nəzərə alaraq bizə daha çox dünyanın üzləşdiyi problemləri həll edə biləcək və kreativlik potensialı olan insanlar lazımdır. 8.Qlobal funksionallıq - şagird və tələbələrdə lokal deyil, qlobal miqyasda bacarıqlarını gerçəkləşdirmək qabiliyyəti olmalıdır. Burada multikulturalizm, çoxmədəniyyətli mühitdə fəaliyyət göstərmək bacarığı da mütləqdir”.
Görüşün sonunda “T-Network”ün rəhbəri Cəfər Mənsimi dəyərli vaxtını ayırdığı və qiymətli fikirlərini bölüşdüyü üçün professor Zorka Karanxhaya təşəkkürünü bildirib.
Lamiyə ƏLİMƏRDANOVA
|
|
04.08.2023 | 16:09 | |
|
|
|